‘Döyülməkdən əynimdə paltar da qalmamışdı...’

‘Döyülməkdən əynimdə paltar da qalmamışdı...’
Загрузка...
"Başıma dubinkayla o qədər vurmuşdular ki, stula bağlayıb divara çırpırdılar. Baxmırdılar ki, baş dəydi, bədən dəydi. Döyülməkdən əynimdə paltar da qalmamış, hamısı cırılmışdı. Mənə Kəpəz Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındakı adamların paltarlarından verdilər, geyindim", - Gəncə hadisələrinə görə həbs olunmuş Vüqar Xudiyevin sözləridir.
Vüqar Xudiyev Gəncədə icra başçısı və mühafizəçisinin güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində və hadisə sırasında polislərə müqavimət göstərməkdə ittiham olunur. O, daha beş nəfərlə - Elman Rüstəmov, Nemət Heydərli, Elvin Allahverdiyev, Elvin Nəzərov və Renat Məmmədovla eyni qrupda mühakimə edilib. Bu adamlara 6 ildən 8 ilədək həbs cəzası verilib. Onlar özlərini təqsirli bilmədiklərindən, hökmdən apellyasiya şikayəti veriblər.
İyulun 23-də bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, Vüqar Xudiyevin vəkili Zibeydə Sadıqova hakimlərdən xahiş edib ki, adamların işgəncə şikayətlərini araşdırmaqdan ötrü müxtəlif dövlət orqanlarına sorğular göndərilsin. Vəkil məhkəmənin Gəncədəki Nizami və Kəpəz rayon polis idarələrindən və 2 saylı istintaq təcridxanasından videogörüntülər alınmasını istəyir. Sözügedən görüntülər ötən ilin iyuluna aiddir.
Müdafiəçinin fikrincə, o videolara baxılsa, həbs olunanların işgəncəyə məruz qalmaları barədə deyilənlərin doğru olub-olmadığı aydınlaşar. İnzibati həbs qərarı işə əlavə edilməyib? Vüqar Xudiyev Gəncədə aksiya olan gün dostlarıyla "İmamzadə" ziyarətgahına getdiyini bildirir. Polis onları çayxanadan tutub aparıb. İnzibati xəta protokolu tərtib ediləndən sonra, Nizami Rayon Məhkəməsinin qərarı ilə, onlara 20 sutka inzibati həbs cəzası verilib. Di gəl, məhkəmədən sonra onları polis idarəsinə qaytararaq, orada bir neçə gün işgəncə veriblər və ardından iğtişaşların təşkili və polisə müqavimət ittihamıyla cinayət işi başlanıb. Vəkil həmin inzibati həbs qərarının iş materiallarında olmadığını məhkəmənin diqqətinə çatdırıb və bu qərarın da işə artırılmasını xahiş edib. Vüqar Xudiyevin istintaqdakı dindirmə protokolunun sübutlar arasından çıxarılmasını da istəyən vəkil vəsatətində də həmin protokolun işgəncə altında imzalandığını göstərib: "Bu adama istintaq dövründə ailəsilə danışmağa imkan verilməyib. Dövlət hesabına vəkil onunla konfidensial görüşməyib".
Hakimlər bu vəsatətlərin heç birini təmin etməyiblər. Məhkəmə avqustun 1-də davam edəcək.
Загрузка...
Загрузка...

Xəbər lenti