Əbülfəs Qarayev getdi. Bəs, onun müavinləri, icra başçıları, generallar niyə həbs olunur?

Əbülfəs Qarayev getdi. Bəs, onun müavinləri, icra başçıları, generallar niyə həbs olunur?
Загрузка...
İlham Əliyev Mədəniyyət naziri Əbülfəs Qarayevi vəzifəsindən azad edib. Bir neçə həftə öncə isə artıq keçmiş nazir olan Qarayevin müavinləri həbs olunmuşdu. Ancaq onlar həbs olunan yeganə vəzifəlilər deyil. Dövlət Təhlükəsizlik Xidməti ötən həftələrdə Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxslərini həbs edib. Onlardan bir neçə gün öncə mədəniyyət nazirinin müavini, daha əvvəl isə İmişli rayon icra başçısı Vilyam Hacıyev həbs olunub.
Əbülfəz Qarayev vəzifəsindən azad edilib
Bununla bu ilin ilk 5 ayı ərzində Azərbaycanda oxşar ittihamlarla həbs edilən icra başçısının sayı 5-ə çatıb. Azərbaycan hökuməti həbsləri "islahatların bir parçası" sayır və İlham Əliyevin "yeni hökumət qurması" kimi izah edir. Bəzi hökumət tənqidçilərinə görə, hökumət bu həbslərlə korrupsiyaya qarşı mübarizə apardığını göstərmək istəyir, əslində isə "gözdən pərdə asır". 

"Bölgələrdən gələn siqnallar"
Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc icra başçılarının həbslərində "bölgələrdən gələn siqnalların, məlumatların" rolunu istisna etmir. O bildirib ki, təmsil etdiyi "qurum fəaliyyətə başlayarkən və bir illik fəaliyyəti dövründə ictimaiyyəti narahat edən problemləri və onun xəritəsini müəyyənləşdirməyə çalışıb". Zahid Oruc "indi də bir çox rayonlarda həmin neqativ münasibətin özünü qabarıq göstərdiyini" bildirir.
O bildirib ki, "hələ də vətəndaşın "şirəsini zəli kimi soranlar"la, haqsız rəqabət, başqasının mal-mülkünü əlindən haqsız yerə almaqla bağlı hallarla bağlı siqnal" alırlar.
"İlham Əliyev yeni hökumət qurur"
Zahid Oruc deyir ki, "İlham Əliyev yeni hökumət qurur, o, sadə xalqın arzuladığı qərarları verərək problemlərin öhdəsindən gələcək". Onun fikrincə, həbslər hüquq-mühafizə sistemini də əhatə edəcək: "İndi yeni hökumət formalaşdırılır. Yeni hökumətə gətirilənlərin iqtisadi fəaliyyətləri geniş deyil. Bu o deməkdir ki, məmur burjuaziyanın mövqeləri ciddi zərbə alıb. Şükür ki, bu vətəndaş toqquşmaları və ictimai etirazlar vasitəsilə deyil, islahatların məhz dövlətin birinci şəxsi tərəfindən aparılması ilə olub".
Onun sözlərinə görə "İndi İlham Əliyevin dözüm limiti bitib. Onun ayrı-ayrı şəxslərə səbr etməsi dövrü arxada qalıb".
"Gözdən pərdə asmaq üçün imitasiyadır"
Siyasi şərhçi Azər Rəşidoğlu hesab edir ki, icra başçılarının həbsi bir tərəfdən "klanlararası mübarizə", digər tərəfdən isə "gözdən pərdə asmaq üçün imitasiyadır". Azər Rəşidoğlu BBC News Azərbaycancaya deyir ki, Azərbaycanda bu həbslərlə "insanların hakimiyyətə və ya siyasi sistemə münasibətinin dəyişəcəyini güman etmək sadəlövhlük olar". "Bütün bunları rüşvətxorluğa qarşı konseptual mübarizə kimi dəyərləndirmirəm. İndiyədək digər yüksək vəzifəli məmurlar da rüşvət və korrupsiyaya görə həbs olunublar. Lakin həmin sferalarda rüşvət daha da artıb. Artıq hakimiyyətə ikinci hakim ailənin nümayəndələri daha çox gəlməyə başlayıblar. Lakin yerlərdə köhnə qvardiyanın nümayəndələri də başçı postunda qalırlar. Bu baxımdan vurulanların kimliyinə nəzər yetirsək görərik ki, onlar daha çox köhnə qvardiyaya mənsubdurlar. Yəni, onların başqa biri ilə əvəzlənməsi heç bir müsbət dəyişikliyə gətirib çıxara bilməz", - cənab Rəşidoğlu deyib.
Həbslərin davam edəcəyini düşünən Azər Rəşidoğlu "cəmiyyətdə maliyyə resursları və insanlara təsir baxımından daha güclü rıçaqlara malik olan şəxslərin "vurulacağını" iddia edir.
"Düşünürəm ki, burada yaxşı icra başçısı və ya pis icra başçısı, öz işinin öhdəsindən gələn, yaxud da gələ bilməyən icra başçısı şərti anlayışdır. Burada köhnə qvardiyaya məxsus icra başçıları vurulur və ora kimin düşəcəyini ehtimal etmək bir az çətindir. Və YAP rəhbərliyində təmsil olunan Siyavuş Novruzov hətta nazirin belə həbs oluna biləcəyinin anonsunu verdi və bu baxımdan, icra başçılarının həbsi ilə bu həbslərin yekunlaşacağını güman etmirəm. Daha yüksək vəzifəli kimsə də həbs olunacaq və bu baxımdan vəziyyətin gərginləşməyə doğru gedəcəyini güman edirəm," - şərhçi deyib.
"İcra başçısı postları ləğv olunmalıdır"
Əgər bir vətəndaş külli miqdarda rüşvət verərək bir vəzifəyə təyin olunursa, o, həmin pulu çıxarmaq istəyəcək. Rayon icra hakimiyyətinin başçısı postu mənasiz və lüzumsuz postdu. Hansısa bir rayonun və ya bölgənin əhalisi rəhbərini özü seçməlidir. Nazirlərin öz təsirlərinə aldıqları şəxslər icra başçısı təyin edilir və yaxud əksər hallarda rüşvət verərək həmin posta otururlar. Bu baxımdan, onların öhdəliyi pul alveri etdikləri şəxslər qarşısında olur, xalq qarşısında olmur," - cənab Rəşidoğlu vurğulayıb.
O hesab edir ki, hakimiyyət islahatlara getməli, müstəqil məhkəmə sistemi yaradılmalıdır. Lakin cənab Hacıyev hesab edir ki, bu həbslər "idarəetmə sisteminə qətiyyən üstünlük gətirmir və digərlərində də heç bir qorxu yaratmır". 

