Eldar Həsənovun iş otağından tapılan Ermənistana silah satışı barədə sənədlər hanı?

Eldar Həsənovun iş otağından tapılan Ermənistana silah satışı barədə sənədlər hanı?
"Bir Azərbaycan övladı kimi mümkün olan və olmayan işləri görmüşəm”
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov 2020-ci il avqustun 13-də Bakıda DTX əməkdaşları tərəfindən saxlandığı gün Belqaradda səfirlik binasında axtarış aparılıb. Eldar Həsənovun otağından bir sıra sənədlər götürülüb ki, onların arasında Serbiyadan Ermənistana silah satışı, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyində aparılan araşdırmalar da olub.
Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Həsənovun işi üzrə məhkəmə iclasında sabiq səfirin vəkili Cavad Cavadov müvəkkilinə bu barədə suallar ünvanlayıb: "Səfirlikdəki axtarış protokollarından görünür ki, orada sizə məxsus imza faksimili, Ermənistanın Serbiyadan silah alması haqda Azərbaycan və Serbiya mətbuatında dərc olunmuş məqalələrin kserosurətləri, bununla bağlı Xarici İşlər Nazirliyində aparılan araşdırmalara dair sənədlər aşkarlanıb. Amma səfirlikdən götürülmüş həmin materiallar cinayət işinin materiallarına əlavə olunmayıb. Bu barədə nə deyə bilərsiniz?”
Prokuror dərhal bu suala etiraz edib, məhkəmədə baxılan cinayət işinə aidiyyəti olmadığını vurğulayıb. Hakim Əfqan Hacıyev də deyib ki, vəkilin sualı çıxarılır, ona cavab verməyə ehtiyac yoxdur. Eldar Həsənov dövlətlərarası münasibətlərə xələl gəlməməsi üçün bu barədə danışmaq istəməyib: "Bu məsələ dövlətlərarası xarakter daşıyır. Protokolda yazıblar, amma ittihamda bu məsələyə toxunmayıblar. Bu məsələ ilə əlaqədar yalnız onu deyə bilərəm ki, bir Azərbaycan övladı kimi, üzərimə düşən vəzifəni, mümkün olan və olmayan işləri görmüşəm. Mən dövləti məlumatlandırmışam ki, filan ölkənin sifarişilə filan yerdən filan şeylər gedir. Bu da işin içində var”.
Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları səfirin evinin qapısını sındırıb Vəkil Cavad Cavadov onu da bildirib ki, Eldar Həsənov saxlandığı gün onun Serbiyanın paytaxtı Belqradda kirayə qaldığı evin qapısı sındırılıb:
"Azərbaycanın hüquq-mühafizə orqanları Serbiyaya gedib, orada əməliyyat-axtarış fəaliyyəti həyata keçiriblər. Səfirliyi başa düşdük, Azərbaycan ərazisi sayılır. DTX əməkdaşları Belqradda Eldar Həsənovun kirayə yaşadığı evdə də axtarış aparıblar. Həmin vaxt mənzil bağlı olduğuna görə qapını sındırıblar. Evin sahibi bundan narazılıq edib. Bizdə olan məlumata görə, hətta mülkiyyətçi baş verənlərlə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib”.
Yenə də prokuror etiraz edərək, bu məsələnin məhkəmədə baxılan cinayət işinə aidiyyəti olmadığını deyib. Bu da tərəflər arasında mübahisəyə səbəb olub. "Bunlar iş materiallarında onsuz da var. Bu məsələlərin araşdırılmasından niyə narahatsız?”, – vəkil dövlət ittihamçısına deyib.
