Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE

Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
"Tərtər işi” ölkə gündəmində aparıcı mövzulardan olaraq qalır. Son günlər bu işlə bağlı çox ciddi müzakirələr aparılır. Yada salaq ki, 4 il əvvəl, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bu işlə bağlı birgə bəyanat yaymışdı.
O dövrdə AzərTAC-a ötürülən bəyanatda deyilirdi ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında tədbirlər gerçəkləşdirilib.
Nəticədə bir qrup hərbi qulluqçu və digər mülki şəxslər saxlanılıb. Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.
Bu bəyanatdan sonrakı 1 ildən artıq bir müddətdə iş üzrə ictimaiyyətə açıqlama verilmədi. 2017-ci ilin may və iyun aylarında baş vermiş kütləvi işgəncə halları barədə cəmiyyət yalnız 2019-cu ildə işin təfərrüatları tədricən üzə çıxandan sonra xəbər tutmağa başladı.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 9 nəfər işgəncə nəticəsində ölüb. İndi Azərbaycanda bu işi əsgərlərin dindirilmək üçün aparıldığı rayonun adına görə "Tərtər işi” adlandırırlar.
İşdə hərbi prokuror Xanlar Vəliyevin adı ilə yanaşı Müdafiə Nazirliyinin o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun, onun bacısı oğlu, həmin vaxt nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərovun ismləri də çəkilirdi. Sonradan məhkəmələrdə üzə çıxanlar da iddiaların əbəs olmadığını ortaya çıxardı.
Məsələn, "Tərtər işi” çərçivəsində 17 il həbs cəzası alan Zaur Abdullayevin anası Təranə Abdullayeva 2020-ci ilin dekabrında, Gəncə Apelyasiya Məhkəməsində oğluna verilmiş işgəncələrdən danışıb. "Heç bir cinayət törətməyən adama 17 il... Nə qədər işgəncə veriblər ona. Armaturla döyüblər, dişini çəkiblər, dili tutulub, hətta cinsiyyət üzvünə elektrik cərəyanı veriblər. O işgəncə qalmayıb ki, görməsin...”, - Zaur Abdullayevin anası Təranə Abdullayeva belə deyib.
32 yaşlı Zaur Abdullayev evlidir, iki oğlu var. Uşaqların hər ikisi azyaşlıdır. Anasının dediyinə görə, Zaur həbs olunanda ikinci oğlunun doğulmasını gözləyirmiş:
"Hər iki oğlum hərbçi idi. Bir yerdə işləyirdilər. Zaur 11 il idi işləyirdi, qardaşı 2 il 7 ay. Hər ikisi 2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olub. Zaura görə kiçik oğlumu işdən çıxardılar. Nə qədər işgəncə görüb o da. Axırda yararsız kimi işdən buraxdılar, indi evdə dustaqdı. Xəstəlik tapıb. O qədər döyüblər ki, ciyərlərinə ləkə düşüb. Müalicə elətdirirəm, sağalda bilmirəm”.
Zaur Abdullayev həbsdə dizinin arxa nahiyəsindən əməliyyat olunub. Təranə xanım məhz işgəncələr nəticəsində oğlunun ayağının sıradan çıxdığını deyir: "Əməliyyatı da düz eləməmişdilər. Yarası sonradan çirk eləmişdi. Çox əziyyətlər görüb. Komaya düşüb, ölü bilib, bir həftə meyitxanada saxlayıblar. Şəfayət İmranov (hərbi prokurorun müavini, ədliyyə general-mayoru-red.) özü deyib ki, 7 nəfər ölüb, bu da olsun 8-ci. Hər yerə müraciət eləmişik. Hərbi prokuror Xanlar Vəliyevin də qəbulunda olmuşuq. Əvvəlcə bizi arxayın elədi, dedi ki, hər şey yaxşı olacaq. Ali Məhkəmədə hamımızı çölə çıxardılar, iştirak eləyə bilmədik”.
Ali Məhkəmədə əvvəlki qərarın qüvvədə saxlanıldığını görən 16-17 valideyn yenidən Xanlar Vəliyevin qəbuluna gedib. Bu dəfə söhbət xoş keçməyib: "Üzü dönmüşdü onun. Dedi, işin arxasında mən dayanmışam, əlimdən gələni eləyəcəm ki, bu uşaqlar həbsdən çıxmasın. Söz verdiyini yadına saldım. Dedim ki, uşaqlarımızı şərləyiblər. Avropa Məhkəməsinə çıxacağımızı dedim. Dedi, istəyirsiz, Avropa Məhkəməsinə, istəyirsiz, lap İlham Əliyevə deyin, xeyri yoxdu. Üstümüzə hətta polis də gətirdilər”.
