Bakının məhşur restoranına polis hücum etdi

Bakının məhşur restoranına polis hücum etdi
Загрузка...

Bu günlərdə Səbayel Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gecə rayon ərazisindəki “Xoxo lounge” restoranına gedərək onu bağlamağı tələb ediblər. Restorandan “Report”a verilən məlumata görə, polis əməkdaşları obyekt sahibindən pul tələb edib, daha sonra isə restoranın mühafizə xidmətinin rəisini həbs ediblər. 

 Səbəb maraqlı olub. Səbayel RPİ 39-cu polis bölməsinin əməkdaşları restoran sahibindən gecə saat 12-də işi dayandırmağı tələb edib, bunu da “qonşuların şikayət etməsi ilə” izah ediblər. Daha sonra isə restoran sahibinə guya “yazıqları gəlib”. Ona polislərə 2500 manat verəcəyi təqdirdə işləyə biləcəyini deyiblər. Bundan sonra polislərlə obyektin işçiləri arasında mübahisə yaranıb. Nəticədə restoranın mühafizə xidmətinin rəisi Bəhmən Məmmədov polis tərəfindən saxlanaraq 39-cu polis bölməsinə aparılıb. 39-cu polis bölməsindən B.Məmmədovun saxlanması faktını təsdiqləyiblər. Qeyd ediblər ki, o, sonradan sərbəst buraxılıb. Polis bölməsindən onu da bildiriblər ki, “qonşulardan şikayət olub, amma onlar polisə yazılı yox, şifahi şəkildə şikayət ediblər”. 

 Bölmədən polis əməkdaşlarının restorandan hər hansı məbləğdə rüşvət istənilməsi iddiasına da münasibət bildirilib: “Bölmənin heç bir əməkdaşı restoran sahibindən rüşvət tələb etməyib. Bu məlumat düzgün deyil”. 

 Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirilib ki, əgər sahibkardan rüşvət istənilməsi və əsassız müdaxilə halı varsa, o, DİN-ə müraciət edə bilər. Virtualaz.org saytı xatırladır ki, prezident İlham Əliyev məmurların və hüquq-mühafizə orqanları əməkdaşlarının biznes qurumlarının fəaliyyətinə kobud və qanunsuz müdaxiləsini, onlardan haqq almasını öz çıxışlarında dəfələrlə tənqid edib, bunu yolverilməz hal saydığını bəyan edib. Dövlət başçısı bu cür halları korrupsiyadan da betər olan reketçilik adlandırıb. MTN-in yüksək rütbəli məmurları ilə bağlı son proseslər də bir daha göstərir ki, ölkə rəhbərliyi bu cür qanunsuzluq hallarına qarşı sərt və qətiyyətli mübarizə aparmaq əzmindədir. Buna baxmayaraq güc strukturlarında qısa müddətdə varlanmaq istəyənlər hələ də tapılır.

Criminal.az

Xəbər lenti