“Dafne Qalizianın öldürülməsində dövlət günahkardır”

“Dafne Qalizianın öldürülməsində dövlət günahkardır”
 İctimai araşdırma qrupu hesabatını açıqlayıb
İctimai araşdırma qrupu maltalı araşdırmaçı jurnalist Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) öldürülməsində dövləti günahkar sayıb. Hüquqşünaslardan ibarət qrup jurnalistin ölümü ilə bağlı müstəqil araşdırma aparıb. BBC yazır ki, həmin araşdırma ilə bağlı yayılan hesabatda dövlətin müxbirin həyatı üçün riskləri tanımadığı, həmin risklərin qarşısını almaq üçün hər hansı addım atmadığı bildirilir.
Maltalı araşdırmaçı jurnalist Karuana Qalizia 2017-ci ilin oktyabrında evindən çıxdıqdan az sonra avtomobilində törədilmiş partlayışda öldürülüb. Onun avtomobilinə partladıcı yerləşdirməkdə şübhəli bilinən 3 nəfər - Alfred və George Degiorgiolar və Vincent Muscat həbs edilib. Onların qətlə görə 150 min avro (165 min dollar) aldıqları bildirilir. Həbs edilənlərdən bir nəfər 15 il azadlıqdan məhrum edilib, digər iki nəfərin məhkəməsi davam edir.
İlkin istintaq zamanı prokurorluq qətli dövlət rəsmiləriylə yaxın əlaqələri olan iş adamı Yorgen Feneçin (Yorgen Fenech) təşkil etdiyinə inanırdı. İş adamı isə bu iddiaları təkzib edirdi. Bu səbəbdən Yorgen Feneç 2019-cu ilin noyabrında yaxta ilə Maltadan getmək istəyərkən həbs edilib, hazırda məhkəməni gözləyir. Feneçin hənsindən sonra Maltanın Baş naziri Jozef Muskat 2019-cu ilin dekabrında istefa verib. İstefasından sonra onunla bağlı araşdırma aparılıb.
"Bir qadın Wikileaks”, - olaraq adlandırılan Karuana Qaliziya öz ölkəsində və xaricdə korrupsiya şəbəkələrini ortaya çıxaran araşdırmaları ilə tanınırdı. Öləndə 53 yaşı var idi və o, ömrünün 30 ilini jurnalistikaya həsr etmişdi. O, məşhur "Running Commentary” blogunda Malta siyasətçilərini və digər məmurları korrupsiyada günahlandırırdı. Bir sözlə, hökumətin sərt tənqidçisi idi. Dafne Karuananın ailəsi jurnalistin ölümündən sonra cinayətlə bağlı müstəqil bir ictimai araşdırma tələb etmişdi. Baş nazir istefasından bir neçə ay öncə buna izin vermişdi.
Araşdırmaçılar son iki ildə müstəntiqlər, siyasətçilər və jurnalistlər də daxil olmaqla xeyli insan arasında sorğu keçirmiş, onlarla şahidi dinləmişdi. Nəhayət, yenicə tamamlanan 437 səhifəlik hesabatda dövlətin ən yüksək eşelonlarının cəzasızlıq mühiti yaratdığı qənaətinə gəlinib. Hesabatda bildirilir ki, böyük bizneslər və hökumət arasında "əsassız yaxınlıq" var. Hesabatda Maltada qanunların təkmilləşdirilməsi və jurnalistlərin daha yaxşı qorunması yönündə tövsiyələr də verilib.
"İndiyədək yalnız bir neçə şəxsə qarşı ittiham irəli sürülüb. Fevralda jurnalistin ölümündə ittiham edilən 3 nəfərdən yalnız biri günahını etiraf etdi və 15 il həbs olundu. Qalanları hələ məhkəməyə belə getməyib. 4-cü şübhəli maltalı iş adamı Yorgen Feneç də qətlin iştirakçısı olmaqda ittiham olunur. Ancaq o, bu iddianı rədd edir” – deyə, hesabatda vurğulanır. Jurnalistin ailəsi hesabatın Maltada qanunun aliliyinin bərpasına səbəb olacağına inanmaq istəyir. Bu barədə hesabat açıqlanandan sonra verdikləri açıqlamada bildiriblər.
Maltanın hazırkı Baş naziri Robert Abela isə hesabatla əlaqədar bunları söyləyib: "Dərslər alınmalı və islahatlar daha böyük qətiyyətlə davam etdirilməlidir. Mən Dafne Karuananın ailəsindən və ölkə tarixində bu qaranlıq hadisədən əziyyət çəkənlərin hamısından üzr istəməyi özümə borc bilirəm”. Avropa Birliyinin ən kiçik üzvü olan Maltanın araşdırmaçı jurnalisti Dafne Karuana Qaliziya 2017-ci ilin fevralında özünə məxsus "Running Commentary” bloqunda "17 Black Limited” adlı məxfi şirkət haqda məlumat paylaşıb. O, həmin materialda şirkətin maltalı siyasətçilərə bağlı olduğunu söyləyirdi. Ancaq şirkətin tam olaraq kimə məxsus olduğunu tapa bilməmişdi. Elə həmin matarial dərc olunandan 8 ay sonra öldürüldü.
Jurnalistin ölümündən sonra "Reuters” Agentliyi "17 Black Limited” şirkətinin iş adamı Yorgen Feneçə məxsus olduğunu tapmışdı. Həmin araşdırmada və qalmaqalda Azərbaycanın da adı hallanırdı. Çünki Dafne Karuana müxtəlif banklar və maliyyə qurumları vasitəsilə külli miqdarda pulların yuyulması və üçüncü ölkəyə göndərilməsi məsələsində Azərbaycan, Moldova və Rusiyanın adını çəkirdi. Yazılarından birində isə o, Azərbaycan Prezidentinin qızlarına məxsus şirkətin Maltanın Baş nazirinin həyat yoldaşına məxsus şirkətə bir milyon dollar köçürüldüyünü yazırdı. Amma "Malta Today” yazır ki, Əliyevlərə məxsus şirkətlərin müxtəlif şübhəli əməliyyatlarda iştirakı sənədlərə sübut olunsa da, Malta Baş nazirinin xanımına pul köçürülməsi faktı öz təsdiqini tapmayıb. Azərbaycan hakimiyyəti indiyədək bu iddiaları cavablandırmayıb. Amma 2017-ci ildə Azərbaycanın adı hallanan pulyuma əməliyyatı ilə bağlı açıqlama verən rəsmilər bunu "Azərbaycanı istəməyən qüvvələrin işi” - adlandırmışdı.

Xəbər lenti