"Tərtər işi”nə görə istintaqa cəlb olunan, işgəncələr nəticəsində ölənlərdən biri gizir Ruslan Ocaqverdiyev olub. İşgəncələrlə öldürülənlərdən yalnız 4 nəfər barəsində cinayət işi olub, digər 5 nəfər isə Ruslan Ocaqverdiyevtək sadəcə dindirməyə dəvət edilib və işgəncələr altında öldürülüb. 2017-ci ilin 15 iyun səhəri o, hərbi hissəyə yollanıb və bundan sonra zənglərə cavab verməyib. Ruslan Ocaqverdiyevin həyat yoldaşının mətbuata açıqlamasından sitat:
- Onda narahat oldum, axşama qədər zəng etdim və narahatlığımın səbəblərini qonşulara danışdım. Daha sonra hərbiçilər ərinin aparıldığını ona bildiriblər, lakin hara və niyə aparıldığını deməyiblər. - Sonra həmin axşam bizə onun yaralandığını dedilər, amma daha heç bir təfərrüat olmadı - dedilər ki, sabaha qədər gözləyək. Biz bütün gecə yatmadıq. Səhər isə qayınatam mənə zəng edib dedi ki, hissədən ona bildiriblər ki, ərim ölüb. Ölüm səbəbi kimi məşq zamanı ürəyinin dayandığını bildirdilər. Onda telefonu atıb küçəyə qaçdım, baxdım ki, bütün qonşular artıq yığışıb - başa düşdüm ki, onlar artıq hər şeyi bilir, amma mənə deyə bilmirlər. Qonşuları ona səhər ərinin cəsədini qəbul edib dəfn etməsinə kömək etdilər. Həmin gün Rəvanəni qəzəbləndirən o oldu ki, məscidə gələn hərbçilər müsəlman adətinə görə cəsədin yuyulmasına icazə verməmişdilər. Cəsədin özü isə artıq kəfənə bükülmüş və bayraqla örtülmüşdü. 5 gün sonra Ruslan Ocaqverdiyevin cəsədi eksqumasiya olunaraq Bakıya müayinə üçün göndərilib və məlum olub ki, ölüm "sinə travması” ilə bağlıdır. Bu qısa ekspert hesabatının arxasında duran təfərrüatları o, sonradan öyrənmişdi - ərini dindirənlərin məhkəməsi zamanı. Rəvanə Hərbi Prokurorluqla məhkəmə çəkişməsində olan onlarla zərərçəkəndən biri idi. Digər əsgərlərin çıxışlarından ərinə necə işgəncə verildiyini öyrənir.
"Köynəklə ağzını bağlayıblar, boğublar, casus olduğunu etiraf etməyi tələb ediblər, deyiblər ki, seçməlisən: ya etiraf edəcəksən, ya da öləcəksən. Rəvanə məhkəmədə öyrənib ki, əri başqa bir əsgərin işgəncə altında onun əleyhinə verdiyi ifadələrin, donosun qurbanı olub.
"Məhkəmədə ağladım, Fuad Ağayevdən - işgəncə verməkdə təqsirləndirilən şəxsdən - niyə belə etdiyini soruşdum və o cavab verdi ki, ”əmr etmişdilər, ya mən onu öldürməliydim, ya da məni öldürəcəkdilər".
Dediyinə görə, ərini çılpaq soyundurub, əl-qolunu bağlayıblar, dərmanlar vurublar, suda boğublar. Bütün bunlar həkimin nəzarəti altında baş verib. Həkim onun ölməyinə yol verməmək üçün orada olub. Bu faktlar həm məhkəmə işindəki şahid ifadələrində, həm də məhkəmə ekspertizasının nəticəsində təsdiqlənir.
"Mən Fuaddan soruşdum - sən onlara kimin əmri ilə işgəncə verirdin? Söylədi ki, bunu açıqlaya bilməz. Mən ona deyirəm ki, ay alçaq, ərim erməni casusu olduğunu etiraf etdimi? O dedi ki, yox, etiraf etsəydi sağ qalacaqdı”.
İstefada olan 39 yaşlı polkovnik-leytenant Saleh Qafarov da "Tərtər işi” çərçivəsində istintaqa cəlb edilən və işgəncələr altında öldürülən 9 nəfərdən biridir. Onun həyat yoldaşı Natəvan Qafarova deyir ki, yoldaşını birbaşa evdən aparıblar. 2 həftədən sonra cəsədi geri gətirilənədək həyat yoldaşı onun harada olduğunu bilməyib. "Yalnız məhkəmələr başlayandan sonra onun işgəncədən 2-ci gün öldüyünü bildim.
Məhkəmədə məlum oldu ki, onu işgəncəyə məruz qalan digər əsgərlərin donosuna əsasən tutublar. Mayın 4-də aparıblar, işgəncə veriblər, 6-da komaya düşüb və Bakıdakı hərbi xəstəxanaya aparılıb, mayın 13-də isə orada ölüb”.
