Daha 7 kənd işğaldan azad edildi

Daha 7 kənd işğaldan azad edildi
 Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının kəndləri geri alınıb
Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter” hesabında bildirib.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub. 1 aydan çoxdur davam edən hərbi əməliyyatlar nəticəsində 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı; 3 qəsəbə - Hadrut, Mincivan, Ağbənd və 200-dən çox kənd azad olunub.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib. Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi - red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.
Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Xəbər lenti