‘DTX əməkdaşı, Kəmaləddin Heydərovun qohumu olduğunu deyirdi...’

‘DTX əməkdaşı, Kəmaləddin Heydərovun qohumu olduğunu deyirdi...’
Загрузка...

İran vətəndaşı Asfari Alireza deyir ki, onu Bakıda aldadıb, Azərbaycan vətəndaşlığı vermək adıyla pulunu ələ keçiriblər. Həm evlə təmin olunmaq, həm də vətəndaşlıq almaq məqsədiylə 83 min manatdan çox pul verdiyini iddia edən Alireza bu barədə fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb.

İran vətəndaşını və daha bir neçə nəfəri aldatmaqda ittiham edilərək məhkəmə önünə çıxarılan isə Sevinc Mirzəyevadır.

Ona pul verib aldadıldıqlarını iddia edən şəxslər məhkəmədə deyiblər ki, Mirzəyeva özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da qohumu kimi təqdim edib.

"83 MİN MANATIMI ALDI”

Asfari Alireza deyir ki, ailəsilə Bakıya gələndən sonra Sevinc Mirzəyeva ilə tanış olub. Onun sözlərinə görə, Mirzəyeva özünü DTX əməkdaşı kimi təqdim edib, hətta vəsiqə də göstərib: "2016-ci ildə əvvəl mənə Bakıda 3 otaqlı ev almağıma və Azərbaycan vətəndaşı olmağıma kömək edəcəyini bildirdi. Buna görə məndən 83 min 257 manat pul aldı. Amma məni aldatdı”.

Zərərçəkən ona dəymiş ziyanın ödənilməsini istəyib.

Sevinc Mirzəyevanın işində ümumilikdə 14 zərərçəkmiş var. Cinayət işinin materiallarına əsasən, onlara ümumilikdə 232 min 757 manat ziyan dəyib.

Zərərçəkənlərin bir neçəsi isə pulu pensiya düzəltmək məqsədilə verdiklərini bildirir. Paltar mağazasında işləyən Surə Kərimova deyir ki, Sevinci müştəri kimi tanıyıb, ona etibar yaranandan sonra pulunu sonra ödəmək şərtilə də paltarlar satıb:

"Mənə yaxınlıqdakı binada yaşadığını deyirdi. Həmin bina da əlillər üçün tikilmişdi. İki oğlunun olduğunu bilirdim. Münasibət yaranandan sonra Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini dedi. Dedi ki, əlil ailələrinin evlə təmin olunması üçün Mehriban Əliyevanın göstərişilə yeni fond yaradılıb. O, fonda da bunu rəhbər təyin ediblər. Həm də Kəmaləddin Heydərovun yaxın qohumu olduğunu deyirdi”.

Zərərçəkən bildirib ki, 52 yaşlı Sevinc Mirzəyeva əlillər üçün tikiləcək binada tanışlarına ev vermək, pensiya düzəltmək imkanının olduğunu söyləyib. O da özünə pensiya düzəltmək üçün ona 2250 manat pul verib.

"QARDAŞIMA PENSİYA DÜZƏLTMƏYİ TƏKLİF ELƏDİ”

Başqa bir zərərçəkən Alimə Məmmədova isə Qarabağ döyüşçüsü olmuş qardaşına pensiya düzəltmək istəyib: "Mənim qardaşım Qarabağ döyüşçüsüdür. Ona pensiya düzəltmək istəyirdim. Qardaşım bu vaxta qədər imkan vermirdi ki, ona pensiya alaq. Deyirdi ki, pensiya almaq üçün döyüşməyib. Artıq vəziyyəti ağırlaşıb. Bir gün Surənin mağazasına gələndə onun telefonla danışdığını gördüm. Çox sevinirdi. Danışığını bitirdi və biz söhbət elədik. Söhbət qardaşımın xəstəliyindən düşdü. Mənə qardaşıma pensiya düzəltməyi təklif elədi. Sevincin bu işi görəcəyini dedi. Mən də razılaşdım”.

Alimə Məmmədova qardaşından əlavə, qızına, qayınanasına da pensiya düzəltmək, əlillər üçün tikilən binadan ev almaq məqsədilə də pul verdiyini, ona ümumilikdə 19 min 500 manat ziyan dəydiyini bildirir.

Təqsirləndirilən Sevinc Mirzəyeva isə deyir ki, əksinə, zərərçəkən qismində tanınmış S.Kərimova öz təşəbbüsüylə onu qohumlarına, tanışlarına DTX əməkdaşı kimi təqdim edib, onlardan bu yolla pul toplayıb:

"Surə məni öz qohumlarına DTX işçisi kimi təqdim edib. Çünki özü deyirdi ki, qohumları ona inanmır. Buna görə də mənim adımdan istifadə edib pul alıb. Mən heç kimə pensiya düzəltmirdim”.

S.Kərimova isə bunu təkzib edib: "Əksinə, onun DTX-da işləmədiyini mən öyrənmişəm. Orada tanışlar vardı, soruşanda dedilər ki, Sevinc Mirzəyeva adlı işçi yoxdur. Onu öyrəndim ki, Sevinc alim Faiq Mirzəyevin qızıdır”.

Sevinc Mirzəyeva külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirləndirilir. CM-in 178.3.2 maddəsində bu əmələ görə 5 ildən 10 ilə qədər həbs nəzərdə tutulub.

Загрузка...
Загрузка...

Xəbər lenti