Dövlətə xəyanətdə ittiham olunan redaktor müxalifətə qoşuldu Dövlətə xəyanətdə ittiham olunan redaktor müxalifətə qoşuldu

Dövlətə xəyanətdə ittiham olunan redaktor müxalifətə qoşuldu
Məhkəmə müşavirə edərək vəsatətlərin təmin etməməsi ilə bağlı qərar qəbul edib
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytın redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesinin əvvəlində Aslanov sözlərinin yaxşı eşidilməsini təmin etmək üçün mikrofonu tələb edib, sədrlik edən hakimin imtina cavabından sonra Aslanov özü və onun ailə üzvləri etiraz etməyə başlayıb. Hakim zalın boşaldılması, barədə qərar qəbul edib. Polad Aslanov zala hüquq müdafiəçilər və jurnalistlər buraxılmayana qədər prosesdə iştirak etməyəcəyini bildirib.
Gərginlik yatandan sonra jurnalistlər və hüquq müdafiəçilər yenidən zala buraxılıb. Amma Aslanova mikrofon verilməyib. Vəkil Elçin Sadıqov sədrlik edən hakimə etiraz edib, bunu Qəniyevin 1998-2013-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləməsi və belə olan halda maraqlı tərəf ola biləcəyi ilə əsaslandırıb. Aslanovun digər vəkili Kamran Musayev vəsatəti müdafiə edib. Dövlət ittihamçısı vəsatəti təmin etməməyi xahiş edib.
Kollegiyanın digər iki hakimi müşavirə edərək vəsatəti əsassız sayıb və təmin etməyib. Polad Aslanov buna və ona mikrofonu verilməməsinə etiraz olaraq əl çalıb, qəfəsin qapını döyüb. O bildirib ki, bu gündən etibarən siyasi fəaliyyətlə məşğul olmağa başlayır və Milli Şuranın rəhbərliyinə təşkilata üzvlüyü üçün müraciət edib. Hakim ona bir neçə dəfə xəbərdarlıq edərək bildirib ki, o, məhkəmə prosesinin keçirilməsinə mane olmağa davam etsə növbəti proseslər onun iştirakı olmadan keçirələcək.
Vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi və Aslanovun dərhal azadlığa buraxılması ilə bağlı növbəti vəsatət verib. Vəkil bunu cinayət işinin yalnız Aslanovun təzyiq altında özünə qarşı verdiyi ifadələr əsasında qurulması ilə əsaslandırıb.
"Aslanovun daimi yaşadığı yeri var, onun şəxsiyyət vəsiqəsi və xarici pasportu işin içindədir. Ona görə də onun qaçıb istintaqdan gizlənməsi mümkün deyil. Aslanovun səhhətində ciddi problemləri var. Xahiş edirik, onun həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz", deyə Sadıqov sözünə davam edib. Vəkillər həmçinin zərərçəkmiş şəxs Dəyanət Babayevin məhkəmə prosesində iştirakının təmin edilməsini xahiş edib.
Məhkəmə isə Babayevin məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməcəyini bildirdiyini elan edib və məhkəmə prosesin zərərçəkmiş şəxs olmadan davam etməsi barədə qərar qəbul edib. Məhkəmə müşavirə edərək vəsatətlərin təmin etməməsi ilə bağlı qərar qəbul edib. Məhkəmə kollegiyası cinayət işində dövlət sirri və xüsusi xidmətlərin fəaliyyəti ilə bağlı hissələr olduğuna görə növbəti məhkəmə prosesləri qismən qapalı keçirələcəyini elan edib. Mahiyyəti üzrə dinləmələr fevralın 10-a təyin olunub.
Xatırladaq ki, redaktor Polad Aslanov iyunun 12-də saxlanılıb və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Oktyabrın 5-də həbs müddəti 4 ay uzadılıb. Dekabrda ona CM-in 134-cü (ölümlə və ya ağır, bədən xəsarəti yetirməklə hədələmə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir.
Həyat yoldaşının sözlərinə görə, bir sıra mətbuat nümayəndələri və fəallar Aslanova qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Aslanova qarşı cinayət təqibini pisləyiblər. 

Xəbər lenti