Eks-kürəkəni Rəhim Qazıyevin qapısını sındırıb

Eks-kürəkəni Rəhim Qazıyevin qapısını sındırıb
 Keçmiş Müdafiə naziri Rəhim Qazıyevin qızı Şəbnəm əri tərəfindən təhdid olunur. Bu barədə jurnalist Əvəz Zeynallı məlumat paylaşıb. O bildirib ki, Şəbnəm əri Ramil Əzizovdan ayrılıb və bundan sonra Ramil Şəbnəmi və R.Qazıyevin digər ailə üzvlərini narahat etməyə başlayıb. R.Əzizov Şəbnəmin qonşularını, iş yoldaşını da hədələməyə başlayıb.
Daha sonra R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib və bu anlar təhlükəsizlik kamerasında qeydə alınıb. Polisə müraciət edildikdən sonra R.Əzizov saxlanılsa da, qısa müddət ərzində sərbəst buraxılıb. R.Əzizov bunun ardınca Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. Bu dəfə də 102-yə şikayət edildikdən sonra saxlanılan Əzizov yenə azadlığa buraxılıb.
Əvəz Zeynallı qeyd edir ki, Şəbnəm Əzizova onunla söhbətində "Heç nəyini istəmirəm, bircə məndən əl çəksin. Qorxuram, addım ata bilmirəm. Az qalıram, 2 uşağımı da, özümü də zəhərləyib öldürəm”,- deyib. Ə.Zeynallı bu hadisə ilə bağlı polisin hərəkətsizliyindən narahat olduqlarını bildirib.
++++
"Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib. Sosial şəbəklərdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır”. Bakı şəhər BPİ Mətbuat Xidmətindən Criminal.az-a verilən məlumata görə, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də 102 Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.
Həmin müraciət üzrə Yasamal RPİ 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib.
Yasamal RPİ 28-ci Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

Xəbər lenti