DOST mərkəzlərində vətəndaşlara düşmən münasibəti DOST mərkəzlərində vətəndaşlara düşmən münasibəti

DOST mərkəzlərində vətəndaşlara düşmən münasibəti
Загрузка...
 Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi – DOST mərkəzlərinin yaradılmasında məqsəd əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu missiya innovativ həllərin tətbiqi ilə həyata keçirilməlidir. Bu elan edilən iş prinsipləridir və hər halda DOST-un saytında belə yazılıb. Bəs reallıq necədir?
Bakıda yaşayanlar çox da uzağa getməsinlər, "Koroğlu” metrostansiyasının yaxınlığındakı 3 saylı Bakı DOST mərkəzinə baş çəkmələri kifayətdir. Buradakı DOST mərkəzi A kateqoriyalıdır. Paytaxtın Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120-130 min vətəndaşa "bir pəncərə” prinsipi ilə 132 xidmət göstəriləcək. Mərkəz 400-ə yaxın vətəndaşı qəbul etməlidir. Mərkəzin yerləşdiyi bina göz oxşayır. 

Mərkəzə daxil olmaq, oradakı xidmətlərdən yaralanmaq isə müşkül məsələdir və sanki bunu Mərkəz rəhbərliyi, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov heç görmürlər. Problemin kökü isə budur ki, Bakının 3 rayonunun təqaüd yaşına çatmış sakinləri DOST-a axışır, təqaüd təyini məsələsinin həllinə nail olmaq istəyir. Səhər 9-da açılan mərkəz axşam 6-ya qədər fəaliyyətdədir. Bu zaman kəsiyində Mərkəzin önünüdə təqaüd yaşına çatmışların böyük bir növbəsi yaranır. Fotodan da görünür ki, qızmar günəş şüaları altında növbədədirlər. Və insanlar səhərdən axşamacan növbədə gözləməli olurlar. Yaşlı insanlar qızmar günəş altında növbədən çıxmadan saatlarla Mərkəzə düşmək arzusu ilə gözləyirlər.
Növbədə saatlarla gözləmiş yaşlı insanlara vətəndaş məmnunluğu, dövlət qayğısı haqda danışmaq yersizdir. Çünki bu növbələrdə DOST-luq da itir, məmnunluq da. Halbuki növbədəkilərin daha yaxşı şərtlərdə gözləməsini təmin etmək olar. Bir kənardan çətirlər və skamyalar qoyub DOST-a gələn yaşlı vətəndaşlara əziyyət verməmək, onların rahat şəkildə öz növbələrini gözləmələrinə şərait yaratmaq, ən başlıcası isə bu növbələrdə COVİD-19-a yoluxmasının qarşısını almaq mümkündür. Digər tərəfdən ilin-günün bu vaxtında, texnologiyaların bu çağında, Azərbaycanın peyklərinin səmada dolaşdığı bir zamanda DOST mərkəzlərində onlayn növbə mövcud deyil. Bu isə son nəticədə vətəndaşın məcburi qaydada saatlarla növbədə dayanmasını şərtləndirir. 2020-ci ilin fevralında DOST Agentliyində onlayn növbə sisteminin tətbiqi müzakirə olunmağa başlasa da, hələ də müzakirələr sona çatmayıb. 

6 aydır ki, Agentlik bu məsələ ilə bağlı qərar verə bilmir. Agentliyin mətbuat katibi Şahin Əliyev 6 ay əvvəl bildirib ki, (https://ted.az/az/view/news/13490/dost-agentliyinde-onlayn-novbe-sistemi-tetbiq-olunacaq-ndash-resmi) müvafiq mütəxəssislərin araşdırmasından sonra bununla bağlı qərar veriləcək. Sitat: "Hələ ki, onlayn növbə tətbiqi ilə bağlı son qərar verilməyib. Bu məsələ müzakirə mərhələsindədir. Bu müzakirələr xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Yalnız onlayn növbə deyil, digər məsələlər də analiz edilir, xidmətin işini təkmilləşdirmək lazım olan tətbiqlər müzakirə olunur”. Normalda bu məsələlərin həlli üçün 6 ay deyil, cəmisi 6 gün kifayət etməli idi...
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Prezidentin 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 2019-cu ildə fəaliyyətə başlayıb.

Xəbər lenti