Bu kişinin göz yaşı bizə söyüş oldu…

Bu kişinin göz yaşı bizə söyüş oldu…
Загрузка...
 İnsan qüsurlardan və xoş əməllərdən ibarət olan davranış sahibidir. O, söyər, döyər, yazılmamış qanunları heçə sayar, yazılmış qanunlara tüpürmək belə istəməz, cinayət edər, cinayəti görər, lakin hər kəs yalnız işlədiyi əməlin cavabını verməlidir.
Dediyi sözə, verdiyi cavaba görə onu alçaldacaq tədbir görülməməlidir. Polisə söymək olmaz, bu dövlətə söyməkdir. Lakin təhqir edənin də cəzasını qanun verməlidir, özünü mənəviyyat əhkamı kəsənlər yox. Çünki əhkam kəsənlərin özlərinin dili kəsik olur həmişə
Ötən gunün müzakirə mövzusu yaşlı bir sürücünün polisə qarğış etməsi, söyməsi, daha sonra onun tutularaq polisə gətirilməsi və media qarşısında ağladılması oldu.
Həmin kişi nə etmişdi? Yol polisi sürücünü saxlayaraq qanun pozduğunu əsas gətirərək cərimələmişdi, özünü haqlı sayan qarşı tərəf isə əsəblərini cilovlaya bilməyərək yol polsini şiddətli şəkildə təhqir etmişdi.
Həmin görüntülər mediada yayıldıqdan bir gün sonra polisi söyən sürücü polisə gətirilərək cəzalandırıldı. Daha sonra söyüşçül sürücü media kameraları qarşısına çıxarılaraq hadisənin necə baş verdiyini danışdı, etdiyi hərəkətdən peşiman olduğunu bildirdi.
Etiraf etdi ki, ağır onkoloji xəstədir, 4 dəfə ciddi cərrahi əməliyyat olunub, bunun təsirindən əsəblərini cilovlaya bilməyib. Hətta "dediyim söyüşlər özümə gəlsin" deyərək utandığını bildirdi, daha sönra özünü saxlaya bilməyərək ağladı. Sonra isə məhkəmə qarşısına çıxarılaraq 15 sutka həbs cəzası verildi.
Ahıl yaşlı sürücü etdiyi əməlini həm üzr istəməyi, həm də məhkəmənin verdiyi cəza ilə yudu. Bəs, minbir ehtiyac burulğanında vurnuxan, evində oturub nəvəsi ilə oynamalı olduğu halda taksi xidməti göstərib, ailəsinin ehtiyaclarını, özünün dava-dərman pulunu qazanmağa çalışan vətəndaşı media qarşısına çıxararaq ağladan POLİSin günahını nə yuyacaq, kim yuyacaq? Sizcə, bu hal polisə baş ucalığı gətirdimi?.
O videogörüntüdə polis hirsli vətəndaşa qarşı səbrli olduğuna görə daha yüksəkdə idi, amma bir gün sonra vətəndaşı kamera qarşısına çıxarmaqla polisi o yüksəklikdən üzü aşağı yuvarladılar.
Bir polis səbri ilə Azərbaycan polisinin obrazını yarada bildi, amma bir gün sonra bütövlükdə polis sistemi o obrazı darmadağın etdi. Yəqin ki, bunları Daxili İşlər Nazirliyinin rəhbərliyi də nəzərə alar. Polis bir tərəfdə məktəbliyə çanta verir, bununla polisin nəcib obrazını yaradır. (Bunu təqdir edirik, amma hesab etmirik ki, polis məktəbliyə forma və ya çanta verməlidir.)
Digər tərəfdən də onkoloji xəstəlikdən əziyyət çəkən, bəlkə də Milli Onkologiya Mərkəzində qarşılaşdığı problemlərdən başını itirib davranışına nəzarət edə bilməyən vətəndaş kamera qarşısına çıxarılır, kobud şəkildə desək sındırılır.
Çox maraqlıdır, beş gün əvvəl balaca məktəblilərə məktəbli çantası verən, onun saçını sığallayan Azərbaycan polisi, səhəri gün hansısa azyaşlı məktəblinin babası olan bir yaşlı kişini kamera qarşısında ağladır və onu ictimaiyyətə nümayiş etdirir. Bu tamaşaların ssenari müəllifi kimdir?
Axı, bura teatr səhnəsi və ya kinostudiyanın çəkiliş pavilyonu deyil. Bu vətəndaşı məsuliyyətə cəlb edirsiniz, bəs bu tamaşa nəyə lazımdır? Cənab Vilayət Eyvazov, yaşlı onkoloji xəstəni, həyat savaşı aparan bir insanı polis niyə ağladırdı? Bəlkə polisə göstərdiyi kobud davranış ağır xəstəlik və ona qalib gələ bilməmək, xəstəxanalardakı durum və başına gətirilənlərə qarşı bir haray idi. Bəlkə, o vətəndaş sizi, cənab prezidenti köməyə çağırırdı, bir qulaq verdinizmi? Polis onu tutub həbsə göndərəndə bu haqda ona sual verən olubmu?
Vətəndaş onkoloji xəstə olduğunu deyərək ağlayır, hansısa jurnalist bunu bəh-bəhlə yayır. Onkoloji xəstəni kamera qarşısına çıxarıb ağlatmaqa nə var ki, gücünüz çatırsa bircə gün gedib Milli Onkologiya Mərkəzində söyülməkdən daha betər durumda olan vətəndaşlarımızın halını görün, yayımlayın.
Onkologi xəstələr əsəbi olduğunu, onları dövlətin pulsuz müalicə ilə təmin etməli olduğunu bilirik. Amma, bizim dövlətimiz onkoloji xəstələrə o qayğını göstərmir, heç olmasa belə hallarda vətəndaşın vəziyyəti nəzərə alınsın.
Qanun vətəndaşı məhz cəzalandırmaq üçün deyil. Azərbaycan Respublikasının Konstitutiyasinda da humanizm prinsipləri əsas götürülməsindən bəhs edilir. Bəs, Azərbaycan kişisi niyə insanların gözü qarşısında ağladılır, alçaldılır? Bu şəkildə, "polisdən qorxun!" mesajı verməklə, Daxili İşlər Nazirliyi nə demək istəyir?! Bunlar anlamırmı ki, gücsüz vətəndaşın dövləti zəif, polisi aciz olar.
Anlayırıq ki, vətəndaşın məsuliyyətə cəlb olunması suçundan irəli gəlir, amma həm də görmək istəyirik ki, vətəndaşı kamera qarşısına çıxarıb o şəkildə üzr istəməsini təşkil edən DİN əməkdaşları da məsuliyyətə cəlb edilsin. Çünki, bu hərəkət xalqa qarşı təhqirdir...
+++++
Criminal.az saytının daxili işlər orqanındakı mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, sürücü Fəxrəddin Nəsirov kamera qarşısına polis tərəfindən çıxarmayıb. Onun özü istəyi ilə jurnalistlərə müsahibə verərək üzr istəyib.
Загрузка...
Загрузка...

Xəbər lenti