“Cin çıxaranlar”ın məhkəməsi başladı

“Cin çıxaranlar”ın məhkəməsi başladı
Загрузка...
 Təqsirləndirilənlər ölən şəxsin atasının da hadisəyə şahidlik etdiyini deyirlər
Şabranda 25 yaşlı Murad Soltanovun "bədənindən cin çıxarmaq üçün” nar çubuqlarıyla döyülməsi və nəticədə ölməsilə bağlı məhkəmə prosesi başlayıb. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Sentyabrın 24-də hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihama əsasən, M.Soltanovu döyənlər Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olub.
"Cin çıxarma” prosesi ötən il noyabrın 10-da Vüsal İbrahimovun evinin ikinci mərtəbəsində baş verib. Adları çəkilən şəxslər evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla, müalicə etdiklərini, bədənindən şər qüvvələri çıxardıqlarını deyiblər. Onu nar ağacının çubuqları ilə vurub, ağır xəsarətlər yetiriblər. Döyülmə nəticəsində gəncin vəziyyəti ağırlaşıb.
Daxili orqanları zədələnən M.Soltanovu atası Şabranda kirayə qaldıqları evə gətirəndən sonra orada vəfat edib. Cinayət işinin materiallarına əsasən, mərhum M.Soltanov Bakıda da əvvəl eyni üsulla "müalicə alıb”. M.Soltanovun ölümünə səbəb olan döyülmə prosesinin təxminən 40 dəqiqə çəkdiyi bildirilir. Adları çəkilən şəxslər ittihama münasibət bildirərkən özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar zərərçəkmiş şəxsin hüquqi varisi - Murad Soltanovun atası Şahin Soltanovun məhkəmədə iştirakının təmin olunmasını, onun da dindirilməsini istəyiblər.
Bildiriblər ki, Şahin Soltanov da hadisə yerində olub - oğlunun "bədənindən cin çıxarılması” prosesinə şahidlik edib. Məhkəmə bu üzdən təxirə salınıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Загрузка...
Загрузка...

Xəbər lenti