"İlham Əliyev baş prokuror və onun müavinini cəzalandırmayacaqsa, demək..."

Загрузка...
"Bu faktlar Zakir Qaralovun və Rüstəm Usubovun killer Hacı Məmmədovu himayə etdiyini və Rəna Nəsibovanın qətlini ört-basdır etdiyini birmənalı şəkildə təsdiq edir"
Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli tanınmış vəkil Adil İsmayılovun hacı Məmmədovun cinayətləri və onlardan Baş Prokurorluğun rəhbər şəxlərinin məlumatlı olması ilə bağlı yazdıqlarına münasibət bildirib. Xanım siyasətçinin ''facebook'' profilində yazdıqlarını olduğu kimi təqdim edirik:
"Dostlar, tanınmış vəkil Adil İsmayılovun Azərbaycan ictimaiyyətinə təqdim etdiyi bu sənədlər Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, baş prokurorun birinci müavini Rüstəm Usubov və hazırda Ali Məhkəmənin sədri olan Ramiz Rzayevə qarşı ağır ittihamlar üçün əsas verir. Məşhur killer Hacı Məmmədovla əvvəllər yaxın əlaqədə olmuş Rəna Nəsibova adlı gənc qadın hələ Hacı Məmmədovun həbsindən iki il əvvəl, 11 avqust 2003-cü il tarixində Baş Prokurorluğa gəlib orada baş prokuror Zakir Qaralovla və hazırda onun birinci müavini olan, o zaman isə məşhur kriminalist Rövşən Əliyevin qətli ilə bağlı cinayət istintaqına rəhbərlik edən Rüstəm Usubovla şəxsən görüşüb onlara Hacı Məmmədovla bağlı bütün zəruri məlumatları verir. 

Rövşən Əliyev 
Rəna Nəsibova Hacı Məmmədovun bir neçə killer dəstəsi saxladığını və Rövşən Əliyevi öldürdüyünü deyir, killer dəstələrinin üzvləri və fəaliyyətləri barədə ünvanlarına, ailə üzvlərinə, telefon nömrələrinədək, oğurladıqları avtomobilləri harada saxladıqlarınadək müfəssəl məlumatlar paylaşıb. Rəna Nəsibova eyni zamanda Hacının bacısı oğlunun işlədiyi bir bankda böyük hesabı olan və İnqilab küçəsində yaşayan bir yəhudini oğurlamaq planı haqqında da bildiklərini baş prokuror və müavini ilə bölüşüb. Rəna xanım onlara Hacı Məmmədovdan çox qorxduğunu və onun prokurorluqda olduğunu bilsə, Hacı tərəfindən öldürülə biləcəyini deyib və yardım istəyib.
Zakir Qaralovun və müavininin boynunun borcu həmin xanımın təhlükəsizliyini təmin etmək idi, onlar Rəna Nəsibovanın təhlükəsizliyinə başları ilə cavabdeh idilər. ABŞ-da Şahidləri Müdafiə proqramı çərçivəsində qorunan bircə şahidə zərər toxunsa, ölkənin baş prokuroru cinayət məsuliyyətinə cəlb olunar, vəzifəsində qalması isə, ümumiyyətlə, təsəvvür və təxəyyül xaricindədir. Bəs Zakir Qaralovla müavini Ramiz Rzayev nə etdilər? Şahidi qorudularmı?
Zakir Qaralov və Rüstəm Usubovla məxfi görüşdən az sonra Rəna Nəsibova işlədiyi "Knauf" firmasında ölü tapılır. Təkcə buna görə Zakir Qaralov, Ramiz Rzayev və Rüstəm Usubov 2004-cü ilin iyun ayında vəzifələrindən uzaqlaşdırılıb cəzalandırılmalı idilər. Lakin daha dəhşətli hadisələr hələ qarşıdadır, diqqətlə oxuyun. Rəna Nəsibovadan Hacı Məmmədov və onun killer dəstələri haqqında, Rövşən Əliyevin məhz onun tərəfindən qətlə yetirilməsi haqqında dolğun bilgilər alan Zakir Qaralov və Rüstəm Usubov sizcə hərəkətə keçirmi?! Hacı Məmmədovun ifşası üçün hansısa addım atırmı?! Bu barədə biz Rüstəm Usubovun öz dilindən 12 may 2005-ci il tarixli dindirilmə protokolundan oxuyacağıq. 

