"Cəbhəçilər bu qətlin açılmasına təşəbbüs göstərmədilər... Görəsən niyə?" - ADİL İSMAYILOVUN YAZISI

Загрузка...
Tanınmış vəkil Adil İsmayılov ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət adamına qarşı törədilmiş iki səs-küylü qətl hadisəsi ilə bağlı xatirələrini yazıb. Criminal.az saytı həmin yazını olduğu kimi təqdim edir:
HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR
1991-ci ilin sentyabr ayında respublika prokurorluğunda tutduğum xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsindən öz xahişimlə azad edildim. Noyabr ayında vəkillər kollegiyasının üzvü oldum. İlk işlərimdən biri, səhv etmirəmsə birincisi DTK-nın həbs edilmiş və ağır cinayətlər törətməkdə ittiham edilən podpolkovnik rütbəli şöbə rəisinin müdafiəsi oldu.
Yeri gəlmişkən, iş belə gətirdi ki, bundan sonra respublikanın həyatında mühüm əhəmiyyəti olan demək olar ki, bütün hay-küylü işlərdə vəkillik etmişəm. Qeyd etdiyim işlə bağlı müvəkkilimin danışdıqlarından sonra 1990-cı il yanvar faciəsini, bu faciə ərəfəsində və ondan bilavasitə sonra baş verənləri müstəqil araşdırmaq qərarı verdim və bir neçə ay ərzində xeyli məlumat topladım.
Əldə etdiyim məlumatların bir hissəsini əsasən 1991-ci ilin oktyabr ayında fəaliyyətə başlayan "MÜXALİFƏT" qəzeti və bir sıra digər qəzetlər, o cümlədən "FEMİDA" qəzeti dərc edirdi. Məhz bu yazılarım telestudiyanın enerji blokunun partladılması və Əjdər Xanbabayevin qətlə yetirilməsi barədə cinayət işləri üzrə istintaqın əsas istiqamətini müəyyən etdi. 1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti mənim barəmdə" istintaq sirrini yaydığıma görə" xüsusi qərar çıxarıb Vəkillər Kollegiyasına göndərdi. Bu qərarın sonrakı taleyi çox maraqlıdı...
Son vaxtlar yenidən arxivimdə olan sənədləri və qəzet materiallarını oxuyub, xəyalımda ötüb-keçənləri canlandırıb xatirələrimi paylaşmaq qərarına gəlmişəm. Bunun bir sıra səbəbləri olmaqla yanaşı tərəddüd etdiyim məqamlar da var...
"DTK LAZIMDIRMI ?”
26 fevral 1992-ci ildə "Müxalifət” qəzetində bu başlıqla məqaləm dərc edilmişdi. Yazıdan bir hissəni diqqətinizə çatdırıram: ”Əlimizdə olan məlumatlardan görünür ki, 1990-cı ildə Heydər Əliyevin Azərbaycana qayıtmasının qarşısını almaq üçün DTK respublika rəhbərliyinin göstərişi ilə xüsusi tədbirlər planı işləyib hazırlamışdı. Bunun üçün ən alçaq vasitələrdən, hətta cinayət etməkdən belə çəkinməmişdilər". Yazıda söhbət Azərnəşrin direktoru Əjdər Xanbabayevin qəsdən öldürülməsindən gedirdi.
1992-ci ildə bu mövzuda, Xanbabayevin qətlində DTK-nın iştirakı barədə daha bir necə yazım oldu.
Həmin cinayətin üstü mənim yazılarımdan bir neçə il sonra Heydər Əliyev hakimiyyəti dövründə, 1995-ci ildə açıldı. İsa Nəcəfovun və Elmira Axundovanın 2001-ci ildə dərc etdirdikləri "Naşirin ölümü" kitabında ötəri də olsa mənim yazılarıma istinad edilir. Əjdər Xanbabayev 30 may 1990-cı ildə qətlə yetirilmişdi. Bundan bir neçə ay sonra 26 sentyabr 1990-cı ildə AXC-nin təşkilat şöbəsinin müdiri Arif Abdullayev öz mənzilində qətlə yetirildi. Onun ölümündən bir müddət sonra hakimiyyətə gələn cəbhəçilər bu qətlin açılmasına təşəbbüs göstərmədilər... Görəsən niyə?
Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 07 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə respublikada siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradıldı. "Böhran" adlandırılan 12 nəfərdən ibarət olan bu qrupa 5-ci şöbənin rəisi Mirzoyev Vladimir Adilyeviç rəhbərlik edirdi. Qeyd etdiyim qətllərdə bu qrupun bu və ya digər dərəcədə iştirakı olmuşdu...

Xəbər lenti