Deputatlığa namizəd Lerikdə təzyiqdən şikayət edir

Deputatlığa namizəd Lerikdə təzyiqdən şikayət edir
Загрузка...
Müsavat Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədi Tahir Hüseynov yerli icra hakimiyyəti orqanları tərəfindən ona qarşı təzyiq olduğunu bildirib. Onun sözlərinə görə, təkcə ona deyil, qohumlarına da təzyiq göstərilir. "Əvvəl mənə ayrı-ayrı adamlar vasitəsilə şirinlikdirici təkliflər göndərmişdilər ki, namizədliyimi geri götürüm, sonra hədə-qorxuya keçdilər", deyə Hüseynov Turan Agentliyinə bildirib.
"Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev və şöbə müdiri Əlipənah Bayramov yaşadığım Şivlə kəndinin icra nümayəndəsi Eminəli Həşimovu, məntəqə seçki komissiyasının sədri Tərlan İsrafilovu və mənim qardaşım Ağahüseyn Hüseynovu icra hakimiyyətinə çağıraraq, onlara bildiriblər ki, mən namizədliyimi geri götürməsəm, onlara pis olacaq. Bunu çəkinmədən, açıq-aşkar edirlər, iclas yığıblar. Daha sonra seçicilərə təzyiq etməyə başladılar”, deyə Hüseynov bildirib.
Hüseynovun iddiasına görə, ona imza verən seçicilərə təzyiq edərək imzalardan imtina etməyə tələb olunur. "Mənə imza vermiş sakinləri tapıb onlardan ərizə alırlar ki, mənə imza verməmişdilər və topladığım imzalar saxtadır. Xüsusi büdcə təşkilatlarında işləyən və sosial yardımı alan vətəndaşlara təzyiq edilir. Onlar 80-100 belə ərizə toplamaq istəyirlər ki, bu ərizələrin əsasında mənim yetərincə imza toplaya bilmədiyimi elan etsinlər və məni seçkilərə buraxmasınlar”, deyə Hüseynov qeyd edib. Lerik rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Xəbər lenti