Daxili işlər naziri baş redaktoru qəbul etdi, təhdid olunmasının araşdırılacağını açıqladı

Daxili işlər naziri baş redaktoru qəbul etdi, təhdid olunmasının araşdırılacağını açıqladı
Загрузка...
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru, jurnalist Anar Məmmədovu qəbul edib. Bu barədə Anar Məmmədovun özü məlumat verib.
Jurnalist bildirib ki, nazir son günlər sosial şəbəkələrdə guya naməlum şəxslər tərəfindən "vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa "oliqarx” tərəfindən təşkil edilməsi barədə yayılmış məlumatlarla bağlı dinləyib. Nazirə barəmdə sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda bu qəbildən olan olan məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim. 

Anar Məmmədov 
Bildirdim ki, son zamanlar mütəmadi olaraq əsassız iddialarla məhkəmələrə cavabdeh qismində cəlb olunuram. Barəmdə bu qəbildən olan məlumatların əsassız iddia müəllifləri tərəfindən yayıla biləcəyini də istisna etmirəm. Bütün hallarda baş verənlərin peşə fəaliyyətimlə bağlı olduğunu Vilayət Eyvazovun diqqətinə çatdırdım. Məni diqqətlə dinlədi. Bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb. Vurğuladı ki, müraciətimlə bağlı zəruri araşdırma aparılacaq.
Nazir əlavə etdi ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. Daxili İşlər Nazirliyi MDB məkanında ən yüksək səviyyətə texniki təchizata malikdir. Bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi bizim üçün önəmlidir. Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin.
A.Məmmədov əlavə etdi ki, görüşdən sonra ona bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb. 
Xatırladaq ki, sosial şəbəkələrdə A.Məmmədovun naməlum şəxslər tərəfindən "vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa "oliqarx” tərəfindən təşkil edilməsi barədə məlumatlar yayılıb. A.Məmmədov bunu yalan adlandırıb və DİN rəhbərliyini bu dezinformasiyanı yayanları tapıb cəzalandırmağa çağırıb. A.Məmmədov özü Azərbaycan DİN rəhbəri Vilayət Eyvazova məktubla müraciət edərək ona hücum edilməsi və amansızcasına döyülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmasını xahiş edib. Jurnalist hesab edir ki, saxta məlumatın yayılması ona qarşı planlaşdırılan təxribatın tərkib hissəsidir. Bununla əlaqədar o, DİN rəhbərindən yalan məlumatları yayan şəxslərin aşkar edilməsi və cəzalandırılması üçün tədbirlər görülməsini xahiş edib.
Criminal.az saytının baş redaktoru Anar Məmmədov yazılarına görə artıq bir neçə dəfə məhkəməyə verilib. Sonuncu dəfə ötən ilin sonlarında "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanova xüsusi ittiham qaydasında iddia qaldıraraq jurnalistin həbsini tələb edib. Jurnalist "Lombard N:1" firmasının sahibi Məlahət Qurbanovanın iddiası əsasında təqsirləndirilən şəxs qismində cəlb edilib. İşə yanvarın 8-də Ağdam rayon Məhkəməsində hakim Mahir Niftiyevin sədrliyi ilə baxış başlayıb. Jurnalistin verdiyi məlumata görə, Qurbanova onu böhtan atmaqda ittiham edir, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir.
 İki məqalə iddia predmetidir:
Məqalələrdə söhbət Qurbanova və keçmiş əmək naziri Fizuli Ələkbərov arasında qeyri-yaşayış sahəsi ilə bağlı çəkişmədən gedir. Qurbanova iddiada lombard fəaliyyəti ilə məşğul olmadığını qeyd edir və jurnalisti sabiq nazirin maraqlarını müdafiə etməkdə ittiham edir. Anar Məmmədov iddia ərizəsində yazılanlarla razılaşmır və kimsəyə böhtan atmadığını, heç kimi təhqir etmədiyini deyir.
Media sahəsində ekspert Ələsgər Məmmədli də hesab edir ki, məhkəmələr diffamasiya haqqında iddianı icraata qəbul etməməlidirlər və onlar Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusu olaraq təkzib ediləcək.
Anar Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunur ki, onun Gəncə hadisələri (sabiq icra hakimiyyəti başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət edib. A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Загрузка...
Загрузка...

Xəbər lenti