Əfqan Muxtarlı: “Jurnalist araşdırmalarını davam etdirəcəyəm”

Əfqan Muxtarlı: “Jurnalist araşdırmalarını davam etdirəcəyəm”
Загрузка...
Azərbaycanda həbsdən azad edilən jurnalist Əfqan Muxtarlı martın 18-də Bakı vaxtı ilə gecə saat 1-ə yaxın Berlinə yola düşüb, orada onu ailə üzvləri və bir qrup azərbaycanlı fəal qarşılayıb. O azad edilməsinin bəzi təfərrüatlarını Turan-ın müxbirinə danışıb.
Ə.Muxtarlının sözlərinə görə, onun azad edilməsi ətrafında müzakirələr ötən ilin payızından gedir. Bu məsələni Almaniya XİN, hökumət və beynəlxalq təşkilatlar fəal şəkildə qaldırırdı. Həbsxanada ona Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç, AŞPA məruzəçisi Sunna Evarsdottir baş çəkiblər. Bununla əlaqədar hələ 2019-cu ilin dekabrında onun buraxılması gözlənilirdi. O zaman bu, baş vermədi, ancaq ona qarşı münasibət dəyişdi, məhdudiyyətlər qaldırıldı. "Ancaq məni məhz indi azad edəcəklərini bilmirdim”, - Ə.Muxtarlı deyib.
Onun sözlərinə görə, martın 17-də səhər Suraxanı Rayon Məhkəməsi onun cəzasının dəyişdirilməsi barədə müraciətinə baxdı. Məhkəmə 77-ci maddəni (cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəzlənməsi) tətbiq edib və 1000 manat (600 dollar) cərimə cəzası təyin edərək onu azad edib. Məhkəmədən onu Penitensiar Xidmətin avtomobilində aeroporta aparıblar və orada Almaniya səfirliyinin əməkdaşları ilə görüşüb.
Ə.Мухтарлы qeyd edib ki, Berlinə Moskva üzərindən tranzit olaraq gedib. Görünür, bu məsələnin həllində tələskənlik 17 martın Bakı və Moskva arasında hava əlaqəsinin son günü olması ilə əlaqələndirilib. Bundan öncə koronavirus pandemiyası ilə əlaqədar Bakıdan Berlinə və AFR-ə tranzitlə getməyin mümkün olduğu digər şəhərlərə müntəzəm reyslər dayandırılıb. Ə.Muxtarlı jurnalist fəaliyyətilə əlaqədar ona qarşı hər hansı şərtin irəli sürülüb-sürülməməsi barədə suala mənfi cavab verib. "Xeyr, tənqidi yumşaltmaq, hansısa mövzulara, kiməsə qarşı tənqidə yasaq qoymaq kimi bir şey yoxdur. Mənə deyilən yeganə şey o oldu ki, tənqiddə təhqir və söyüşə yol verməyim. Ancaq mən bunu, ümumiyyətlə, heç kimə qarşı etmirəm”, - o bildirib.
O deyib ki, hazırda səhhəti normaldır. Jurnalist həbsdə olduğu müddətdə onu dəstəkləyənlərin hamısına - ailə üzvlərinə, dostlarına, həmkarlarına, beynəlxalq təşkilatlara, Azərbaycanda hələ də müstəqil qalan azsaylı media və jurnalistlərə, xarici KİV, müxalifət nümayəndələrinə minnətdarlığını bildirib. Ə.Muxtarlı bildirib ki, jurnalist araşdırmalarını davam etdirəcək, eyni zamanda Azərbaycanda demokratik dəyişikliklər üçün səyləri dəstəkləyəcək.

Xəbər lenti