Rüstəm Usubov 
"Hacı Məmmədov Zamirə Hacıyeva işində ifşa olunaraq həbs edildikdən sonra vaxtı ilə onun qətlə yetirdiyi Rövşən Əliyevlə bağlı işin istintaqını aparan Rüstəm Usubov MTN tərəfindən dindirilmişdi. Beləliklə, ondan soruşurlar ki, Rəna Nəsibovanın məlumatlarından sonra Hacı Məmmədovun və dəstəsinin ifşası üçün nə iş gördünüz? Deyir ki, operativ qaydada Hacı Məmmədovun mənzillərini aşkara çıxardıq. Halbuki, bu mənzillərin ünvanlarını Rəna Nəsibova detallı şəkildə özü baş prokurora və müavininə bildirib. Əməliyyat qrupunun Rəna xanımın məlumatlarına biganə qaldığını da iddia etmək haqsızlıq olar. Onlar yalnız bir epizod üzrə işə operativ münasibət göstəriblər- Nəsibovanın oğurlanacağını dediyi zəngin yəhudini axtarmağa başlayıblar. O boyda dəhşətli faktlar içində zəngin yəhudi epizoduna bu qədər diqqət təsadüfdürmü?! Rüstəm Usubov bildirir ki, biz əvvəl İnqilab küçəsində yaşayan bir zəngin yəhudini - Gennadi Zelmanoviçi aşkar etdik, onu Baş Prokurorluğa çağırıb xəbərdarlıq etdik, dedik ki, heç yerə tək getmə, yanında adam olsun. Sonra İnqilab küçəsində yaşayan başqa bir zəngin yəhudi- Yura İliyevi tapdıq, onu da eyni qaydada prokurorluğa çağırıb xəbərdar etdik, dedik ki, çalış ki, özün və ailə üzvlərin tək gəzməsin, ehtiyatlı olun. Primitivliyi təsəvvür edirsiniz?! Sizcə, nədən baş prokurorluq çox sadə bir şəkildə- Hacı Məmmədovun bacısı oğlunun işlədiyi bank vasitəsilə külli-miqdarda pulu olan şəxsi müəyyənləşdirmək əvəzinə şəhərdə "zəngin yəhudi ovuna" çıxıb onları bir-bir xəbərdar edərək öz köməklərini təklif edib?! Uşaq da bilir ki, bizim hüquq-mühafizə orqanlarımız zəngin adamları gündüz çıraqla gəzirlər ki, yolub buraxalar. Məhz ona görə də Zakir Qaralov və Rüstəm Usubov Hacı Məmmədovun həbsi istiqamətində əllərini əllərinə vurmasalar da, "zəngin yəhudi" epizodu üzrə belə canfəşanlıq göstəriblər".
Gültəkin Hacıbəyli daha sonra qeyd edir: "İndi isə keçək cinayətin ən dəhşətli hissəsinə. Zakir Qaralov və Rüstəm Usubov Rəna Nəsibovanın təqdim etdiyi qiymətli faktlar əsasında Hacı Məmmədovu həbs etmir, ancaq əvəzində Rəna Nəsibova işlədiyi firmada ölü tapılır. İstintaqı Yasamal rayon prokurorluğu aparıb. Dindirmədə Rüstəm Usubov bu xəbəri eşidəndə sarsıldığını deyib. Görünür, çox sarsılıb. O qədər sarsılıb ki, 33 yaşlı gənc xanımın qəfil ölümündə Hacı Məmmədov izinin ola biləcəyini unudub. O qədər sarsılıb ki, hətta istintaqı aparan hüquq-mühafizə orqanlarına - Yasamal rayon prokurorluğunun əməkdaşlarına Rəna Nəsibovanın Hacı Məmmədova görə baş prokurorun və onun qəbulunda olduğunu deməyi və qətl ehtimalının yoxlanılmasını tapşırmağı unudub.
