"Dostluğunuzu ayrı yerə saxlayın, onsuz da gecə-gündüz bir yerdəsiz" - Modelyerdən vəkil Ceyhun Yusifova etika dərsi

Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovanın adı ilə bağlı olan qalmaqallı məhkəmə prosesi başa çatmaq üzrədir. Criminal.az xəbər verir ki, modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq və onu qanunsuz olaraq azadlıqdan məhrum etməkdə ittiham olunan- Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb və növbəti prosesdə dövlət ittihamçısı Sabir Abdinovun çıxış edəcəyi gözlənilir.
Son məhkəmə prosesləri zamanı zərərçəkən Leyla Əhmədova ilə təqsirləndirilən Nizami Ağayevin müdafiəçisi Ceyhun Yusifov arasında qalmaqal yaşanıb. Belə ki, məhkəmə prosesi başlamamışdan öncə vəkil Ceyhun Yusifov dövlət ittihamçısı Sabir Abdinovla zarafatlar etməyə başlayıb. "Cənab prokuror, niyə zala nəzarət etmirsən, buranın ağası sənsən" deyərək atmaca atıb. Bu isə məhkəmə prosesində iştirak edən şəxslərin gülüşünə səbəb olub.
 
Vəkil Ceyhun Yusifov 
Leyla Əhmədova isə vəkilə etikalı olmağı, buranın zarafat yeri olmadığını bildirib. Xanımın sözündən coşan vəkil onu təhqir etmək istəyib və bildirib ki, "dövlət ittihamçısı Sabir Abdinovla dostam, onunla necə istəsəm danışa bilərəm". Maraqlı burasıdır ki, dövlət ittihamçısı vəkilin zarafatını çox normal qarşılayıb və heç bir reaksiya verməyib. Leyla Əhmədova isə vəkilə xatırladıb ki, bura məhkəmə zalıdır: "Dostluğunuzu, zarafatlarınızı ayrı yerə saxlayın, onsuzda gecə-gündüz bir yerdəsiz". 

Hücum olan obyekt 
Modelyerin bu sözlərindən sonra vəkil Ceyhun Yusifov əsəblərini cilovlaya bilməyərək ona kobud cavablar verib: "Sən kimsən, sən kimsən axı Sabir müəllimlə mənim arama girirsən, o mənim dostumdur, mən onunla yerindən asılı olmayaraq hər cür danışa bilərəm".
Bu zaman Leyla Əhmədova təmkin göstərərək ona bir daha vəkil etikasını qorumağı məsləhət görüb. Gərgin mübahisədən sonra hakim Mirzə Xankişiyevin sədrliyi ilə məhkəmə prosesi başlayıb.
 
Təqsirləndirilən Nizami Ağayev 
Vəkil Ağalar Ağaşirinov şahid qismində dindirilib. O, 2016-ci ilin sentyabr ayında 30 min manat pulu Leyla Əhmədovaya ofisində verdiyini bildirib. Həmçinin ofisə gələn zaman oranın tam təmirli olduğunuda təsdiq edib. Sonra isə digər şahid məhkəmə icraçısı Pərviz Zəkarayevin dindirilməsinin mümkün olmadığı hakim tərəfindən elan olunub. Səbəb kimi isə onun dindirilməsinə icra baş idarəsinin rəisinin razılıq vermədiyi göstərilib.
Bundan sonra vəkil Bəylər Məmişov Leyla Əhmədova ilə Azər Lütfəliyevin arasında olan telefon danışığının səs yazısını hakimə təqdim edib və həmin səs yazısına qulaq asılıb.
Xatırladaq ki, Leyla Əhmədova 2014-cu ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti "Leyla Əhmədova" moda evi etmək məqsədi ilə Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri Leyla Əhmədovanı oradan çıxarmağa çalışıb.
 

