Daşqın Ağalarlının Polşada saxlanıldığı bildirilir

Daşqın Ağalarlının Polşada saxlanıldığı bildirilir
Загрузка...
 "Ona Azərbaycana deportasiya olunacağı deyilib”
Siyasi fəal Daşqın Ağalarlının Polşanın Qdansk (Gdansk) Hava Limanında İnterpol tərəfindən saxlanıldığı bildirilir. Məlumatı həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva yayıb.
Bildirib ki, Daşqın Ağalarlıya Azərbaycana deportasiya olunacağı deyilib: "Mənə özü zəng etmişdi. Dedi ki, Azərbaycan tərəfin İnterpola şikayəti əsasında saxlanılıb. Həmin şikayət isə yeni deyil, çoxdan edilib. Hüquq- müdafiə təşkilatlarının təcili müdaxiləsi lazımdır”- deyə, Leyla Mustafayeva bildirib.
Daşqın Ağalarlı daha öncə də - 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı. Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını bildirərək, onu İnterpol xətti ilə axtarışa vermişdi. Daşqın Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi Şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamları təsdiqlənmədiyindən, onu azadlığa buraxmışdı.
Daha sonra Daşqın Ağalarlıya Gürcüstandan deportasiya ediləcəyi ilə bağlı məlumat verilmişdi. O, bundan sonra Gürcüstanı tərk edib, Avropaya getmişdi. Daşqın Ağalarlı iki övlad atasıdır. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub.
1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanaraq, sərbəst buraxılıb. Sonrakı illərdə isə Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib. Britaniyadakı Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil analitik mərkəzin 2016-cı ildə açıqlanmış hesabatında da Ağalarlıdan bəhs edilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarına görə təqib edildiyi vurğulanırdı.

Xəbər lenti