Eldar Həsənov Bakıda həbs olunduğu gün Belqradda yaşadığı evin qapısının sındırıldığını təsdiqləyib: "Dördmərtəbəli binanın ikinci mərtəbəsində, dördotaqlı evdə kirayə qalırdım. O mənzilin qapısı sındırılıb. Deməzdim ki, o davranış DTX əməkdaşlarının təşəbbüsü olub. Bildiyim qədər, orada qapını sındırıb-sındırmamaq barədə müzakirə də olub. Məndə olan məlumata görə, qapının sındırılması Xarici İşlər Nazirliyinin orada olan nümayəndəsinin təşəbbüsü olub. Qapı sındırılıb. Mülkiyyət sahibi təxminən 20 gün sonra yerli hüquq-mühafizə orqanlarına şikayət edib. Halbuki, orada o ölkənin qanunvericiliyinə uyğun hərəkət edilməliydi. Kobud qanun pozuntusuna yol verərək qapını sındırıblar. Baxış adı altında mənzildə qanunsuz axtarış aparılıb. Protokoldan da bu görünür. Aydındır ki, mən həmin vaxt artıq saxlandığıma görə özüm iştirak etməmişəm. Ailə üzvlərim də olmayıb. Səfirliyin səlahiyyətli şəxsinin iştirakı mütləq idi. Çünki səfirin qaldığı yer iqamətgah sayılır. Səfirliyin səlahiyyətli nümayəndəsinin də iştirakı olmayıb. Dediyim kimi, ən kobud pozuntu isə qapının sındırılması olub. Bununla bağlı da Belqrad hüquq-muhafizə orqanlarında araşdırma gedir”.
Vəkil Cavad Cavadov vəsatət qaldırıb ki, 13 avqust 2020-ci ildə səfirlikdə axtarış zamanı götürülmüş Ermənistana silah satılması ilə bağlı sənədlər və məqalələr prokurorluqdan tələb olunub alınsın, cinayət işinin materiallarına əlavə olunsun və məhkəmədə araşdırılsın. Vəkilin sözlərinə görə, həmin sənədlər maddi sübut kimi götürülüb və müdafiəçilərin onlarla tanış olmaq hüququ var. Eldar Həsənova münasibətdə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozulduğunu vurğulayan vəkil bildirib ki, onun həbsi ittihamda yazıldığı kimi yox, başqa məqsədlə həyata keçirilib.
Müdafiəçi deyir ki, Eldar Həsənovun işi üzrə istintaq dövründə Azərbaycandan onun indiyədək səfir işlədiyi dörd ölkəyə sorğular göndərilib, prokurorluq əməkdaşları gedib orada dindirmələr aparıb. Amma Eldar Həsənova qarşı heç bir fakt ələ olunmayıb: "Eldar Həsənova verilən ittihamlar məhkəmədə tamamilə çökdü. Heç bir dəlil-sübut ortaya qoyulmadı. Əgər siz bizim vəsatətləri təmin etsəydiniz, ittiham tərəfi üçün daha acınacaqlı vəziyyət yaranacaqdı. 5 ölkənin prokurorlugunda istintaq aparılıb, heç birində Eldar Həsənovun əleyhinə bircə sübut da tapılmayıb.
Eldar Həsənovun səfir işlədiyi 4 ölkənin 40 milyona yaxın əhalisi var. Bu qədər insanın arasında bir nəfər tapılmadı desin ki, Eldar Həsənova bir manat da pul vermişəm, yaxud məndən istəyib. Məhkəmədə dindirilən şahidlər də Eldar Həsənovun əleyhinə ifadə vermədilər. Hətta bəziləri istintaqdakı ifadələrdə yazılan fikirlərin onlara məxsus olmadığını, müstəntiqin özündən əlavə etdiyini bildirirdi. İttihamla bağlı sənədlərin heç birində Eldar Həsənovun imzası yoxdur. Yerli və beynəlxalq monitorinq qrupları tərəfindən Eldar Həsənovun ailə üzvləri və digər yaxınları ilə bağlı maliyyə monitorinqləri aparılıb. Heç bir qanunsuz əməliyyat aşkarlanmayıb”.