Təqsirləndirilən Azər Lütfəliyev 
Modelyerin sözlərinə görə, obyektə basqın zamanı ona 190 min manatlıq ziyan vurulub. Hüquq- mühafizə orqanları əməkdaşları tərəfindən aparılan istintaq hərəkətlərindən sonra 3 nəfər- Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb. Təqsirləndirilən şəxslərdən yalnız Ceyhun Eyvazov saxlanılıb, qalan iki nəfər isə ev dustağlığına buraxılıb. Onlara qarşı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2, 322.2 və 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb və işin istintaqını DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq idarəsi aparıb.
Adı çəkilən şəxslər Leyla Əhmədovaya qarşı oğurluq etməklə yanaşı 2016-ci ilin sentyabr ayının 24-dən 28-nə kimi onu qanunsuz olaraq azadlıqdan məhrum da ediblər. Belə ki, işıqları, qazı, suyu söndürərək Leyla Əhmədovanı modalar evində qanunsuz saxlayıblar, onu ətraf mühitdən təcrid edərək işgəncələrə məruz qoyublar. Məqsədləri isə Leyla Əhmədovanı onlara qarşı qaldırdığı 1 milyonluq mülki iddiadan imtina etdirmək olub.
Sırf həmin binanın təmirinə 860 min manat pul qoyulub və 238 min manat icarə haqqı da Nizami Ağayevin özünə verilib. Lakin N. Ağayev və A. Lütfəliyev məhkəmədə Leyla Əhmədovadan pul almaqlarını, hətta onu tanımaqlarını inkar ediblər. Ekspertiza isə binada görülən işə dəyər verərkən, 1500 kv. metr sahənin təmirinə xərclənən vəsaiti öncə 700 min, daha sonra 420 min, ən sonda isə 260 min məbləğində qiymətləndirdi.
 
Belə ki, N.Agayev və A.Lutfəliyev etiraf ediblər ki, binanın 3 mərtəbəsini L.Əhmədova təmir edib. 2016-cı ilin 23 sentyabrında "Riyad" Mühafizə Şirkətinin rəhbəri Ceyhun Eyvazovla N.Ağayev və A.Lütfəliyev əlbir olaraq, Leyla Əhmədovaya təzyiq göstərmək üçün "Leyla Əhmədova Modalar Evi"nə hücum təşkil ediblər. Həmin gün Nizami Ağayevin öyrətdiyi bir qrup şəxs binaya daxil olaraq, hər yeri dağıdıb və Leyla Əhmədovaya məxsus paltarların, bahalı parçaların bir hissəsini, texnologiya vasitələrini və 30 min manat pulu oğurlayıblar. Məsələni öyrənəndən sonra Leyla Əhmədova dərhal obyektə gedib, amma N.Ağayevin "Riyad" mühafizə şirkətindən tutduğu mühafizəçilər qapını kəsərək, Leyla Əhmədovanın binaya daxil olmağına icazə verməyiblər. Birtəhər içəri keçən sahibkar orda N.Ağayev və "Riyad" mühafizə şirkəti tərəfindən 5 gün qanunsuz şəkildə azadlığdan məhrum edilib. Sentyabrın 26-da qapıya dəmir jalüz quraşdırıb, girişi tamamilə bağlanìb. Bu məsələ üstündə Leyla Əhmədovanın işçilərinn və atasının qarşı tərəflə mübahisəsi də düşüb. Həmin çətin günlərdə Leyla Əhmədovaya ən böyük dəstək media və sosial şəbəkələrdən olub.
Xatırladaq ki, ötən il Azərbaycanın sevilən sənətçiləri, xalq artistləri Eldar Quliyev, Afaq Bəşirqızı, Afaq Məlikova, Fidan və Xuraman Qasımovalar, Nisə Qasımova, xalq rəssamı Ömər Eldarov, əməkdar artist Ədalət Şükürov və Azərbaycan Dizaynerlər İttifaqının katibi Nazim Yunusov da məhkəmələr tərəfindən Leyla Əhmədovaya qarşı olan haqsızlıqla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıblar.  
 
Qeyd edək ki, modelyer Leyla Əhmədova moda sahəsində gördüyü işlərə görə 15 beynəlxalq diploma layiq görülüb. 10 il ərzində Azərbaycan kolleksiyasını hazırlayıb və moda üzrə dünyanın 10 qabaqcıl ölkəsi Azərbaycan kolleksiyasını incəsənət əsəri kimi tanıyıb və Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu isə patent verib.
Xatırladaq ki, tanınmış modelyer məlum hadisəyə görə 5 ildir ki yaradıcılıqla məşğul ola bilmir.
Загрузка...
Загрузка...

Xəbər lenti