Alya Yaqublu
Alya Yaqublu: "Absurd ideyadır ki, kadrların nə işlə məşğul olduğunu İlham Əliyev bilmir". "Sosial böhranın siyasi profilaktikası" Siyasi təhlilçi Alya Yaqublu "köhnə qvardiyanın üzvlərinin vurulması" tezisləri ilə razılaşmır. O hesab edir ki, Azərbaycan "iqtisadi böhranın ilkin mərhələsində" olduğu üçün hökumət "bəri başdan sosial böhranın siyasi profilaktikasını aparır".
"Azərbaycan xalqı sonrakı mərhələdə böhranı daha ciddi hiss edəcək. İndi əsas odur ki, bunun günahının əslində rüşvətxor və korrupsioner icra başçılarında olduğunu nümayiş etdirsin... Necə ki, əvvəllər də vəziyyət pisləşən kimi günah keçiləri tapılıb, elan olunurdu. Heydər Əliyev də belə edirdi. Müşavirələr keçirirdi, məmurları bir-bir qaldırırdı, danlayırdı. Özü yaxşı rəhbər və ətrafındakılar pis məmurlar görüntüsü yaradılırdı. Eyni şəkildə İlham Əliyev də belə edir. Yəni, qarşıdan gələn daha ağır sosial böhranın bəri başdan siyasi profilaktikasını aparırlar ki, qəzəb dalğası İlham Əliyevdən yayınsın və məmurlara yönəldilsin," - Alya Yaqublu bildirir.
Siyasi təhlilçi deyir ki, "nəinki tutulanların, Azərbaycanda bütün icra başçılarının iş prinsipi korrupsiya və rüşvətxorluq üzərində qurulub". Azərbaycanda əksər məmurların "boğazınadək qanunsuz əməllər və cinayətkarlığın içində olduğunu" iddia edən siyasi şərhçi, bu məmurların "xüsusi olaraq müxalif gücə çevrilmələri üçün hər hansı bazalarının olmadığını" və "onları zərərsizləşdirməyin asan olduğunu" vurğulayır.
Alya Yaqublu, həmçinin hesab edir ki, "Azərbaycanda dövlət polis rejimi ilə idarə olunur", buna görə də "bu rejimdə yuxarıların aşağılardan xəbəri yoxdur arqumenti işlək deyil". "Birmənalı şəkildə bu kadrların vəzifəyə İlham Əliyevin qərarı ilə gətirildiyini nəzərə alsaq və hətta hesab etsək ki, təyinat anında İlham Əliyev bu şəxslərin sonrakı fəaliyyətləri ilə bağlı tam təsəvvürə malik olmaya bilərdi, amma baxın, cəzalandırılmış şəxslər uzun illərdir çalışan və Prezidentdən böyük mükafatlar almış şəxslərdir...Bu adamlar uzun illərdi işləyirlər. Absurd ideyadır ki, kadrların nə işlə məşğul olduğunu İlham Əliyev bilmir. Həm təyin etdiyinə görə, üstəlik də sonrakı müddət ərzində bu şəxslərin sonradan törətdikləri qanunsuzluqlara göz yumduğuna, bu adamlara yüksək təltiflər verdiyinə görə, bütün hallarda məsuliyyət birinci şəxsindir," - Alya Yaqublu əlavə edir.
Şərhçi iddia edir ki, "elə vəzifə borcu olan öhdəliklər var ki, İlham Əliyev onların heç birini yerinə yetirməyib". "Hətta xəbəri olmamış olsa belə, tutaq ki xəbəri olmayıb və buna inananlar varsa ki, "padşah yaxşıdır, ətrafı pisdir", bu o deməkdir ki, rəhbər yararsızdır. İşinin öhdəsindən gələ bilmir. Qəbul etsək ki, İlham Əliyevin Azərbaycanda baş verən dəhşətli korrupsiyadan xəbəri yoxdur, bu o deməkdir ki, İlham Əliyev 17 ildir ki, prezident ola bilmir". 

İlham Əliyev
Prezident İlham Əliyev mayın 13-də Kəlbəcərə yeni təyin etdiyi icra başçısını qəbul edərkən tövsiyə edib ki, "tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar" "Tutulanların acı həyatını yaşamaq istəmirlərsə…" Prezident İlham Əliyev mayın 13-də Kəlbəcərə yeni təyin etdiyi icra başçısını qəbul edərkən tövsiyə edib ki, "tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar".
"Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz,"- deyən president vurğulayıb ki, "xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız" olacaq.

Xəbər lenti