Cavad Cavadov deyib ki, Eldar Həsənovun nəinki ailə üzvləri, onunla ümumi tanışlıq əlaqəsi olanların, hətta tanımadığı 16 nəfərin də evində məhkəmə qərarı olmadan qanunsuz axtarış aparılıb. O adamlardan "axtarışa etiraz etmirəm” məzmununda ərizə alınaraq, bu proses rəsmiləşdirilib: "Biabırçılıqdır, adamın evində, iş yerində axtarış aparırlar, hər dəfə də yazdırırlar ki, "etiraz etmirəm”. Aydın məsələdir ki, heç kim bunu könüllü etməyib. Bütün bunlar tələsik aparılıb. Nəsə axtarırdılar, amma heç nə tapa bilmədilər. Eldar Həsənov özü də Baş Prokurorluğun onunla bağlı yaydığı məlumata cavab olaraq açıqlamasında həbsinin əsas səbəbinin nədən ibarət olduğunu bildirmişdi”. Vəkil sabiq səfirin təqsirsiz olduğunu vurğulayaraq, onun barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Eldar Həsənovun yaxınları barədə xaricdən alınmış məlumatlarda nə var? Digər vəkil Valeh Mehrəliyev isə Eldar Həsənovun ailə üzvləri və yaxınlarıyla bağlı 5 ölkəyə göndərilmiş sorğulara alınan cavabların, o ölkələrdə istintaqın nəticələrinin prokurorluqdan alınıb, iş materiallarına əlavə edilməsi barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, Eldar Həsənovun səfir işlədiyi 4 ölkə ilə yanaşı, ailə üzvlərinin yaşadığı Türkiyəyə də sorğular göndərilib. Lakin onların əleyhinə, qanunsuz hərəkət sayılacaq heç bir fakt tapılmayıb.
Prokurorluq o ölkələrdə araşdırmaların nəticələri barədə məktublar alsa da, onları iş materiallarına əlavə etməyib: "Beynəlxalq tapşırıq əsasında xarici ölkələrdən əldə olunmuş sənədlər iş materiallarına əlavə olunmayıb. Onlar prokurorluqda ayrıca otaqda saxlanılır. Bu 5 ölkədə 5 aya yaxın müddətdə ifadələr alınmaqla, başqa sənədlərlə ətraflı araşdırma aparılıb. "İnterpol”un həmin ölkələrdə olan bürolarına sorğular göndərilib. Eldar Həsənovun nəinki özü və ailə üzvlərinin, bütün nəslinin bank əməliyyatları ilə bağlı ciddi araşdırma gedib.
Bu ölkələrə təxminən 50 sual göndərilib, alınan cavabların çox cüzi hissəsi iş materiallarına əlavə olunub. O cavablar Eldar Həsənovun xeyrinə olduğuna görə gizlədilib. Halbuki, onlar Eldar Həsənovun təqsirsizliyinə dəlalət edən sübutlardır. Məhkəmənin də vəzifəsidir ki, şəxsin təqsirsizliyinə dəlalət edən ərizə və vəsatətləri təmin etsin. Biz də xahiş edirik ki, o materiallar prokurorluqdan alınsın”. "5 ölkəyə nəslimdən 38 nəfərlə bağlı 52 sual göndərilib”
Eldar Həsənov özü də vəkillərilə razılaşıb. O bildirib ki, təxminən 5 aya yaxın xarici ölkələrdə onun bütün nəsli ilə bağlı araşdırma aparılıb: "Azərbaycandan bütün şəcərəmi əhatə edən 38 nəfərlə bağlı 52 sual göndəriblər. Elə ölkə var ki, oradakı istintaqda 4 prokuror iştirak edib. O suallara cavablar necə gəlibsə, o şəkildə də iş materiallarına əlavə olunmalıdır. Beynəlxalq Maliyyə Kəşfiyyatına sorğular göndərilib. O sorğulara 68 səhifədən ibarət hesabat şəklində cavab gəlib. Özümün və nəslimdəki 38 nəfərin bank və maliyyə əməliyyatlarıyla bağlı bircə qanunsuzluq aşkarlanmayıb. Sorğuları iş materiallarına əlavə ediblər, amma gələn cavabları yox”. Sabiq səfir də o sənədlərin prokurorluqdan alınıb, iş materiallarına əlavə olunması haqda vəkillərinin vəsatətini müdafiə edib. Lakin məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib. Sabiq səfirin işi üzrə məhkəmə prosesi dekabrın 23-də əcnəbi şahidlərin ifadələrilə davam edəcək. Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: "Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Xəbər lenti