Divara “Fu Məzi” yazan fəalı vəkili ilə görüşməyə qoymurlar

Divara “Fu Məzi” yazan fəalı vəkili ilə görüşməyə qoymurlar
Загрузка...
 "Əgər qadağa varsa, hamıya şamil olunmalıdır” Fevralın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara seçki pozuntularına etiraz olaraq "Fu Məzi” şüarı yazmış Fuad İsmayılovun vəkili onunla görüşə buraxılmayıb. Bu barədə Meydan TV-yə vəkil Cavad Cavadov danışıb. Vəkilin sözlərinə görə, o, martın 10-da Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gedib. Lakin onun F.İsmayılovla görüşünə icazə verilməyib.
Müdafiəçinin sözlərinə görə, ona deyilib ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində belə bir qadağa var. Lakin C.Cavadov hesab edir ki, bu bəhanədir. Onun sözlərinə görə, həmin vaxt təcridxanadakı başqa bir şəxslə görüşə gələn müstəntiqi isə görüşə buraxıblar. "Əgər qadağa varsa, hamıya şamil olunmalıdır. İkincisi, təxirə salınması mümkün olmayan məsələlər var ki, onlar mütləq vəkillə müvəkkili arasında müzakirə olunmalıdır. Şikayət vermə müddətinin ötməsi kimi problemlər ortaya çıxa bilər. Bu cür qadağalar varsa, onda gərək heç adamları həbs eləməsinlər, istintaq aparmasınlar, məhkəmələr olmasın. Axı bunlar olur... İstisna eləmirəm ki, bizim görüşməyimizə imkan verilməməsinin başqa səbəbləri var”, - deyə Cavad Cavadov bildirib.
Hüquqlarını müdafiə etdiyi şəxslə görüşə buraxılmamasını müdafiə hüququnun pozuntusu kimi qiymətləndirən C.Cavadov lazımi orqanlara şikayət edəcəyini söyləyib. Vəkil F.İsmayılovla görüşə bilməsə də, onun haqqında 60 günlük həbs qərarından apelyasiya şikayətini martın 11-də məhkəməyə təqdim edəcəyini deyir: "Apelyasiya şikayətinə baxılanda mütləq özünü gətirməlidilər. Məhkəmə prosesindən əvvəl görüşüb, lazımi məsələləri müzakirə edəcəm”.
F.İsmayılov fevralın 9-da keçirilən parlament seçkilərində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olub. O, martın 7-də günorta saatlarında evdən çıxandan sonra ailə üzvləri onun haqqında heç bir məlumat ala bilməyib. Daxili İşlər Nazirliyinin "Qaynar Xətt”inə çoxsaylı zənglərdən sonra onun həbs olunduğunu öyrəniblər.
F.İsmayılov martın 7-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsilə 60 sutka həbs olunub. Lakin o, özünü təqsirli bilmir və məhkəmədə də belə deyib. F.İsmayılov üzərindən narkotik tapılması barədə polis bölməsində tərtib edilmiş protokola da imza atmaqdan imtina edib.

Xəbər lenti