Cahangir Hacıyevın "pul çəkmə əməliyyatı"nın şok təfərrüatları

Cahangir Hacıyevın
Загрузка...

Həbsdəki bankir gözətçinin adına 5 milyon manat kredit götürübmüş

Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verən mənfi proseslər haqda mətbuatda illərlə yazılar dərc olundu. Yarıdan çox hissəsi dövlətə məxsus olan bankda çox ciddi problemlərin yaşandığı, ABB-nin geri qaytarılmayan kreditlərinin həcminin kritik həddi aşması nəhayətdə problemə müvafiq orqanların diqqətini cəlb etmiş oldu.

Criminal.az musavat.com-a istinadən xəbər verir ki, bankın rəhbəri Cahangir Hacıyevin illərlə susqunluq nümayiş etdirməsi sonda onun özünün də, ətrafının da istintaqa cəlb olunması, həbsinə gətirib çıxardı.

Bu gün “Beynəlxalq Bank işi” üzrə müxtəlif məlumatlara görə həbsdə 100-ə yaxın şəxs var. Həmin şəxslərin arasında bankdan iri məbləğdə kreditlər götürmüş şəxslərlə yanaşı, bankın rəhbəri Cahangir Hacıyev də daxil olmaqla, bank filiallarının müdirləri, müavinləri, sıravi işçiləri də var. Redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Bankdan talanan kreditlərin böyük bir hissəsi şəxsən Cahangir Hacıyevin özünə çatıb. Belə ki, C.Hacıyev yaxın ətrafının adına iri məbləğlərdə kreditlər götürərək qaytarmayıb. Məsələnin üstü Cahangir Hacıyev “xəstəliyi ilə əlaqədar” vəzifəsindən gedəndən sonra açılıb. Məlum olub ki, C.Hacıyev bankdan yaxınlarının adına kreditlər rəsmiləşdirib. Bundan çox vaxt adına kredit götürən şəxslərin özlərinin də xəbəri olmayıb. C.Hacıyev hətta çoxsaylı filiallarından birində gözətçi işləyən şəxsin adına da kredit rəsmiləşdiribmiş. Həmin şəxs bu haqda Cahangir Hacıyevin həbsindən sonra məlumat alıb. Banklardan birinə 3 min manat kredit almaq ümidi ilə yaxınlaşan gözətçiyə “problemli müştərisiz” deyib kredit verməyiblər. Gözətçi banklara kredit üçün heç vaxt müraciət etmədiyini söylədikdə isə ona “adınıza 5 milyon manat kredit var” söyləyiblər. Sonradan isə məsələ araşdırılıb və məlum olub ki, gözətçinin adına krediti Cahangir Hacıyev götürüb.

Bugünlərdə qəzetimizə müsahibə verən Hacı İbrahim Nehrəmli də bu məqamı təsdiqləyən fikirlər söyləyib. İş adamı deyib ki, Cahangir Hacıyev onun adına 100 milyon manat kredit alıb. Həmin kreditlərin götürülməsindən isə onun xəbəri olmayıb.

Hacı İbrahimin müsahibəsindən sitat:

“Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürmüşəm. Hər bir kreditimizin də arxasında girovlarımız var. Ancaq bu bankda adıma qeyri-qanuni şəkildə 91 milyon manat yazaraq, oğurlayıblar. Bu kreditdən heç xəbərim də yoxdur. Həmçinin 45 milyon da şirkətim adına dollar götürüblər. Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev fevral devalvasiyasından 3 gün öncə, yəni 18 fevralda adıma dediyim məbləğdə kredit götürüb. Bununla bağlı banka zəng edərək, məsələni araşdırdım. Söylədilər ki, Cahangir Hacıyevin vaxtında rəhbərlik göstəriş verib, biz də etmişik. Dedim ki, rəhbərlik özünün əmisinin, xalasının adına götürərdi də... Cavab verdilər ki, onların da adına götürüb. İndi yer olmadığı üçün sizin adınıza götürdülər. Bu müqavilədə nə imzam var, nə də hər hansı bir kontraktım”.

Hacı İbrahim deyib ki, istintaqa da bu haqda xəbər verib: “Bəli, onlara da yazmışam, ancaq cavab ala bilməmişəm. ”ASAN Xidmət"ə müraciət edib borcumun miqdarını öyrəndim. Bankdan isə dedilər ki, “adınıza qeyri-qanuni formada borc götürülüb, lakin bu barədə sizə yazılı məlumat verə bilmərik”.

Xatırladaq ki, ABB səhmlərinin 50,2 faizi Maliyyə Nazirliyində olmaqla dövlət bankı sayılırdı. 2014-cü ilin hesabatından aydın oldu ki, ABB-nin ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edib. Məbləğin 7 milyarddan çoxu kooperativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çoxdur. Böyük iş adamlarına, dövlət qurumlarına, oliqarxlara verilən borclar isə illərdir geri qaytarılmayıb. ABB-dən kredit götürən iş adamlarının heç biri borcunu geri ödəməyib. Buna görə də C.Hacıyev vəzifəsindən gedəndən sonra bankda çox ciddi araşdırmalar aparılıb və pullarının administrativ üsullarla geri ödətdirilməsi qərarı verilib. C.Hacıyev ABB-yə rəhbərlik etdiyi dövrdə bankda bəzi hesablamalara görə 5 milyardlıq problemli kredit portfeli yaranıb. Bu məbləğin böyük bir hissəsinin C.Hacıyevin yaxın adamlarının adına rəsmiləşdirilib bankdan çıxarıldığı da gələn məlumatlar sırasındadır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti