DTX-nın Heydər Əliyev adına Akademiyasında nə üçün “İnformasiya təhlükəsizliyi” ixtisası ləğv edilib ?

DTX-nın Heydər Əliyev adına Akademiyasında nə üçün “İnformasiya təhlükəsizliyi” ixtisası ləğv edilib ?
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz DTX-nın Heydər Əliyev adına Akademiyasında  "İnformasiya təhlükəsizliyi” ixtisasının ləğv edilməsinə etirazla qarşılayıb. Criminal.az xəbər verir ki, o, Azərbaycanda olduqca vacib olan "İnformasiya təhlükəsizliyi” ixtisası üzrə kadrlar uzun illər əsasən DTX-nın Heydər Əliyev adına Akademiyasında hazırlandığını qeyd edib.
"Xatırlayıram ki, texnika elmləri doktoru Vaqif Qasımov (informasiya təhlükəsizliyi ilə bağlı ölkədə yalnız iki doktor var) Akademiyada adı çəkilən sahə üzrə bir məktəb formalaşdırmışdı. Sonralar isə ölkənin bir neçə ali təhsil ocağında da bu ixtisaslar açılıb. Hazırda AzTU, Bakı Ali Neft Məktəbi, ADNSU, UNEC (ixtisas bu il açılıb), Dövlət Gömrük Komitəsinin Akademiyası və Polis Akademiyasında bu ixtisas uzrə kadrlar hazırlanır. Maraqlıdır ki, 2020/2021 -ci tədris ili üçün DTX-nın Heydər Əliyev adına Akademiyasında " İnformasiya təhlükəsziliyi” ixtisası üzrə qəbul aparılmayacaq. 

Daha maraqlısı isə ondan ibarətdir ki, əldə etdiyim məlumata görə bu ildən bu ixtisas Akademiyada ümumiyyətlə ləğv edilib. Və bu ixtisas üzrə formalaşan komanda dağılıb. Bildiyim qədər son bir neçə ildə, bu Akademiyada tədrislə bağlı vəziyyət problemli olub, tədrsin təşkilində olan yanaşmalar və professor-müəllim heyətinə dəstək yetərli olmayıb, bəzi fakultələr və kurslar ləğv edilib və s. Peşəkar müəllim və professorlar Akademiyada əlverişli tədris mühiti olmadığından digər ali təhsil müəssisələrinə keçmək məcburiyyətində qalıblar. Nəticədə isə bu tədris ocağında hazırlanan kadrların tələblərə cavab vermədiyi haqda rəylər formalaşıb. DTX-ya yeni rəhbərlik gələndən sonra isə vəziyyətin düzəlməsinə , tədrisin keyfiyyətinin artırılmasına cəhdlər olub. "İnformasiya təhlükəsziliyi” fakultəsi yenidən bərpa edilib. Tədris prosesinin yenidən təşkil üçün kadrların cəlb edilməsinə başlanıb. Lakin görünür ki , köhnə kadrların çox hissəsi dağılışdığından , adı çəkilən ixtisas üzrə cari ildə qəbul keçirmək mümkün olmayıb".
O.Gündüz düşünür ki, dünyada və ölkəmizdə gedən rəqəmsal transformasiya proseslərini nəzərə alsaq, qarşıdakı illərdə bu sahə üzrə peşəkar kadrlara ciddi ehtiyac yaranacaq.
"Qlobal və regional xarakterli təhdidlərin hər gün artdığı iindiki şəraitdə təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha çox peşəkarlıq tələb olunur. Düşünürəm ki, müharibə şəraitində olan, öz informasiya məkanına nəzarətdə ciddi problemlərlə üzləşən Azərbaycan üçün də İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislərə hər zaman ciddi ehtiyac olacaq.
Xatırlayıram ki, ötən il elə DTX və Akademiyanın xətti ilə ölkədə informasiya sahəsindəki problemlərlə bağlı faydalı silsilə seminarlar da təşkil olunurdu. Fikrimcə təhlükəsizlik orqanlarının ixtisaslı, peşəkar kadrlarla təmin edilməsi və onların hazırlıq səviyyələrinin artırılması indiki anda olduqca vacibdir. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında "İnformasiya təhlükəsziliyi” üzrə formalaşan məktəbin bərpa edilərək inkişaf etdirilməsi doğru və faydalı olardı".
Məsələyə DTX-dan rəsmi münasibət bildirilməyib.

Xəbər lenti