'Dedilər ki, oğlumun başı yarılıb, üz-gözü parça-parçadır...'

'Dedilər ki, oğlumun başı yarılıb, üz-gözü parça-parçadır...'
Загрузка...

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun anası deyir ki, 10 gündən çoxdur oğlundan heç bir xəbər tuta bilmir. Rəhimə Hüseynova AzadlıqRadiosuna bildirib ki, sonuncu dəfə yanvarın 12-də Abbasla danışıb. O vaxtdan bəri onunla nə görüşüb, nə də telefonla danışa bilib. Anasının sözlərinə görə, vəkili yanvarın 23-də təcridxanaya gedib ki, A.Hüseynovla görüşsün, amma ona icazə verməyiblər.

A.Hüseynov hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Qobustan həbsxanasında işgəncələrə məruz qalması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Qaradağ Rayon Məhkəməsi onun həbsxana rəhbərliyinə qarşı şikayətini təmin etməyib. Bu məhkəmə qərarından apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsində bu işə baxılarkən Abbasın özünün də iştirak etməsi üçün məhkəmə ərəfəsində onu Qobustandan İstintaq Təcridxanasına gətiriblər.

 

«Onu sürüyə-sürüyə aparanda Taleh də görüb»

R.Hüseynovanın sözlərinə görə, onu Qobustan həbsxanasından döyə-döyə, qan içində gətiriblər: «Mənə dedilər ki, başı yarılıb, üz-gözü parça-parçadır, ayaqları şişib. Onu Qobustanda döyüb, sürüyə-sürüyə aparanda Taleh də (ilahiyyatçı Taleh Bağırov-red.) görüb. Kürdəxanı təcridxanasına getdim ki, görüşüm, qoymadılar. Təcrid eləyiblər. Yəqin gözləyirlər ki, xəsarət izləri getsin, sonra görüşməyə icazə versinlər. Vəkili də buraxmayıblar. Bilmirəm mənim övladımdan nə istəyirlər...».

R.Hüseynova bildirib ki, məsələ ilə əlaqədar Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayətlər göndərib, ancaq heç bir cavab almayıb. Ana deyir ki, oğluna görə qorxu içində yaşayır: «Ehtiyat edirəm ki, başına bir iş gətirib, deyərlər ki, özü-özünə nəsə eləyib. Mən bunlardan hər şey gözləyirəm. Vəkili Yalçın İmanov Abbasa verilən işgəncələrə göz yummadığına, onun üzərindəki xəsarətləri görüb susmadığına görə onu vəkillikdən çıxartdılar».

Abbasın heç bir günahı olmadan 20 il azadlıqdan məhrum edildiyini deyən R.Hüseynova oğluna qarşı təzyiqlərə son qoyulmasını tələb edir.

 

A.Hüseynovun vəkili Fariz Namazlı AzadlıqRadiosuna təsdiqləyib ki, yanvarın 23-də Bakı İstintaq Təcridxanasına getsə də, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilməyib. Ondan istintaq təcridxanasında görüş üçün Penitensiar Xidmətin icazə sənədini istəyiblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, A.Hüseynovun təzyiqlərə məruz qalması barədə iddialar əsassızdır. M.Sadıqov deyir ki, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan bütün məhkumlara qarşı münasibət eynidir, onlarla qanun çərçivəsində davranılır.

Xatırlatma

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. T.Bağırov və A.Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

Загрузка...
Загрузка...

Xəbər lenti