“Bu vəziyyətə düşəndən sonra eşitdim ki, başqası ilə ailə qurub” - FOTOLAR, VİDEO

“Bu vəziyyətə düşəndən sonra eşitdim ki, başqası ilə ailə qurub” - FOTOLAR, VİDEO
Загрузка...

Onunla Sabunçu rayonunda yerləşən İmam Rza məscidində uzaq tanışlardan birinin yas mərasimində qarşılaşdım. Nə məclisin sahibi, nə də yasa gələn deyildi. Qəhrəmanım əlil arabasında olsa da, məscidin həyətində “dispeçer” işləyib, oraya gələn maşınların giriş-çıxışına yardım etməsi ilə diqqətimi çəkdi. Ona yaxınlaşdım və bu vəziyyətdə burada nə üçün işləməsi, yaşam şəraiti, səhhəti ilə bağlı maraqlandım.

Sabunçu rayon sakini, I qrup əlil, 1981-ci il təvəllüdlü Əhəd Əlizadə illərdir ki, əlil arabasına məhkum olub. Lakin bu vəziyyəti onu həyatdan usandırmayıb, yaşamaq üçün mübarizə aparıb. Əsgərlikdən döndükdən sonra evlərinin yaxınlığında avtomobilin onu vurması nəticəsində 9 ildir ki, Əhədi əlil arabasına məhkumdur. Gəncliyini, arzularını puç edən şəxs isə onu elə hadisə yerindəcə qoyub, qaçıb. O vaxtdan Əhəd bir addım belə, atmağa həsrət qalıb. İndi Əhədin əliliyə görə aldığı 140 manat təqaüd onu qane etmədiyindən, məscidin həyətində avtomobillərin girişi-çıxışına köməklik göstərir və bu xidmətin qarşılığında sürücülər ona könüllərindən qopduğu qədər yardım edirlər. Təbii ki, cümə günləri camaat namazının qılındığı vaxtlarda və yas mərasimlərinin olduğu günlərdə Əhədin də qazancı çox olur, üzü gülür.

Əhəd Əlizadə bu vəziyyətinə baxmayaraq, ailəsinin maddi yükünün də onun çiyinlərində olduğunu deyir: “Gündəlik ən yaxşı halda, 10-15 manat qazancım olur. Yas mərasiminə gələnlərin avtomobillərinin park olunmasına yardımçı oluram. Avtomobillərə nəzarət edirəm. Bunun qarşılığında isə pul alıram. Evdə xəstə atam, anam var. Qardaşım yanacaqdoldurma məntəqəsində işləyir. Çox az əmək haqqı alır. Burada isə insanlar mənə kimsəsiz kimi baxır. Məni incidirlər. Ancaq mən dilənçi deyiləm və heç kimə “mənə pul ver” demirəm. Kim verirsə, versin, verməyənin də canı sağ olsun. Pul verməyənə də avtomobilini çıxarmağa köməklik edirəm. Allah rəhmət eləsin, deyib, yola salıram”.

Qəhrəmanımın ən böyük arzusu ayağa qalxmaq, ailə həyatı qurub, övlad sahibi olmaqdır: “Yeriməyim üçün əməliyyat olunmalıyam. Həkimlər deyiblər ki, əməliyyatım üçün külli miqdarda vəsait lazımdır. Bir əməliyyat yetər ki, ayağa qalxım. Amma buna nə mənim, nə də ailəmin maddi imkanı çatmır. Gündəlik qazandığımla isə ancaq dolanırıq. Bu səbəbdən imkanlı şəxslərdən kömək istəyirəm. Arzularımı həyata keçirmək, ailə qurmaq və vətənimə layiqli övladlar böyütmək üçün ayağa qalxmalıyam”.

Əhəd deyir ki, əlil arabasına məhkum olduqdan sonra sevgilisi də ondan ayrılıb: “Əlil arabasına düşəndən sonra sevgilim məni tərk elədi. Onunla planlarımız, gerçəkləşdirmək istədiyimiz xəyallar yarıda qaldı. Əsgərlikdən gələndən sonra elçi gedəcəkdik. Lakin bu vəziyyətə düşəndən sonra eşitdim ki, başqa birisi ilə ailə həyatı qurub. Çox pis oldum. Allah onu xoşbəxt eləsin. Heç kimi də əlil arabasına məhkum eləməsin”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Criminal.az

Xəbər lenti