Əfqan Muxtarlının gözündə ağrılar əmələ gəlib

Əfqan Muxtarlının gözündə ağrılar əmələ gəlib
Загрузка...
 ''Müayinələrin rəsmi nəticələrini dövlət sirri kimi gizlədirlər''
Ötən il 6 il azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlının gözlərində bərk ağrılar əmələ gəlib. Bu barədə jurnalistin xanımı Leyla Mustafayeva aprelin 22-də məlumat yayıb. Leyla Mustafayeva Əfqan Muxtarlının onunla telefon əlaqəsi saxladığını bildirib.
Onun sözlərinə görə, məhbus jurnalist uroloji müayinədən keçməlidir: "Penitensiar Xidmət nə ilə məşğuldur? İndiyədək olunan müayinələrin rəsmi nəticələri haqda əlimizdə bir sənəd də yoxdur. Dövlət sirri kimi gizlədirlər. Adamın sağlamlığı ilə bağlı xeyli problemləri var. Əfqanın şəkəri və təzyiqi var. Şəkərlə bağlı hələ də Gürcüstandakı həkiminin yazdığı dərmanları qəbul edir”. Leyla Mustafayeva Əfqan Muxtarlının səhhətində yaranan problemlərə görə hökumətin məsuliyyət daşıdığını qeyd edib.
Əfqan Muxtarlının vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, jurnalistin müayinələrinə başlanması üçün Penitensiar Xidmətə müraciət edəcəklər: "Əfqan Muxtarlının indiyədək olan müayinələrinin nəticələri üçün dəfələrlə Penitensiar Xidmətə müraciət etmişik, lakin hər dəfə bizə ya müayinə olunub, hər şey qaydasındadır deyiblər, ya da həkim müayinə edib, müalicəsi aparılır deyilib. Həm də jurnalist öz hesabına müayinə almaq istədiyini dəfələrlə Penitensiar Xidmətə bildirsə də, imkan yaradılmayıb”.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov Turan Agentliyinə Əfqan Muxtarlının səhhətinin nəzarətdə saxlanıldığını xatırladıb: "Ona həkimlər dəfələrlə baxıb. Gözündə ağrılara gəldikdə, müraciət daxil olsa idi, məndə məlumat olardı. Aydınlaşdırarıq. Bizdə göz həkimi var, bəlkə planlaşdırılır”.
İ.Qurbanov məhbusun öz hesabına müayinəsi barədə suala belə cavab verib: "Məhbusun ailəsi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edə bilər. Əgər idarə kənardan həkim gətirilməsini məqbul hesab etsə, o zaman Penitensiar Xidmətin bu məsələni tənzimləməklə bağlı problemi yoxdur”. Əfqan Muxtarlı ötən ilin 12 yanvarında 6 il azadlıqdan məhrum edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti