Eldar Mahmudovun əmisi oğlu məhkəmə qarşısında

Eldar Mahmudovun əmisi oğlu məhkəmə qarşısında
Загрузка...
Zərərçəkənlər arasında Tağı Əhmədov da var
MTN hadisələrinə görə həbs edilənlərin sonuncusu keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov olub. O, əmisi oğlu nazir işlədiyi dövrdə onun köməkçisi vəzifəsində çalışıb. Keçmiş MTN generalların işi üzrə istintaqda və məhkəmədə dindirilən V.Mahmudov özü də sonradan həbs edilib. O, MTN ətrafındakı əməliyyatdan iki il sonra – 2017-ci ilin noyabrında saxlanılıb. İlyarımdır həbsdə olan V.Mahmudovun məhkəməsi başlayıb.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu iş üzrə 7 nəfər zərərçəkmiş var, onlardan biri də Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdur. T.Əhmədov məhkəməyə gəlməyib. Zərərçəkmişlərin hamısı MTN əməkdaşları tərəfindən saxlanılıb, hədə-qorxu ilə külli miqdarda pul alındığı iddia olunan şəxslərdir. Hazırlıq iclasında zərərçəkmişlərdən Zaur Əzimov 320 min, Sahib Qurbanov isə 100 min manatlıq məhkəmədə mülki iddia qaldırıb. Məhkəmə mülki iddiaları qəbul edib.
V.Mahmudovun vəkili onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və hökmə qədər ev dustaqlığına buraxılması, əmlaklar üzərindən həbsin götürülməsi barədə vəsatətlər qaldırıb. Vəkil bildirib ki, V.Mahmudova aid olmayan əmlakların üzərinə də həbs qoyulub. Məhkəmə V.Mahmudovun həbsdən buraxılması barədə vəsatəti təmin etməyib. Əmlaklarla bağlı vəsatət isə baxılmamış saxlanılıb. Mayın 15-də bu iş üzrə məhkəmə baxışı keçiriləcək.
V.Mahmudov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 182 (hədə-qorxu ilə tələb etmə), CM-in 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) və başqa maddələrilə ittiham edilir. V.Mahmudovun qardaşlarından İlham Mahmudov "Azərtürkbank” ASC-nin Bakı filialının müdiri olub. 2015-ci ilin noyabrına qədər bu vəzifədə işləyən İ.Mahmudov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və saxtakarlıqda ittiham edilərək, həbs olunmuşdu.
İttihamda yazılıb ki, o, qardaşlarının və onların həyat yoldaşlarının adlarına hesablar açıb, ora pullar köçürüb. Qardaşı İlqar Mahmudovun adına olan hesaba 10 min dollar, həyat yoldaşı Fatma Mahmudovanın adına olan hesaba isə 45 min avro pul qoyulub və bankdan faiz alınıb. Digər qardaşı Vüqar Mahmudovun həyat yoldaşı Nuranə Mahmudovanın adına olan 5 hesaba 103 min manat köçürülüb. İ.Mahmudovun etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə etdiyi bildirilir.
İttihamda yazılıb ki, N.Mahmudovanın adındakı başqa bir hesabda 1 milyon 500 min dollar pul olub. İ.Mahmudov qardaşının sürücüsü Nicat Məmmədovun adına hesab açıb. Qardaşının həyat yoldaşının hesabındakı pulu ora köçürüb, oradan da çıxarıb. İ.Mahmudov bir müddət həbsdə saxlandıqdan sonra Nəsimi Rayon Məhkəməsinin hökmüylə azadlığa buraxılmışdı. O, özünü təqsirli bilmir, heç bir cinayət törətmədiyini deyirdi. Onların digər qardaşı İlqar Mahmudov isə Səbail Rayon Polis İdarəsinin rəisi idi. E.Mahmudov vəzifəsindən çıxarılandan sonra o da ərizə yazaraq işdən çıxmışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti