"Dustaqlar deyirdi ki, Çovdarovu "sever"ə aparıb, üzdəniraq edəcəyik!" - Keçmiş müstəntiq "Akif baba" haqda yazır

Cəmiyyət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovu evlər yıxan, ömürləri qazamatda çürüdən, onun-bunun sərvətini qamarlayan, quldur, soyğunçu, oğru, bir sözlə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş yüksək rütbəli qanqster kimi tanıyır. Onun koronovirusa görə əfv edilməsi cəmiyyət tərəfindən yaxşı qarşılanmadı. Keçmiş müstəntiq və siyasi məhbus Rüfət Səfərov həbsxanada olan zaman Akif Çovdarovla bağlı xatirələri, hadisələrin dialektikası təsdiqləyir ki, cəmiyyət haqlıdır.
 
 Rüfət Səfərov və Baş prokuror Zakir Qaralov
R.Səfərov yazır: General-mayor Akif Çovdarovla təxminən 1,5 il eyni cəzaçəkmə müəssisəsində saxlanılmışıq: 9-cu "zon"da. Hələ Kürdəxanı İstintaq Təcridxanasının tibbi-sanitariya hissəsində saxlanıldığı zaman 9-cu "zon" da cəza çəkən bəzi dustaqların ümumi fikri var idi: "Göy-göz kosaya xəbər göndərmişik! Hara cəhənnəm olursa, olsun, amma bura ayaq basmasın! 9-a gəlsə, onu "sever"ə aparıb, üzdəniraq edəcəyik! Heç bir günahımız olmadığı halda ömrümüzə girdi, qandallayıb göndərdi bu xarabaya!" 

Heç şübhəsiz, dustaq psixologiyasına azdan-çoxdan bələd olduğumdan, buna yalnız gülürdüm, səbirsizliklə Çovdarovun etapını gözləyirdim... Və budur, günün birində "zon"da ildırım sürəti ilə xəbər yayılır ki, Çovdarov və iki sabiq əməkdaşı- polkovnik Səlim Məmmədov, mayor-Orxan Osmanov "voronok" dan düşdülər, böyük hörmət-izzətlə inzibati binaya-rəisin yanına qaldırıldılar. Məni maraq bürüyür, dərhal generalı üzdəniraq edəcəklərinə dair qəti hökm vermiş "qəhrəmanlar"ı gözlərim gəzir...
Bu barədə bir dəfə yazmışam, dostlar, lakin aktuallığı nəzərə alıb, bir də yazıram: həmin o gicdırnaq "qəhrəman" lardan 1-2-si Çovdarovun qabağına qaçıb, özlərini "şnır" qismində təklif edirlər, üstəlik, "Ağsaqqal, oldu, keçdi... Allah qapınızı açsın...", - deyib, xeyir-dua da verirlər. General bu dəfə "alicənab" davranır: birini "şustryak", digərini "şnır" kimi "işə qəbul edir". (bilməyənlər bilsin ki, məhkumluqda şəxsi rifahı naminə məişət işləri ilə məşğul olmaq olmaz, yoxsa ona "şustryak", ya da "şnır" deyəcəklər.)
Bəli, Çovdarovu üzdəniraq etməyə səy edən, bu barədə qəti qərar verən o biri dustaqlar da generalı görcək yaxın durmağa cəsarət etməsələr də məsafədən başları ilə salam verib keçəcəkdilər...
... İşin ən betər tərəfi budur ki, Sovet Azərbaycanı dövründə bir neçə il 10 saylı cəzaçəkmə müəssisəsinin nasist rəisi kimi dustaqlara qan uddurasan, günlərini göy əskiyə bükəsən, müstəqil Azərbaycanın DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində işləyərkən rəisi və arxadaşı Eldar Mahmudovla birlikdə Respublikanı narkotik vasitə, psixotrop maddə və onların prekursorları ilə "ağ ölüm" ün girdabına salıb, narkoticarətdən milyonlar qatlayasan, MTN-nin Baş İdarə rəisi olaraq milli təhlükəsizliyin təmin edilməsinə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəyə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkar olunmasına və s. töhfə vermək əvəzinə nazirlərin, komitə sədrlərinin, deputatların, oliqarxların, iş adamlarının şəxsi həyatını nəzarətə götürüb, intim səhnələri lentə alasan, şantaj edərək xüsusilə külli miqdarlara sahiblənəsən, sındırılması müşkül olan müxalif fikir daşıyıcılarının yataq otağına müşahidə kamerası yerləşdirib yayasan, buna görə də "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medallarla, general-mayor ali-hərbi rütbəsi ilə mükafatlandırılasan, günün birində hakimiyyətdaxili toqquşmaların qurbanı kimi vurulub, sıradan çıxarılasan, lakin istintaq təcridxanasında bəy balası kimi yaşayıb, kamera üzü görməyəsən, tibbi-sanitariya hissəsində yerləşdirilməklə 24 saat ərzində təcridxananın geniş ərazisində sərbəst hərəkətdə olasan, 9-cu "zon"a etap olunmazdan öncə "zon" un "sançast"ının iki otağını boşaldıb, "kapitalnıy remont"a başlanmasına dair göstəriş xarakterli xəbər göndərəsən...
Bəli, Akif Çovdarov "zon" a daxil olarkən, heç şübhəsiz, 14 günlük karantin müddətini keçmədən müvəqqəti olaraq tibbi-sanitariya hissəsinin baş həkiminin xidməti kabineti ilə üzbəüz otaqda yerləşdirildi. 8-9 gün ərzində nəinki baş həkimin, hətta "zon" un rəisinin kabinetini belə kölgədə qoyacaq lüks nömrə Çovdarovun sərəncamında idi: 109 ekran televizorla, samsung soyuducu ilə, split kondisionerlə, zövqlü və rahat çarpayıları ilə, cakkuzi vannası olan hamam otağı ilə, həm Genuya tualeti (çömbəlmə), həm də ayaqyolu çanağı (unitaz) olan sanitar qovşağı ilə birlikdə...
General qanqsteri icbari istirahətə göndərmişdilər. Çox keçmədi ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları və dustaqları Çovdarova "Akif baba" deyə müraciət etməyə başladılar. Dustaqları olmasa da xidmət edən ədliyyə işçilərini başa düşmək olardı, çünki bəzi hallarda, xüsusilə, bayram günlərində 1 paçka 50-lik "şnır"a verilərdi ki, "baba payı"nı rütbəli və rütbəsiz əməkdaşlara paylasın. 

