Ekspertlər: Türkiyə hərbçiləri ermənilərin Rusiya sülhməramlıları ilə sövdələşməsinin qarşısını alacaq

Ekspertlər: Türkiyə hərbçiləri ermənilərin Rusiya sülhməramlıları ilə sövdələşməsinin qarşısını alacaq
Bu gün, noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi (parlamenti) Türkiyə ordusunun hərbi qulluqçularının Azərbaycana göndərilməsi barədə dünənki qərarın ratifikasiyasını müzakirə edəcək, - Milli Məclisin deputatı Arzu Nağıyev (politoloq, TREND Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini) Turan-a bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə müvafiq fərman layihəsi bazar ertəsi parlamentin təsdiqinə təqdim edilib. Sənədin mətnində üç ölkə rəhbərinin Dağlıq Qarabağa dair birgə bəyanatına, həmçinin atəşkəs rejiminin monitorinqi ilə bağlı Türkiyə və RF birgə Mərkəzinin yaradılması üzrə rəsmi Bakının tələbinə diqqət yetirilir.
"Türk hərbçiləri gəldiyində Mərkəzin yeri Azərbaycan tərəfindən müəyyənləşdiriləcək, çünki Qarabağın azad edilmiş rayonları Azərbaycan ərazisidir. Azərbaycanda türk hərbi qulluqçuların fəaliyyətinin hüquqi əsası Türkiyə parlamentinin qərarı, qarşılıqlı yardım haqqında 16 avqust 2020-ci il tarixli Azərbaycan-Türkiyə sazişi və üç prezidentin birgə bəyanatıdır. Bu sənədin beşinci bəndində atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəzin yaradılmasından danışılır”, - deputat A.Nağıyev açıqlama verib.
   Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti bir ildir ki, bu, Türkiyə Konstitusiyasının 92-ci bəndinin tələbidir. Sülhməramlı Mərkəzdə Türkiyə hərbçilərinin sayı Qarabağdakı rusiyalı sülhməramlıların sayından (1960 nəfər) az olmamalıdır, - A. Nağıyev əlavə edib.
Yaradılan Mərkəzdə hərbçilər, zərurət yarandıqda isə mülki mütəxəssislər fəaliyyət göstərəcəklər, - Türkiyə KİV yazır. Qarabağı tərk etmək istəməyən erməni yaraqlıların və ya Ermənistanın işğalçı korpusunun bölmələrinin zərərsizləşdirilməsində hər iki ölkə sülhməramlılarının və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı barədə sualın cavabında A.Nağıyev bildirib ki, Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə fəaliyyət təcrübəsinə malikdir. Üçtərəfli bəyanatın qərarlarının icrası üzrə hərbi əməliyyatlara Azərbaycan SQ cəlb edilməyəcək, ekspert əlavə edib. O daxil olan son məlumatları açıqlayıb: Qarabağdan çıxan erməni hərbçilər öz postlarını və orada buraxılan silahları partladırlar.
Erməni və Rusiya hərbçiləri arasında silahlı toqquşma barədə yoxlanılmamış, bəlkə də saxta olan xəbərlər var, Rusiya tərəfindən xəsarət alanların sayı göstərilir. Milli Məclisin deputatı Razi Nurullayev bir qədər başqa cür düşünür. O, "Azadlıq” radiosuna deyib ki, əgər 1 dekabr 2020-ci il tarixindən sonra erməni hərbçilər Qarabağda qalsalar və üçtərəfli bəyanatın bütün şərtlərini yerinə yetirməsələr, o zaman Azərbaycan Ordusu işğalçılara qarşı hərbi əməliyyatları bərpa edəcək. R.Nurullayevin fikrincə, türkiyəli hərbi mütəxəssislər planlaşdırılmış prosesi pozmaq məqsədilə hazırlanan erməni təxribatlarına yol verməməkdən ötrü üçtərəfli bəyanatın icrasına nəzarət etmək üçün Azərbaycana gəlirlər.
"Hazırda ermənilər Rusiyaya və ATƏT-in Minsk Qrupuna təzyiq göstərirlər və bildirirlər ki, onlara qarşı irəli sürülmüş tələblər alçaldıcıdır və icrası ağırdır. Ermənilərin bu sənədlə bağlı konkret tələbləri mənə məlum deyil. Ermənistanda hakimiyyət dəyişə bilər, dünən bu ölkənin prezidenti baş nazir N.Paşinyanın istefasını tələb edib. Hakimiyyət Milli Birlik Komitəsinə keçə bilər və o, dərhal üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi üzrə məsuliyyətin öz üzərindən götürüləcəyini bəyan edəcək. Belə vəziyyətdə ermənilərin rus sülhməramlıları ilə sövdələşməsinə yol verməmək üçün türk hərbçilər Azərbaycana gəlir”, - R. Nurullayev deyib.
"Türkiyəli hərbçilər erməni ordusunun çıxarılması prosesində sabitləşdirici rol oynayır. Azərbaycan Kəlbəcərdən çıxma müddətini 10 gün (noyabrın 25-dək) uzatdıqdan sonra erməni hərbçilərin üç rayondan (Laçın, Ağdam, Kəlbəcər) yekun çıxma müddətini daha uzatmağa razı olmayacaq. Ermənilərə ikinci güzəşt Azərbaycana zərər verəcək”, - deputat R. Nurullayev bildirib.

Xəbər lenti