Ehtiyac üzündən böyrəyini satmaq istədi, amma alınmadı

Ehtiyac üzündən böyrəyini satmaq istədi, amma alınmadı
Загрузка...
«Şəxsiyyət vəsiqəmdə qan qrupum +1 göstərilib, ancaq müayinədə üzə çıxdı ki, belə deyilmiş, +3-müş. O üzdən bu iş alınmadı...», - böyrəyini satmaq istəyən Fərid Qocayevin sözləridir.
Dediyinə görə, maddi çətinlik üzündən, bir də daha öncə bibisi oğlu Zaur Tağıyev də öz böyrəyini satdığından bu addımı atmaq istəyib. Düşünüb ki, o da bu yolla bəzi problemlərini çözə bilər. F.Qocayevi iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindiriblər. Orada böyrək alverində suçlanan taksi sürücüsü Vahib Xudadatov hakim önünə çıxarılıb. Bu şəxs istər Fərid, istərsə bibisi oğlu Zaurla onların böyrəyini almaq istəyən xəstələr arasında vasitəçi olub. Cinayət işində 30-dək böyrək alqı-satqısından söz açılır.
«10 min manata satmağa razılaşmışdım»
Fərid ifadəsində göstərib ki, böyrəyini 10 min manata satmağa razılaşıb. Müayinə üçün öncə Vahiblə birlikdə Bakıdakı «Elmed» klinikasına gedərək, orada qan analizi verib. Ardınca birbaşa pasport almağa gediblər.
Fərid bildirib ki, Vahib 160 manat verib, bir günə ona pasport alıb. İki gün sonra böyrəyini satmaq istəyən Ceyhun adlı başqa bir oğlanla birlikdə İrana gediblər:
«Bizi Vahib taksi ilə göndərdi. Ora çatanda gördük ki, özü də bir qadın və oğlu, bir nəfər də nisbətən yaşlı kişi ilə birlikdə gəldi. Mənim böyrəyim qadının oğluna, Ceyhunun böyrəyi isə həmin yaşlı kişiyə köçürülməliydi».
Fərid deyir ki, onları müayinə edən iranlı həkim Mohsen Tahiri gələcəklərini öncədən bilirdi. Onları növbəsiz qəbul edib. Həm də V.Xudadatovla həkim arasındakı söhbətlərdən onların bir-birini çoxdan tanıdığını, yaxşı münasibətləri olduğunu anlayıb. Müayinələrdən sonra ona qan qrupuna görə, Ceyhuna isə səhhətindəki başqa bir problemlə bağlı donor ola bilməyəcəklərini deyiblər: «Böyrəyimi pulsuzluqdan satmaq istəyirdim, o da belə oldu...».
​ Xatırlatma
Böyrək alverində suçlanaraq məhkəmə önünə çıxarılan V.Xudadatovu ötən ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs ediblər. Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcburetmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işində 27 zərərçəkmiş var. Onların hamısı böyrəyini satmış və ya satmaq istəyən şəxslərdir. Bütün orqan köçürmələrində İrana və daha sonra Gürcüstana (yaxud Tacikistana) yol, otel xərclərinin hamısını donor qarşılayıb.
Hər iki tərəf – istər böyrəyini satan, istərsə böyrəyi alan şəxs vasitəçiliyə görə V.Xudadatova da ayrıca pul verib. Hər əməliyyata görə iranlı həkim M.Tahiriyə 10 min, transplantasiya aparılan xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir. Bu böyrək köçürmələriylə bağlı Gürcüstanda fəaliyyət göstərən «Lancet» tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb. F.Ceyranlı hazırda Gürcüstanda həbsdədir.
Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) maddələri ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrə dəyişib. F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O bunu Azərbaycan müxalifətinə yaxınlığıyla əsaslandırıb. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib. V.Xudadatov özünü təqsirli bilmir və kimsəni öz orqanını satmağa məcbur etmədiyini deyir. Məhkəmədə dindirilən zərərçəkmişlərin bir neçəsi də onları kimsənin məcbur etmədiyini, maddi ehtiyac üzündən böyrəklərini könüllü satdıqlarını bildirib.
Загрузка...
Загрузка...

Xəbər lenti