Elçin Quliyev 
Günün birində uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi işləmiş, Mahmudovun zibilinə düşüb, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək Çovdarovdan daha əvvəl "zon"a gəlib, bəndənizlə tanış olan, son dərəcə xaraktersiz, qorxaq, amma hiyləgər kimi yaddaşımda qalan general-mayor Elçin Quliyev yaxınlaşaraq dedi:
- Rüfət, baba ilə səni tanış etmək istəyirəm. Dünən xeyli sənin, xüsusilə, Eldar müəllimin Ramiz Mehdiyev haqqında yazdığı serial siyasi hekayələri müzakirə etmişik. Baba səni də, Sabiroğlunu da çox istəyir...
Açığı, həmin an düşündüm ki, əgər, həqiqətən, Çovdarov mənim və atamın xətrini əziz bilirsə, demək ki, dədə-bala ikimiz də dünyanın ən pis insanları sırasındayıq. Fəqət yəqin bilirdim ki, general Quliyev cəfəng danışır, sadəcə, babası göstəriş verib ki, bizi tanış etsin. Şübhəsiz ki, fürsəti fövtə verə bilməzdim. Azərbaycanın altını-üstünü bilən biri ilə ünsiyyətdən yayınmaq gicbəsərlik əlaməti olardı, odur ki, razılaşdım:
- Məmnuniyyətlə, Elçin müəllim.
- Onda qayıdıram "sançast"a, 15-20 dəqiqə sonra baba ilə birlikdə "zon"a keçəcəyik. O baş-bu baş fırlanarıq. Harda olacaqsan, xəbər göndərim?
- Kitabxanaçı Bəşirin yanında. Təxminən 30 dəqiqə sonra Çovdarovun "şnır"ı kitabxanaya daxil olub, generalların gözlədiyini bildirdi. Çovdarov cəzaçəkmə müəssisəsinə daxil olduğu 10-15 gündən bəri ilk dəfə idi ki, "sançast" dan çıxaraq növbətçi hissəni adlayıb, "zon"a buyururdu. Çıxdım. Elçin Quliyevlə "baba"sı vaxtanın önündəki dəmir çərçivənin içinə yerləşdirilmiş "Azərbaycan" qəzetindəki hansısa mədhnaməyə gözlərini zilləmişdilər. Yaxınlaşdım:
-Salam, Akif müəllim.
-Nə var, nə yox, kişi bala?, - deyə Çovdarov yekəxana bir tərzdə sual etdi və açığı, biri yuxarı, biri də nisbətən aşağı baxan yamyaşıl gözləri məni diksindirdi.
-Şükür, Akif müəllim. Siz necəsiniz?, - deyə növbətçi sualı verdim, çünki aydın görünürdü ki, yıpranıb.
-Belə də... Atan necədir? Yanına gəlib-gedirmi? Onun xidmətləri çox olub. Bu da axırı...
-Atamın səhhəti yaxşı olmasa da ayda 2 dəfə görüşə bilirik. Qanun belə imkan verir.
-Nəəə? Qanun?, - deyə sual verdi, istehzalı formada gülümsədi. Bu əsnada Elçin Quliyev də dişlərini ağardıb, dodağını qaçırtdı. Elə bil, qarşımdakılar bu xalqın düşmənləri yox, hüquq, qanun, ədalət uğrunda illərlə savaş verib, məhbəsə düşmüşdülər...
Beləliklə, "tasovka" başladı.

Xəbər lenti