"Demirlər ki, Əliyevdən uşaqpulu tələb etdiyinə görə şərləyirik, deyirlər ki, şalvarını çıxarıb..."

Загрузка...
Bir gün öncə psixiatriya xəstəxanasından buraxılan AXCP fəalı yenə yoxa çıxıb
Martın 29-da "Facebook” səhifəsindən canlı yayımda əhalinin, o cümlədən öz ailəsinin güzəranının ağırlığına görə Azərbaycan hökumətini tənqid edəndən bir gün sonra Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına salınan AXCP fəalı Aqil Hümbətov aprelin 1-də oradan buraxılıb. Amma aprelin 2-də onun yenidən saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib. Həyat yoldaşının sözlərinə görə, aprelin 2-də günorta saatlarında Aqillə birlikdə fəhləliklə məşğul olan şəxslərdən öyrənib ki, onu mülki geyimli şəxslər aparıb:
"Polisə zəng eləmişəm, deyir, sahə müvəkkilinizə zəng eləyin. Sahə müvəkkili Pərviz Abdullayevə zəng eləyirəm, cavab vermir. Heç olmasa, yerini deyin. Belə zülm olar? Mənim yoldaşım sizə neyləyib axı? Haqq-ədalət, uşaq pulu tələb eləmək cinayətdir? Görünür, dəli adıyla saxlaya bilmədilər, buraxıb indi həbs eləyirlər. Bu ailənin, uşaqların çörək gətirəni ancaq yoldaşımdır. Bu uşaqları ac qoymaqla nə qazanırlar, heç Allah qorxusu yoxdur bunlarda?”
A.Hümbətov aprelin 2-də səhər saatlarında Meydan TV-nin əməkdaşıyla söhbətində psixatriya xəstəxanasına necə aparılmasından, oradakı vəziyyətdən danışıb. O bildirib ki, yaşadığı Zirə qəsəbəsinin bələdiyyəsində fəhlə işləyir. Martın 30-da onu mülki geyimli polislər gəlib elə işlədiyi yerdə, digər fəhlələrin gözünün qarşısında aparıblar:
"Yolun kənarını təmizləyəndə bir Post-Patrul maşını gəldi, sükan arxasında da sahə müvəkkilimiz Pərviz Abdullayev. Şübhələndim, amma əhəmiyyət vermədim. Günorta saat 12-1 radələrində zibili toplayıb, bir az fasilə vermişdik, çay içirdik, bu zaman iki nəfər cüssəli adam gəldi. Yaxınlaşan kimi qolumdan tutdular, zorla maşına tərəf sürüdülər. Əvvəlcə elə bildim iki nəfərdilər, sonra gördüm ki, çoxdular. Yaxınlaşanda gördüm ki, bayaqkı polis maşını, sahə müvəkkili də orada…”
Əvvəlcə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə aparıldığını deyən A.Hümbətovun sözlərinə görə, həm yolda olarkən, həm də bölmədə ondan telefonunu istəyiblər. O isə telefonun evdə olduğunu söyləyib:
"Ən çox telefonla maraqlanırdılar. Bilirdim ki, bir gün əvvəlki canlı yayıma, "Facebook”-dakı paylaşımlarıma görədir. Bölmədə təxminən iki saat kamerada saxladılar. Sonra Təcili Tibbi Yardım maşını gəldi. Həkimlər məndən soruşdu ki, üstündə qiymətli əşya yoxdur? Dedim ki, səhhətimi yoxlamağa gəlmisən, yoxsa qiymətli əşyalarımı? Məni Təcili Tibbi Yardım maşınına oturdub Maştağaya gətirdilər. Qəbul şöbəsində yoxlayanda qızdırmam 37.2 oldu. Əvvəl buna görə qəbul eləmək istəmədilər. Polis sonra nə dedisə, məcbur olub götürdülər”. 

