Döşünə medal, qollarına qandal vurulan başçılar...

Döşünə medal, qollarına qandal vurulan başçılar...
Загрузка...
Son 5 ayda Azərbaycanda 4 icra başçısı həbs edilib. Həbs olunan vaxta kimi həmin icra başçıları haqda müxtəlif neqativ məlumatlar yayılsa da, tədbirlər görülmürdü. İcra başçıları prezidentən aldıqları medal və ordenləri yeri gəldi-gəlmədi yaxalarına asaraq çirkin işlər görürdülər. Aylar keçdi, medallı başçılar həbs edildi. Bu adamlar rəhbərlik etdiyi rayonlarda özlərini feodal kimi aparırdılar. Belə icra başçıları hazırda da vəzifə başındadır. Böyük ehtimalla gələcəkdə belə icra başçılarının həbs olunacağını görəcəyik.  
Buna da bax: İcra başçılarını niyə prokurorluq yox, DTX həbs edir?

Criminal.az prezidentdən orden almış, sonradan həbs olunan icra başçıları təqdim edir: 
1. Yevlax Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Çərkəz oğlu Səmədov 12 oktyabr 2019-cu ildə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Cəmi iki ay sonra, 2019-cu il dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.  
 
Qoca Səmədov 
O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, habelə abadlıq adı altında yüz minlərlə manat büdcə vəsaitini "otkat” şəklində geri almaqda günahlandırılır. DTX-nın həbslə bağlı yaydığı məlumata görə, sabiq icra başçısı 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəyib. Hətta şəhid ailələri və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında icra strukturlarından yığılan pulun da bir hissəsini ələ keçirib. Keçmiş icra başçısı üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir.
2. Ağstafa Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev isə 2014-cü ildə ölkənin ictimai-siyasi həyatında xidmətlərinə görə İ.Əliyev tərəfindən "Şöhrət” ordeni ilə təltif edilib.  

Nizaməddin Quliyev 
2019-cu il dekabrın 19-da Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda günahlandırılır. Həçinin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almaqda günahlandırılır. Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməkdə şübhəli bilinir.
3. Neftçala Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı İsmayıl Vəliyev ötən il İ.Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 
2020-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat keçirib.
 
İsmayıl Vəliyev 
İsmayıl Vəliyev büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaq kimi əməllərə yanaşı rayonu da özünün feodal mülkünə çevirib. İsmayıl Vəliyevin Neftçalanın Qoltuq qəsəbəsindəki heyvandarlıq təsərrüfatı (orada həm də cins keçilər saxlanılır), Neftçala şəhərindəki böyük bazarı, beton zavodu barədə də əməliyyat çəkilişində bəhs edilir. Habelə İsmayıl Vəliyevin qanunsuz aktivlərinə Neftçalada özəl uşaq bağçası, böyük əraziyə malik olan tədarük məntəqəsi, keçmiş yol idarəsinin hektarlarla ərazisi (özəlləşdirilib), min hektarlarla münbit əkin sahələri, "Xol yolu” deyilən ərazidə eşşək ferması da daxildir. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır. Habelə İsmayıl Vəliyev rayonun Qaramanlı kəndində sovet dövründən qalan avtomobil zavodunun ərazisini də özəlləşdirib, rayonda qanunsuz balıq ovu biznesi də onun nəzarətində olub. İcra başçısı balıq ovlamaq üçün çoxsaylı motorlu qayıqlar və digər avadanıqlar saxlayıb, o cümlədən Vəliyevin çoxsaylı ağır texnikası, yük maşınları, traktorları da olub.2011-ci ildən rayona rəhbərlik edən İ.Vəliyevin biznesi təkcə Neftçala ilə yekunlaşmayıb. Onun Dubayda müasir kərpic zavodu açdığı, habelə Türkiyədə tikinti biznesinin olduğu da deyilir. Bu biznesi Vəliyevin böyük oğlu idarə edir. Ümumiyyətlə, İ.Vəliyevin ölkə xaricində çoxsaylı aktivlərinin olduğu da bildirilir. Həbs edildiyi gün vəzifəsindən azad edilib. 
4. Ötən gün tutulan Biləsuvar Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev də ölkə başçısından orden alıb. O, 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Mahir Quliyev 
Burdan belə nəticə çıxarmaq olar ki, orden alan icra başçıları döşlərindəki ordenlərə arxayın olmamalıdır. İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bir sıra yüksəkvəzifəli məmurun həbsindən danışarkən açıq şəkildə deyib:
"Hansısa rayona icra başçısı təyin olunanda ona dediyim sözlər, verdiyim tövsiyələr təbii ki, rayon ictimaiyyəti tərəfindən də qəbul edilir. Onlar artıq o adamdan bu meyarlara uyğun olmasını tələb edirlər və tələb etməlidirlər. Bunu, sadəcə, söz naminə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur bizdə. Bilirsiniz, ya yoxdur, ya da ki, ibtidai vəziyyətdədir. Belə olmaz, ictimai nəzarət olmalıdır. Əgər ictimai nəzarət olmasa, biz məlumatı haradan əldə edəcəyik? Mən, misal üçün bildirmişəm və bir daha demək istəyirəm ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür.
Ona görə mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər. İndi son vaxtların tədbirləri bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir. Eyni zamanda, belə dəhşətli faktlar aşkarlanır ki, adam vallah heç bilmir nə fikirləşsin. İndi mənim təşəbbüsümlə xüsusilə manatın məzənnəsi aşağı düşəndən sonra bizdə işsizlik meyilləri artdı. Bunu mən hiss edirdim, görürdüm. Bəzi adamlar işsiz qaldılar. Nə üçün? Çünki vaxtilə dövlət xətti ilə icra edilən layihələrə onlar cəlb olunurdu. İnvestisiyalar kəskin aşağı düşdü. Biz investisiyaları ixtisar etdik. O layihələr də artıq icra edilmədi, insanlar qaldı küçələrdə. Biz nə etdik? Düzdür, bu, bazar iqtisadiyyatına uyğun deyil. Ancaq bu, düzgün addım idi. Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əməkhaqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Eyni zamanda, həm mətbuatdan, həm ictimaiyyətdən mən həm dəstək görürəm, həm də ki, onlar mənə bu işdə kömək edirlər”.
Xatırladaq ki,  istintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin qərarı ilə Mahir Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onunla birlikdə bir neçə şəxsin də saxlanıldığı bildirilir.
Qeyd edək ki, M. Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Mahir Quliyev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.  

Xəbər lenti