Daha 3 jurnalistin ölkədən çıxış qadağası götürüldü

Daha 3 jurnalistin ölkədən çıxış qadağası götürüldü
Загрузка...
İstintaq İdarəsi: "Mayın 11-dək Meydan TV işi ilə bağlı ölkədən çıxışına qadağa qoyulan jurnalist qalmayacaq”
Mayın 7-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədov Meydan TV ilə əməkdaşlıq etdiyinə görə ölkədən çıxışına qadağa qoyulan daha 3 jurnalisti qəbul edib. Onlar müstəqil jurnalistlər Aytən Ələkbərova (Fərhadova), Aytac Əhmədova və Tural Əsədlidir. Hər 3 nəfər jurnalistin ölkədən çıxışına qoyulan yasaq götürülüb.
Həmçinin Aytac Əhmədovanın evindən götürülmüş komputeri də jurnalistə geri qaytarıblar. İdarədən bildirilib ki, bu ayın 11-dək Meydan TV işi ilə bağlı ölkədən çıxışına qadağa qoyulan jurnalist qalmayacaq. Mayın 6-da isə müstəqil jurnalistlər İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaraca istintaq idarəsində olublar. Onların da ökədən çıxışına qoyulan yasaq götürülüb.
Ondan əvvəl isə jurnalist Aynur Qənbərovanın (Elgünəş) ölkədən çıxışına qoyulan yasaq götürülmüşdü.
2015-ci ildə Meydan TV-nin məsul şəxslərinə qarşı açılan cinayət işindən sonra bu media qurumu ilə əməkdaşlıq edən bir qrup jurnalistin ölkədən çıxışına qadağa qoyulmuşdu. Bu illərdə 10-dan çox jurnalist vaxtaşırı Baş Prokurorluğa dindirməyə çağırılır, burada onlardan Meydan TV-nin maliyyələşmə mənbəyini açıqlamaları tələb olunurdu.
Mayın 3-də jurnalistlər Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında aksiya keçiriblər. Onları idarənin rəisi Eldar Əhmədiov qəbul edib və jurnalistlərin qadağasının götürülməsi istiqamətində prosesin başlandığını, yaxın zamanlarda davam edəcəyini deyib. Bir çox beynəlxalq təşkilat Meydan TV ilə əməkdaşlıq etmiş jurnalistlərin hüquqlarının pozulmasına görə hakimiyyəti kəskin tənqid ediblər.
Загрузка...
Загрузка...

Xəbər lenti