Məhkəmə qərarı Mənbə: Meydan TV
A.Hümbətov xəstəxanada saxlandığı üç gün ərzində şəxsən özünə qarşı rəftardan narazı qalmayıb. Lakin oradakı sanitar vəziyyətdən, başqa xəstələrə qarşı raftardan şikayətlənir:
"Özümə söz vermişdim ki, nə vaxtsa xəstəxanadan çıxsam, birinci növbədə bu haqda danışacam. Məni əvvəl saxladıqları otaq təmiz idi. Sonra apardıqları şöbə çox acınacaqlıydı. Xəstələrlə pis davranırlar. Xəstələri daş daşıyan gördüm. Eləsi vardı, gücü çatmır, amma daşıtdırırlar. İlham Əliyev və komandasının danışdığı humanism, insanlara qayğı budur? Ayaqyolu nə vəziyyətdədir. Xəstə insan deyil? Ən böyük virus mənbələrindən biri Maştağadakı o xəstəxanadır...”
A.Hümbətovun sözlərinə görə, xəstəxanada olarkən ona məlum olub ki, haqqında saxta şikayətlər tərtib olunub. İddia edilib ki, Zirə qəsəbəsində küçədə şalvarını çıxarıb gəzib, insanlara qarşı nalayiq hərəkətlər edib. Bu əsasla da xəstəxanaya yerləşdirilib:
"İnanın, ağ yalandır. Ayıbdır, bu, heç bir çərçivəyə sığmır. Adamı bu cür əxlaqsız böhtanla şərləməzlər. Demirlər ki, "Facebook”dakı çıxışlarına, İlham Əliyevdən uşaqpulu tələb etdiyinə görə şərləyirik, deyirlər ki, şalvarını çıxarıb”. AXCP fəalı bildirir ki, 2 gecə xəstəxanada saxlandıqdan sonra aprelin 1-də onu öncə şöbə müdirinin yanına aparıblar. Onunla bir xeyli danışandan sonra apardıqları otağa Sabunçu Rayon Məhkəməsinin hakimi Samir Talıbov gəlib. Hakimlə də danışıblar, ailəsinin durumundan, uşaqlarının, xüsusən xəstə övladının dərman ehtiyaclarından tutmuş, yaşadığı evdəki bərbad şəraitə qədər məlumat verib. Bütün bunlara görə hökuməti, şəxsən Prezident İlham Əliyevi tənqid etdiyini vurğulayıb:
"Hakim də öz aləmində tövsiyələr verirdi ki, "Xalq Cəbhəsi Partiyasında olmaqla nə qazanırsan, çəkil bu yoldan”… Dedim ki, bəlkə sizin üçün hər şey puldur, vəzifədir, amma mənim üçün insanlıqdır, ədalətdir…”
A.Hümbətovun sözlərinə görə, hakim gedib, bir qədər sonra qayıdaraq, ona xəstəxanadan çıxacağını xəbər verib: "Sağ olsun, taksinin pulunu də hakim özü verdi, dedi ki, məni gətirib evimə qoysun…” Sabunçu Rayon Məhkəməsinin hakimi Samir Talıbovun çıxardığı qətnamədə yazılıb ki, Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov ərizə ilə məhkəməyə müraciət edib. Baş həkim ərizəsində yazıb ki, A.Hümbətov 1-ci polis bölməsinin məktubu əsasında təxirəsalınmaz qaydada xəstəxanaya yerləşdirilib. Xəstəxanada Həkim-Məsləhət Komissiyası onun "şəxsiyyətin paranoyal tip pozuntusu” diaqnozuyla xəstəlikdən əziyyət çəkməsi, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib.
Polis bölməsinin məktubunda yazılıb ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər var. Məhkəmə baş həkimin ərizəsini təmin etməyib. Qətnamədə yazılıb ki, komissiyanın rəyində A.Hümbətovun iradəsinə zidd şəkildə xəstəxanada saxlanmasının hansı zərurətdən irəli gəlməsi əsaslandırılmayıb. Küçələrdən plastik və karton tullantıları toplayıb, təhvil verməklə ailəsini dolandıran A.Hümbətova ötən ilin martında da 30 günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır. Bildirirdi ki, həbsinin səbəbi iki gün öncə Prezidenti tənqid etməsidir.

Xəbər lenti