"Ekspertizanın rəyi tam əsassızdır, rəydən də görünür ki, Məlahət Qurbanova lombardın müdiri və sahibidir"

Загрузка...
Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenə həbs təhlükəsi ilə üzləşib. Ağdam Rayon Məhkəməsində "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanovanın iddiası üzrə məhkəmə prosesi bərpa olunur. Proses iyunun 16-na təyin edilib.
İddianın səbəbi iki məqalədir:
Məqalələrdə Qurbanova ilə keçmiş əmək naziri Füzuli Ələkbərov arasında qeyri-yaşayış sahəsinə görə çəkişmədən söhbət gedir. M.Qurbanova iddia edir ki, lombardla məşğul olmur və jurnalisti keçmiş nazirin maraqlarını müdafiə etməkdə ittiham edir. O, jurnalistin CM-in 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir. Yanvar ayında ekspertizanın təyin edilməsi və "Lombard Məlahət” ifadəsində təhqirin olub-olmamasının aydınlaşdırılması ilə əlaqədar proses qeyri-müəyyən müddətə təxirə salınıb. Bir neçə gün əvvəl ekspertizanın rəyi məlum olub. 

Ekspertiza qeyd edib ki, sözün lüğəti izahına görə "Lombard" sözü təhqiramiz məna ifadə etmir. Lakin M.Qurbanova cəmiyyətdə, kollektivdə, onu tanıyan şəxslər arasında "Lombard Məlahət" ayaması ilə tanınmırsa, kütləvi yayımlarda belə bir adla indiyədək təqdim edilməyibsə və bu ayama Criminal.az saytında bilə-bilə, qəsdən işlədilibsə, onda məqsədyönlü şəkildə M.Qurbanovanın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilə bilər.  
Tanınmış vəkil Cavad Cavadov Criminal.az-a açıqlamasında bildirib ki, ekspertiza rəyi ilə tanış olduqdan sonra onun tam əsassız olması və ekspert rəyinin xüsusi bilik tələb edən həddini aşması açıq-aşkar sezilir və hüquqi qiymətləndirmə aparılıbdır. Ekspert məqalədə getmiş məlumatların birbaşa qəsdlə əlaqələndirilməsi ilə bağlı nəticələr irəli sürüb və bu sırf hüquqi məsələdir.
Belə ki, ekspertiza "Lombard Məlahət” ifadəsinin nalayiq formada şərəf və ləyaqətin alçaldılması nəticəsinə gəlir. Bu tamamilə əsassızdır. Ekspertiza rəyindən də görünür ki, Məlahət Qurbanova 1987-ci ildən 1 saylı lombardın müdiri və sahibidir. Uzun müddət müəyyən fəlayyətlə məşğul olan insanlara onların peşələrinə uyğun adlar verilir. Misal üçün "Yun Vəli” (yun alveri ilə məşğul olan), "Qızıl Məryəm” və s. adları verilir. El arasında vəzifəli şəxslərə Baş Bankir, Fövqəl nazir və s. adlar qoyulur. 

C.Cavadov qeyd edib ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən jurnalistin mövzunu bir az şişirtmək, hətta provokativ həddə çatdırmaq hüququ vardır. Birmənalı olaraq "Lombard Məlahət” ifadəsi nalayiq formada işlədilən ifadə deyil. Nalayiq ədəbsiz formada deyilən ifadələrə aiddir. Lombard sözü ədəbsiz söz hesab edilmir. İndi insanların adlari ilə bağlı və necə tanınmaları ilə bağlı məlumatıar telefon nömrə proqramlarında əks olunur.
A.Məmmədov ekspertlərin rəyi ilə razılaşmayıb və kimsəyə böhtan atmadığını, heç kimi təhqir etmədiyini bildirib. 

Media sahəsində ekspert Xalid Ağəliyev, ümumiyyətlə, mediaya, jurnalistlərə ictimai müzakirələr kontekstindəki yazılarına görə cinayət məsuliyyəti tələb edilməsinin həm ölkənin imicinə mənfi çalarlar qatdığını, həm də ifadə azadlığı hüququ ilə qanunvericiliyə uyğun olmadığını vurğulayıb.
"Ümumən, belə işlərdə gecikmədən mütərəqqi məhkəmə təcrübəsi formalaşdırılmalıdır. Artıq Azərbaycanla bağlı bir neçə işdə Avropa məhkəməsi "jurnalisti yazısına görə cinayət məsuliyyətinə cəlb etmək olmaz” yanaşmasını ifadə edib. Həmin qərarlar tələb edir ki, bu pis təcrübə tamamilə aradan qaldırılsın. Məhkəmələrin əlində ekspert rəyinə ehtiyac duymadan belə şikayətləri dərhal geri çevirmək üçün kifayət qədər qanunvericilik alətləri var. Məhkəmələrimiz həm yerli qanunlara, nadir olsa da bəzi yerli məhkəmə qərarlarına, Avropa məhkəməsinin present hüququna istinad edə bilər. Qanuni fəaliyyət növünün adının doğrudan da bu fəaliyyətlə məşğul olan fərdə xitabən işlədilməsinin cinayət hüquqi kontekstdə mübahisələndirilmnəsi gülüncdür”.
Müdafiə tərəfi iddianı əsassız hesab edir, çünki materiallarda diffamasiya əlamətləri yoxdur. Başlıqda sahibkarın fəaliyyət sahəsi göstərilib və bu, onun müəssisəsinin adında qeydə alınıb. Nəhayət, jurnalistin diffamasiya üzrə cinayət məsuliyyətinə cəlb edilməsi Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa məhkəməsinin qərarlarına ziddir.
Qeyd edək ki, məhkəmə A.Məmmədovu təqsirli bilərsə, onu iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir və üstəlik, hazırda şərti olaraq çəkdiyi 5,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası. Bu cəzanı o 2018-ci ildə Gəncənin keçmiş rəhbəri Elmar Vəliyevə sui-qəsdlə bağlı criminal .az saytında dərc edilən yazılarla əlaqədar səlahiyyət və vəzifə saxtakarlığında, dövlət əleyhinə çağırışlarda ittiham edilərək alıb. A.Məmmədovun barəsində hökmü bir sıra beynəlxalq jurnalist təşkilatları, həmçinin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir pisləyiblər.

Xəbər lenti