Saleh Qafarovun əl-ayağını bağlayıb, suda boğublar, elektrik şokla işgəncə veriblər, dırnaqlarını çıxarıblar, çənəsini sındırıblar və bağlı vəziyyətdə 2-ci mərtəbədən atıblar. Arvadı məhkəmədə eşitdiklərini xatırlayır. Və bundan sonra komaya düşənə qədər işgəncələri davam etdiriblər. Onun sözlərini həm məhkəmədə verilən ifadələr, həm də məhkəmə tibbi ekspertizasının nəticələri təsdiqləyir. Sonuncuda daxili orqanların zədələnməsini, sınıqlar və dırnaqların olmaması ətraflı qaydada təsvir edilərək qeyd olunub. "Tərtər işi” üzrə həbs olunan və istintaqa cəlb olunan şəxslərə işgəncə vermiş mayor Fuad Ağayev də daxil olmaqla, 7 nəfər həbs olunub. Fuad Ağayevə kütləvi işgəncələrə görə 10 il müddətinə həbs, daha yeddi nəfərə isə bir qədər qısa cəzalar verilib.
AG Partiya sədri Tural Abbaslı "Yeni Müsavat”a deyib ki, "Tərtər işi”nə görə hərbi prokuror Xanlar Vəliyevə cinayət işi başlanmalıdır. "Hazırda ”Tərtər işi" cəmiyyətdə çox müzakirə olunur. Aidiyyəti orqanlar isə bu məsələyə olduqca laqeyd yanaşırlar. Bu isə anlaşılan deyil. Ortada zabitlərimizin, gizirlərimizin, ordumuzun nümayəndələrinin istintaq müddətində dünyasını dəyişməsi ilə bağlı faktlar var. Sonradan həmin istintaqa cəlb edilən və dünyasını dəyişənlərə bəraət verilib. Bu, işdə qaranlıq məqamların olduğunu təsdiqləyir. İşdə işgəncə verən kimi mayor Fuad Ağayevin adı keçir, hansına ki, işgəncələrə görə 10 il həbs cəzası verilib. Bu adam məhkəmədə deyir ki, mənə əmr verilib, mən də işgəncə vermişəm. Əmri kim verib? Bu məsələ aydınlaşdırılmalıdır. Partiya olaraq tələbimiz budur ki, məsələ araşdırılsın. Bu işə görə ilk növbədə cavab verməli orqan hansıdır? Əlbəttə ki, Hərbi Prokurorluqdur, hərbi prokuror Xanlar Vəliyevdir".
T.Abbaslı deyir ki, "Tərtər işi” üzrə yenidən istintaq aparılmalı, Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov da istintaqa cəlb olunmalıdır:
"Həmin dövrdə orduda baş verənlərə görə birbaşa cavabdeh şəxs o olub. Bu iş dövlət tərəfindən nəzarətə götürülməklə, işdə zərərçəkən hərbçilərimizin yaxınlarının fikirləri diqqətlə dinlənilməklə yenidən araşdırılmalıdır. Düşünürəm ki, bu işin ortaya çıxması ordu daxilindəki ”5-ci kolon"un sabotajı olub. Azərbaycan Ordusuna qarşı həyata keçirilmiş bu sabotaj nəticəsində 2016-cı il aprel döyüşlərində iştirak etmiş hərbçilərimiz işgəncələr görüb, işgəncələrlə öldürülənlər olub. Kimlərinsə xəyanətinə görə qəlbində vətən, millət, dövlət sevgisi olan hərbçilərimiz qətlə yetirilib, ordudan uzaqlaşdırılıb, ləkələnib, şikəst edilib. Buna görə də yenidən araşdırma aparılmalıdır".
Partiya sədri deyir ki, məsələyə hüquqi-siyasi müstəvidə qiymət verilməlidir: ""Tərtər işi”ni görməzdən gəlmək artıq keçmir. Cəmiyyət bu işin araşdırılmasını tələb edir. Orduya qarşı təxribatçı şəbəkə tam ifşa olunmalıdır. Azərbaycan Ordusuna qarşı olan fəaliyyət Azərbaycan dövlətinə qarşı faəliyyətdir".
"Yeni Müsavat”ın əməkdaşı ittihamlarla bağlı Hərbi Prokurorluğun mətbuat xidmətinə sorğu ilə müraciət edib. Xidmətdən verilən cavabı təqdim edirik: "İstər dövlətə xəyanət, istərsə də hər hansı hərbi qulluqçuya qarşı törədilmiş şəxsiyyət əleyhinə olan və ya digər cinayətlər ilə əlaqədar hərbi prokurorluqda istintaq olunan hər bir cinayət işi üzrə təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmiş bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmuş, həmin şəxslər barədə olan işlər aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilmiş və hər biri üzrə ittiham hökmləri çıxarılmış, həmin hökmlər qanuni qüvvəyə minmişdir. Sözügedən hökmlərin əksəriyyəti üzrə apelyasiya və kasasiya məhkəmələrinin qərarları da vardır. Cinayət təqibini istisna edən və ya digər hüquqi məsuliyyət yaradan hallar olduqda isə müvafiq qanuni qərarlar qəbul edilmişdir. Hər bir cəmiyyətdə cinayət var, əsas odur ki, cinayət hadisəsinə və cinayət törətmiş şəxsin əməlinə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi qiymət verilsin. Hüququnun pozulduğunu hesab edən istənilən şəxs hər zaman müraciət edə bilər, Hərbi Prokurorluqda hər bir şəxsin müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır və bundan sonra da baxılacaqdır”.
 
"Yeni Müsavat”

Xəbər lenti