“Bu qadın “meyidi” tapılmamışdan bir həftə əvvəl özünə yeni sevgili tapıb...“ - Vəkilin müstəntiqlik əhvalatları

“Bu qadın “meyidi” tapılmamışdan bir həftə əvvəl özünə yeni sevgili tapıb...“ - Vəkilin müstəntiqlik əhvalatları
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov vəkil kimi yaxın keçmişdə baş verən cinayətlər, onların gizlin tərəfin ilə yanaşı gördükləri və bildikləri ilə yanaşı, prokurorluqda müstəntiq kimi işləməyə başladığı dövrlə bağlı maraqlı xatirələrini yazıb. Criminal.az bildirir ki, vəkilin ilk paylaşdığı əhvalat müstəntiq işləməyə başladığı dövrə aiddir, o vaxtdan 40 il keçib.

BIRINCI ƏHVALAT  

A.İsmayılov yazır: "1978-ci ildə Universiteti bitirən kimi 21 yaşında məni Sumqayıt şəhər prokurorluğuna stajor - baş müstəntiq vəzifəsinə təyin etdilər. Mən ikinci dəfə idi ki, Sumqayıta gedirdim. Bakı-Sumqayıt avtobusundan düşüb taksiyə mindim və sürücüdən məni prokurorluğa aparmasını xahiş etdim. Mənə demişdilər ki, prokurorluq çox uzaqda deyil, amma gecikməmək üçün taksi ilə getməyə qərar verdim. Taksi təxminən 20 dəqiqədən sonra məni anqarlar olan bir yerə gətirdi, soruşdum prokurorluq haradı. Məlum oldu ki, sürücü məni səhv başa düşüb, biz Nasoslu qəsəbəsindəki profilaktoriyaya (maşın emalatxanasına) gəlmişik. Təzədən Sumqayıta qayıdanda aydın oldu ki, avtovağzaldan prokurorluğa piyada 5 dəqiqəlik yoldu. O vaxt prokurorluq 18-ci kvartalda, 5 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi.
"Elə fikirləş ki, səni aldıqlarına görə həbs ediblər''
Birinci iş günü beləcə işə gecikdim. Prokuror Əliş Əliyev məni qəbul etdi. Yerinə təyin edildiyim müstəntiq İslam Kərimovu çağırdı. Məlum oldu ki, İslam müəllim respublika prokurorluğuna şöbə prokuroru vəzifəsinə təyin edilib, şəhər prokuroru xahiş edib ki, icraatında olan işləri yekunlaşdırıb sonra yeni iş yerinə getsin. Prokuror dedi ki, Kərimov gedənə kimi mən ona kömək edəcəm və bir şeylər öyrənəcəm. Elə həmin gün biz birlikdə Sumqayıt şəhər polis idarəsinə (o vaxt milis şöbəsi idi) getdik. Kərimovun icraatında bir rüşvət işi vardı. Sumqayıtda hansısa Mənzil İstismar Sahəsinin müdiri 10 rubl pul rüşvət alıb bir adamı pasport qeydiyyatına saldırmışdı. Buna görə də rüşvətalma maddəsi ilə həbs edilmişdi. Polisdə bizi həmin adamın vəkili gözləyirdi. Vəkil uzun müddət prokurorluqda yüksək vəzifələrdə işləmişdi. Səhv etmirəmsə hətta Sumqayıt şəhər prokuroru da olmuşdu. Bu məşhur neftçi Ağa Nemətullanın oğlu Adil Ağayev idi. Vəkilliyə təzəcə başlamışdı. O vaxtkı qanunvericiliyə görə vəkil işə istintaqın bitməsi müqəssirə elan edildikdən sonra buraxılırdı.

Adil İsmayılov 
Beləliklə müqəssir onu da, məni də birinci dəfə görürdü. Müstəntiq Kərimov bizi müqəssirə təqdim etdi. Adil Ağayev müqəssirdən soruşdu ki, rüşvət almasını etiraf edirmi? Müqəssir çox həyəcanlı vəziyyətdə rüşvət almadığını, işin qurma olduğunu, üzünə duran şəxsin ona şər atdığını, nahaqdan tutulduğunu dedi, and-aman elədi ki, Adil müəllim (vəkili nəzərdə tuturdu) vallah-billah bu adamdan pul almamışam. Adil Ağayev təmkinlə onu dinlədi və soruşdu ki, bu adamdan pul almamısan, yoxsa ümumiyyətlə almamısan. Adam da sakitcə cavabında "niyə ki, başqalarından aldığım vaxt olub” dedi. Ağayev yenə təmkinini pozmadan dedi "elə fikirləş ki, səni aldıqlarına görə həbs ediblər”…
Mən vəkil olandan sonra bu əhvalat tez-tez yadıma düşür. Müdafiə etdiyim, xüsusən də vəzifə sahibi olmuş şəxslər həbslərindən həddən artıq özü də yersiz həyəcan keçirəndə, nahaqdan tutulduqlarını deyəndə soruşuram ki, ola bilməz ki, indiyə kimi heç bir cinayət etməmisən və bu əhvalatı danışıram. Şəxsən mən Azərbaycanda vəzifə tutub cinayət etməyən, rüşvət almaq imkanı olub almayan şəxs olmasına inanmıram, belə şəxslər varsa onların normal olmasına şübhə ilə yanaşıram. Müştərilərimin də əksəriyyəti bu məsələyə mənim kimi yanaşdıqlarından bir-birimizi başa düşürük və adamların türmə həyatı daha rahat keçir. Yadımdan çıxmamış deyim ki, o vaxt biz Kərimovla geri qayıdanda məlum oldu ki, o, sabahdan yeni iş yerinə getməlidi. Prokuror mənə dedi ki, nə etmək olar "budeş varitsya v svoyem soku”. Beləcə o vaxtdan öz şirəmdə qaynayıram.
Müstəntiq Kərimov icraatında olan üç işdən əlavə mənə 30-40 dənə dayandırılmış iş miras qoydu. İndi vəziyyətin necə olmasını bilmirəm. O vaxt yeni təyin olunan müstəntiq gedən həmkarının dayandıırılmış işlərini də qəbul edirdi, bunlar adətən seyfin aşağı gözündə olurdu.Bir müddət vaxt olduqca bu işlərlə tanış olmağa başladım. Məlim oldu ki, bəzi işlər cinayəti törətmiş şəxsin müəyyən edilmədiyinə görə dayandırılıb, bunlar açılmamış işlər idi və açılacağına ümid də yox idi.

