Cəza müddəti bitən AXCP üzvü həbsdən buraxılmır

Cəza müddəti bitən AXCP üzvü həbsdən buraxılmır
Загрузка...
 Vəkil Ombudsmana və Daxili işlər nazirinə müraciət edib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Emin Fərhadovun həbs müddəti avqustun 29-da başa çatsa da, o, azadlığa buraxılmayacaq. Bu barədə onun vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil bildirib ki, məsələ ilə əlaqədar Ombudsmana və Daxili işlər nazirinə müraciət etsə də, müsbət nəticə yoxdur. E.Fərhadov Qarabağa dəstək yürüşündən sonra həbs olunan cəbhəçilərdəndir. O, iyulun 30-dan həbsdədir.
İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) maddəsilə ittiham edilərək, ona 30 sutka həbs cəzası verilib. Məhkəmə qərarı iyulun 31-də çıxarılsa da, orada cəza müddətinin saxlandığı gündən – iyulun 30-dan hesablanması göstərilib.
E.Fərhadovun həbsdən buraxılmamasının səbəbinə gəlincə, vəkil deyir ki, cəbhəçi fəalın bir müddət koronavirusla əlaqədar müalicə müəssisəsində saxlanmasıyla əsaslandırırlar: "Məhkəmə qərarında cəzanın çəkilmə yeri kimi İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsi göstərilib. Məhkəmənin bu qərarına baxmayaraq, Emin Fərhadov avqustun 3-nə qədər Sabunçu rayonu, 13-cü polis bölməsində saxlanılıb.
Polis bölməsində olduğu vaxt ondan COVİD-19 testi götürülüb. Ona deyiblər ki, testin cavabı müsbət çıxıb. Bu səbəbdən onu tibbi müalicə müəssəsinə göndəriblər. Həmin müəssədə 12-13 gün saxlanılandan sonra İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə gətirilib. Hazırda da oradadır. Məntəqədə ona deyilib ki, müalicədə olduğu günlər cəza müddətinə daxil olmayacaq. Bu səbəbdən də o, avqustun 29-da yox, sentyabrın 12-də azadlığa buraxılacaq”. Vəkil hesab edir ki, müvəkkilinin sentyabrın 12-nə qədər həbsdə saxlanması qanunsuzdur. İnzibati Həbs olunanların Saxlanma Məntəqəsi Daxili İşlər Nazirliyinin tabeliyindədir. Bu səbəbdən də müdafiəçi Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib:
"Emin Fərhadov cəza çəkməyə başlayandan 5 gün sonra müalicəyə göndərilib. Ən əsası, məhkəmə qərarında cəzanın əvvəli kimi 30 iyul tarixi göstərilib. Məhkəmə qərarı da qüvvəsindədir. Yəni cəzanın təxirə salınması barədə məhkəmə qərarı yoxdur. Belə olan halda, Emin Fərhadovun azadlığa buraxılma vaxtının məntəqə rəhbərliyi tərəfindən heç bir hüquqi əsas olmadan uzadılması qanunsuzdur”.
Ə.Mustafayev əlavə edib ki, Ombudsman Aparatı və Daxili İşlər Nazirliyindən müraciətlərinə cavab ala bilmədiyinə görə məsələni ictimailəşdirmək məcburiyyətində qalıb. Vəkil istisna etmir ki, müvafiq orqanlara media vasitəsilə müraciətinə görə ondan Vəkillər Kollegiyasına şikayət də oluna bilər: "Hesab edirəm ki, bu müraciət müvəkkilimin hüquqlarının müdafiəsi üçün son şansdır və ondan istifadə etmək mənim borcumdur...”
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən və məntəqə rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xəbər lenti