"Əgər siz də mənim cinayət törətdiyimi düşünürsünüzsə, onda haqqımda həbs qərarı çıxarın"

Загрузка...
Criminal.az saytının təsisçisi və baş redaktoru Anar Məmmədovun 5 il 6 aylıq cəzası 3 ay azaldılıb. Fevralın 25-də Ali Məhkəmədə Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.
A.Məmmədov 2018-ci ildə Gəncədə sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi güllələnəndən sonra saytda bu barədə yayımlanan yazılara görə məhkum edilib.
O, Gəncə olayları haqda məqalələrə görə CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma-ağır nəticələrə səbəb olduqda) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 5 il 6 ay şərti cəza verilib.
Ali Məhkəmədə A.Məmmədov deyib ki, onun haqqındakı hökm qanunsuz və əsassızdır. Jurnalistin sözlərinə görə, onu üç qadının saxta ifadələri əsasında məhkum ediblər. İddia olunur ki, həmin qadınlar criminal.az saytında Gəncə hadisələri haqda məqalələri oxuyandan sonra narahatlıq keçiriblər, buna görə ayrı-ayrılıqda prokurorluğa şikayət ediblər.
«Əgər siz də mənim cinayət törətdiyimi düşünürsünüzsə, onda haqqımda həbs qərarı çıxarın. Əgər baş verənlər haqda yazmaq cinayətdirsə, mən bu cinayəti hər gün törədirəm», - A.Məmmədov bildirib.
Hakimlər qısa müşavirədən sonra hökmün dəyişdirildiyini elan edib. Yeni hökmə əsasən, A.Məmmədova CM-in 309.2 maddəsi ilə verilən ittiham 309.1-ə tövsif olunub. Yəni, vəzifə səlahiyyətlərini aşma ittihamı ağır nəticəyə səbəb olma hissəsində yüngülləşdirilib.
A.Məmmədov AzadlıqRadiosuna bildirib ki, günahsızdır və bu qərar da onu qane etmir. Ona görə də Avropa Məhkəməsinə şikayət edəcək.

Xəbər lenti