Ədliyyə polkovniki: ''Mən cinayət törətməmişəm''

Ədliyyə polkovniki: ''Mən cinayət törətməmişəm''
Загрузка...

Bəhruz Abdullayev günahsız olduğunu deyir

Ötən ilin oktyabrında dustaqların qatardan qaçmasına görə həbs olunan 13 nəfərdən biri də Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovniki Bəhruz Abdullayev idi. O, qaçan dustaqlardan biri – "Qoca” ləqəbli Etibar Məmmədovdan rüşvət alınıb, ona daha yaxşı şərait yaradılmasına görə (dustaqlar aparılan qatarda onun gözətçinin otağında qalması, tanışı olan qadınların, dostunun onunla birlikdə gedib-gəlməsi, istədiyi vaxt telefondan istifadə etməsi və s.) vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

B.Abdullayev həm də işçilərə tibbi xərclər, ezamiyyət üçün ayrılan pulların bir hissəsinin mənimsənilməsində ittiham olunur.

B.Abdullayev dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərkən günahsız olduğunu deyib. Bildirib ki, dustaqların qaçmasına aidiyyəti yoxdur. Mənimsəmə ittihamı da həqiqətə uyğun deyil: "Mənim heç bir günahım yoxdur. Mən cinayət törətməmişəm”.

B.Abdullayev ifadəsində də demişdi ki, "Qoca”ya fərqli münasibət göstərilməsindən xəbəri olmayıb. Cinayət işinin materiallarında iddia olunur ki, E.Məmmədov qatarla Lənkərana məhkəməyə aparılarkən müğənni Fədayə Laçının onunla birlikdə getməsinə B.Abdullayev icazə verib. Müğənni ona zəng edərək, icazə alıb.

 

B.Abdullayev bunu təkzib edib. Bildirib ki, F.Laçını məhkəmədən öncə heç vaxt canlı görməyib, onunla əlaqəsi də olmayıb. Təqsirləndirilən polkovnik həm də "Qoca”ya nifrət etdiyini bildirib:

"Mən Etibara görə heç nə eləməzdim. Ona nifrət edirdim. O, 1996-cı ildə Penitensiar Xidmətin əməkdaşını şnurla boğub qaçıb. Yəni mənim xidmət etdiyim yerdə əməkdaşımızı öldürmüşdü. Mən həmişə şəxsi heyətə deyirdim ki, dustaq qaçsa, sizi tutacaqlar, məni işdən çıxaracaqlar. Çünki özümün həbs ediləcəyim ağlıma gəlməmişdi. Bundan əvvəl belə hallar olanda rəisi sadəcə, işdən çıxarırdılar”.

Məhkəmə dekabrın 26-da davam edəcək.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, "Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.

Загрузка...
Загрузка...

Xəbər lenti