 
İKİNCİ ƏHVALAT
 
''Bir iş marağımı xüsusi cəlb etdi. 1970-ci ilin əvvəllərində Sumqayıtdan Saraya gedən yoldakı körpünün altında naməlum qadın meyidi aşkar edilir. Meyidin başı kəsilmişdi və tapmaq mümkün olmur. Bir neçə gün sonra polislər(o vaxt milis olduqlarını mən də bilirəm) bir nəfər müəllimi bu hadisəyə görə şübhəli şəxs kimi saxlayırlar. Yaddaşım məni aldatmırsa onun soyadı Məmmədov idi. Məmmədov naməlum qadının onun tanışı olması, uzun müddət qeyri-rəsmi nigahda yaşadıqlarını, aralarında yaranmış münaqişə zəminində onu öldürdüyü, sonra cinayətin açılmaması üçün başını kəsib dənizə atmasını, bədənini isə aparıb körpünün altına tulladığı barədə ifadə verir. Onun ifadəsi yerində yoxlanılır, təbii ki, baş tapılmır. Məlum olur ki, Məmmədovun barəsində ifadə verdiyi qadın həqiqətən onun tanışıdır, bir həftə olar ki, yoxdur.
Bundan sonra Məmmədova Cinayət Məcəlləsinin o vaxtkı 95-ci maddə ilə ittiham elan edilir və iş məhkəməyə göndərilir. İşi açdıqlarına görə polislər və prokurorluq əməkdaşları mükafatlandırılır. Məhkəmə Məmmədova 10 il azadlıqdan məhrum etmə cəzası verir. Bundan sonra Məmmədov cinayət törətmədiyi, hadisəni fiziki və psixoloji təzyiq altında boynuna götürdüyü barəsində Ali Məhkəməyə şikayət verir, o vaxt Apellyasiya məhkəməsi yox idi.
Məhkəmədə işə baxılan ərəfədə Məmmədovun anası oğlunun işi ilə əlaqədar şikayət etmək üçün tez-tez Bakıya gəlir. Bu gəlişlərinin birində qadın avtobusda gedərkən bir nəfər tanışını görür, hay-küy salıb avtobusu saxlardırıb düşür. Ananın tanıdığı adamın kim olduğunu yəqin ki, başa düşdünüz, bu Məmmədovin "öldürdüyü” qadın idi.
"Başa düşdüm ki, insan bu və ya digər səbəbdən etmədiyi cinayəti boynuna ala bilər"
Məlum olur ki, çox da ağır olmayan həyat tərzi sürən bu qadın "meyidi” tapılmamışdan bir həftə əvvəl özünə yeni sevgili tapıb, sonuncunun Bakı kəndlərindən birindəki bağ evində yaşayır və o vaxtdan Sumqayıta getmir. Ananın xahişi ilə qadın Ali Məhkəməyə gəlib ifadə verir və hakimlərin Məmmədova bəraət verməkdən başqa yolu qalmır...
İş yəqin ki, indiyə kimi də Sumqayıt şəhər prokurorluğunda hansısa müstəntiqin seyfində qalır, bəlkə də bu müstəntiq heç açıb o işi oxumayıb da. Bu işi oxuyandan sonra mən özümə dərs çıxardım. Başa düşdüm ki, insan bu və ya digər səbəbdən etmədiyi cinayəti boynuna ala bilər və etiraf ifadələrinə diqqət və ehtiyatla yanaşmaq lazımdır. Müstəntiq işlədiyim sonrakı dönəmdə və vəkillik edəndə dəfələrlə belə etirafların şahidi olmuşam. Pivzavod işində təqsirləndirilən şəxslərin etdiyi cinayətə görə əsassız məhkum edilmiş və bir neçə il idi ki, həbsdə olan 3 gənc, xəstə uşağı həbsdən azad elətdirməyimi həmisə həyatımın dəyərli səhifələrindən biri kimi xatırlayıram...''.- vəkil qeyd edib.
Загрузка...
Загрузка...

Xəbər lenti