Dostunun anasına qarşı əxlaqsızlıq etmək istəyəni bıçaqlayan şəxs: "Qadının nömrəsini istədi..." - TƏFƏRRÜAT

Dostunun anasına qarşı əxlaqsızlıq etmək istəyəni bıçaqlayan şəxs:
Загрузка...
Dostunun anasına görə adam bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Hasilov Orxan Vaqif oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Orxan Hasilov Siyəzəndə eyni qəsəbədə yaşadığı İbadi Poladovu bıçaqlayıb. Buna səbəb İbadi Poladovun Orxanın dostunun anasının nömrəsini istəməsi, ona qarşı əxlaqsız hərəkət etmək niyyətində olması olub. Belə ki, İbadi Poladov qəsəbədə yaşayan Rüfət adlı şəxsdən Orxanın dostunun anasının nömrəsini istəyib. Bu zaman Rüfətlə İbadi mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və İbadi Rüfəti döyüb. Bundan xəbər tutan Orxan məsələni özü həll etməyi qərarlaşdırıb. Rüfət İbadiyə zəng edərək görüşə çağırıb. İbadi ilə görüşə Orxan sinif yoldaşları Rüfət və Elşadla gedib. Orxan İbadidən etdiyi hərəkətin səbəbini soruşub. İbadi isə ona hesab verməyəcəyini deyib və dava ediblər. Orxan üzərində olan bıçaqla İbadinin buduna 2 zərbə endirib.
Təqsirləndirilən Orxan Hasilov ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilib. Əməlindən peşman olduğunu deyən Hasilov hadisə haqda bunları danışıb: "İbadi ilə eyni qəsəbədə yaşayırıq. Tanışlığımız da oradandır. Sinif yoldaşım Rüfət mənə dedi ki, İbadi qəsəbədə yaşayan qadının nömrəsini istəyib. Həmin qadın da dostumun anasıdır. Mənə tapşırıb ki, onun ailəsi ilə maraqlanım. Rüfət mənə dedi ki, İbadi onu döyüb. Mən də İbadini çağırıb məsələni qaydasına qoymaq istədim. Zəng edib görüşə çağırdıq. Elşadla Rüfət maşının arxasında oturmuşdu. Mən də sürücünün yerində... İbadi də qabaq oturacaqda... Mən ondan niyə belə hərəkət etdiyini soruşdum. Əcəb edirəm dedi, sonra da söyüş söydü. Mən də onu vurdum. Düşüb qaçdı".
Orxan hadisə zamanı içkili olduğunu deyib. O, suallara cavabında dostunun anası haqda hər hansı bir xoşagəlməz söz eşitmədiyini qeyd edib. Daha sonra məhkəmədə zərərçəkmiş İbadi Poladov dindirilib. Poladov bildirib ki, Orxanla olan savaşının səbəbkarı Rüfət olub: "Rüfətdən həmin qadının nömrəsini mən istəməmişəm. Başqası istəyib, amma Rüfət verməyib. Mən də Rüfətə niyə vermədiyini demişəm. Buna görə dava elədik". İbadi Poladov işdə adı keçən qadın haqda özünün şəxsən hər hansı bir pis niyyətinin olmadığını bildirib. Zərərçəkmiş şikayətçi olduğunu, Rüfət və Elşadın da məsuliyyətə cəlb edilmələrini istəyib: "Burda Orxan cinayəti tək boynuna götürüb. Amma vuranda Rüfətlə Elşad məni arxadan tutmuşdular. Orda bəzi ifadələr düzgün yazılmayıb".
Məlum olub ki, hadisədən sonra Orxanın dostları xəstəxanaya gedərək İbadiyə maddi dəstək də olublar. Amma İbadi həmin məbləği geri qaytaracağını deyir: "Sağ olsunlar, gətirib yastığımın altına qoydular. Amma pulu qaytaracam". Qeyd edək ki, Orxan Hasilova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Bu, onun ilk cinayət əməlidir. Məhkəmə iclası oktyabrın 15-də davam etdiriləcək.
Загрузка...
Загрузка...

Xəbər lenti