Eldar Həsənovun qızı Mehriban Əliyevadan kömək istədi: "Atamı itirməkdən cox qorxuram"

Eldar Həsənovun qızı Mehriban Əliyevadan kömək istədi:
Azərbaycanın hazırda həbsdə olan sabiq Baş prokuroru Eldar Həsənovun qızı Səbinə Hüseynova atası üçün Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.  Criminal.az həmin müraciəti təqdim edir.
Müraciətdə deyilir: "Çox hörmətli Mehriban xanım! Bu müraciəti məhz sizə ünvanlamağım səbəbsiz deyil. Siz xalqımızın mənəvi dəyərlərinin hamisi adını ənənələrimizə sadiqliyiniz, hədsiz humanistliyiniz, böyük qəlbiniz sayəsində qazanmısınız və bizim Sizə olan sevgimizin səbəblərindən biri də budur. Ailə dəyərlərinə sayğınızla, milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətlərinizlə Siz hər birimiz üçün böyük nümunəsiniz. Sizin bu dəyərlər üzərindən ayrı-ayrı şəxslərə deyil, bütövlükdə xalqımıza göstərdiyiniz münasibət əslində xalqımızı böyük bir ailə kimi qiymətləndirməyinizin sübutu, müraciətlərinizi "Sizin Mehriban” olaraq imzalamağınız isə sözün bütöv mənasında Bizim Mehriban, Xalqın Mehribanı olduğunuzun təsdiqidir. Ona görə də Sizə Bizim Mehriban Xanım kimi müraciət edirəm!
Atam – keçmiş səfir Eldar Həsənovun hazırda istintaqı yekunlaşmaq üzrədir. Atam özünü qətiyyən təqsirkar saymır. O, daim dövlətimizə, xalqımıza və əlbəttə ki, cənab Prezident İlham Əliyevə sədaqətlə bağlı olub. Atam xarakter etibarilə sadiq, əqidəli şəxsdir və bizi də vətənə sevgi ilə tərbiyə edib. Hörmətli Mehriban Xanım! Məni ən çox narahat edən atamın səhhətidir. Onun sağlıq durumu getdikcə ağırlaşır. Mən atamı itirməkdən cox qorxuram. Atam səfir olduğu vaxt bir neçə dəfə ağır əməliyyat keçirib və ciddi həkim nəzarəti altında idi. Təəssüf ki, istintaq müddətində barəsində həbs qətimkan tədbirinin seçilməsi onun həkim nəzarətindən və qayğıdan kənarda qalmasına səbəb oldu, hazırda atam çox ağır vəziyyətdədir. Ayaqları tutulub, sərbəst gəzə bilmir, ağrıları dözülməzdir və həyatı üçün ciddi təhlükə yaranıb.
DTX təcridxanasında və hospitalında indiyədək 170 dəfədən artıq yıxılıb. Atam iyul ayinda çox ciddi əməliyyat keçirtdi. Onun müayinə və analizlərinin nəticələri qorxuncdur. Ona bədxassəli paroksizmal pozisyon vertiqo diaqnozu qoyulub. Bu barədə həkimlərin təsdiqlədiyi sənədlər, sübutlar var. Hər başgicəllənməsi onun sonuncu yıxılması ola bilər. Hər an onu itirə bilərik.
Vəkillərin bu yöndəki məlumatlarını hər dəfə böyük sarsıntı ilə qarşılayıram. Atamın vəkillərinin bildirdiyinə görə, 8 avqustda o, növbəti dəfə huşunu itirərək yıxılıb və xəsarətlər alıb. Ötən gün vəkilinin iştirakı ilə müstəntiqlə görüşə əlil arabasında gətirilib və DTX Hərbi Hospitalının həkimləri artıq onun çəliklə belə hərəkət etməsinin təhlükəli olduğunu bildirirlər. Bu xəbərlərin içərisində mənim və ailə üzvlərimin nələr çəkdiyini əminəm ki, anlayırsınız. Çünki Siz də bir övladsınız və atanıza olan sevginizlə də hamımıza örnəksiniz!
Razı olmayın ki, biz atamızı vaxtsız itirək və bu dəhşətli ağrı ilə ömrümüzün sonuna qədər yaşamalı olaq! Axı mənim atam qorxulu cinayətkar deyil. Bir alim, ziyalı, diplomat və hüquqşünasdır. Onun evində, övladlarının əhatəsində olması heç bir təhdid yaratmır. Sizdən dönə-dönə xahiş edirəm ki, atamın barəsində həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəzlənməsi, ev dustaqlığına buraxılması və müalicəsinin ailə üzvlərinin qayğısı və nəzarəti altında davam etdirilməsi üçün bizə yardım edəsiniz.
Əziz Mehriban xanım! Siz bu ölkədə çox ailələri sevindirmisiniz, çox insanların müalicəsini üstünüzə götürərək, onları həyata qaytarmısınız. Sizdən xahiş edirəm, mənim atamı da mənə qaytarın, onun istintaq müddətində ev dustaqlığına buraxılması və müalicə almasına yardım edin, atamı və bizim ailəmizi xilas edin!".
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb. Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: "Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.

Xəbər lenti