DTX Eldar Həsənov üçün müalicə yazdı: "Gimnastika etsin..."

DTX Eldar Həsənov üçün müalicə yazdı:
Hazırda həbsdə olan sabiq Baş prokuror Eldar Həsənovun səhhəti ilə bağlı vəkilləri həyəcan təbili çalır. Sabiq Baş prokurorun vəkili Cavad Cavadov Criminal.az-da bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalına ünvanladığı suallara cavab alıb. Vəkilin sözlərinə görə, cavab məktubda onun mütəmadi başgilənmələri və yıxılmaları təsdiq olunur və bnunu səbəbi kimi paroksizmal pozision vertiqo olması göstərilir. Bunun müalicəsi üçün bir dərman və fiziki gimnastikalar yazılıb. Ancaq sual olunur, bu gimnastik hərəkətləri o harda etməlidir? Yaşlı insandır, bir ildir hava, gəzinti görmür, bir ildir həsbdədir, yanaşı başqa xəstəlikləri vardır.
C.Cavadov Baş Prokuror Kamran Əliyevdən sələfinin səhhətini nəzərə alıb onun həbsdən azad edilməsi üçün müvafiq tədbir görməsini xahiş edir. 

DTX-nın cavab məktubu
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb. Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: "Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”. 

Xəbər lenti