Yeri gəlmişkən, müstəntiq bunun səbəbini soruşanda Usubov həmin məlumatları məxfi olduğu üçün istintaqı aparan Yasamal rayon prokurorluğunun əməkdalarına vermədiyini deyib. Təsəvvür edin, adam müstəntiqi və istintaqı, əslində isə dövləti barmağına dolayıb. Həmin məlumatlar ona görə məxfi idi ki, Rəna Nəsibovanın təhlükəsizliyi təmin edilsin. Rəna Nəsibova öləndən sonra həmin məlumatlar nə üçün məxfi saxlanılmalı idi?! Görünür, Usubov, gerçəkdən də çox sarsılıb. O qədər dərindən sarsılıb ki, hətta Yasamal rayon prokuroru Şirxan Adıgözəlovun Rüstəm Usubovun adına yazdığı 6 iyul 2004-cü il tarixli arayışı da görməzdən gəlib. Həmin arayış Rəna Nəsibovanın öldürülməsinin sübutudur. Belə ki, Yasamal rayon prokurorunun həmin arayışında göstərilir ki, Rəna Nəsibovanın ölümündən bilavasitə əvvəl Nuriyev Novruz Cavad oğlu adlı şəxs onun yanında olmuş, qapını arxadan bağlamış, qapı döyülsə də açmamış və az sonra qapını açaraq qaçıb aradan çıxmışdır. Və həmən bunun ardınca Rəna Nəsibova otağında ölü tapılmışdır. 

Bu hadisəni hətta İQ-su ən yüksək olan heyvan- alman ovçarkası da görsəydi, hürə-hürə həmin o Nuriyev Novruz Cavad oğlunun ardınca qaçıb onu tutardı, çünki heyvan olsa da, elementar şüuru və intuisiyası var. Ancaq Azərbaycanın baş prokuroru və onun müavinləri üçün hətta Yasamal prokurorunun arayışından sonra Rəna Nəsibovanın öldürüldüyünü anlamaq çətin olubsa bu onların İQ-sunun aşağı olmasının göstəricisi deyil, bu, başqa mətləblərin sübutudur.
Rüstəm Usubovu dindirən MTN müstəntiqi ona sual verir ki, istintaqa rəhbərlik edən şəxs kimi və Rəna Nəsibova və Hacı Məmmədov əlaqəsini bilə-bilə niyə cinayət işinin başlanmasının rədd etmisiniz? Deyir qərarı Yasamal prokuroru qəbul edib. Müstəntiq soruşur ki, axı sizin yuxarı nəzarət orqanın rəhbəri kimi və işin mahiyyətini bilən adam kimi qərarı ləğv etmək səlahiyyətiniz olub, R.Usubov deyir ki, lazım olsaydı qərarı Bakı şəhər prokurorluğu ləğv edərdı. Usubov bu qərarın qəbulu üçün ekspertizanın qərarını əsas götürür və deyir ki, başqa sübut olmayıb. Bəs Nuriyev Novruz Cavad oğlu haqqında Şirxan Adıgözəlovun arayışı?! Rayon prokurorunun arayışı ekspert rəyindən bu qədərmi önəmsizdir ki, onu heç yoxlamağa da ehtiyac duyulmur?! Nə zamandan ekspert rəyi istintaq üçün həlledici qüvvəyə malikdir, xəbərimiz yoxdur?! Lap tutaq ki, Rəna Nəsibova narkotik istifadəçisidir, onu kimsə öldürə bilməzdimi?!
Ölümündən həmən əvvəl otağına adam girə, qapını arxadan bağlaya, firmanın əməkdaşlarının israrlı tələblərinə baxmayaraq açmaya, sonra qapını açan kimi qaçıb aradan çıxa və həmin an Rəna Nəsibova həmin otaqda ölü tapıla- və bütün bunlardan sonra Baş Prokurorluq cinayət işinin açılmasından imtina edə ki, Rəna Nəsibova narkotik istifadəçisidir və öz əcəli ilə ölüb! Prokuror Şirxan Adıgözəlov bu qətlin ört-basdır edilməsində maraqlı olsaydı, 6 iyul 2004-cü il tarixli arayışı yazmazdı. Yazıbsa və sonradan işi bağlayıbsa, demək ona da Baş Prokurorluqdan təzyiq olub.
Beləliklə, bu faktlar Zakir Qaralovun və Rüstəm Usubovun killer Hacı Məmmədovu himayə etdiyini və Rəna Nəsibovanın qətlini ört-basdır etdiyini birmənalı şəkildə təsdiq edir. Bundan sonra İlham Əliyev baş prokuror Zakir Qaralovu və onun birinci müavini Rüstəm Usubovu cəzalandırmayacaqsa, demək, cinayətkarlıq Azərbaycan Respublikasının dövlət siyasətidir.
Criminal.az bildirir ki, Baş Prokurorluq hələ də vəkil Adil İsmayılovun yazılarına heç bir münasibət bildirməyib.
Adil İsmayılovun yazıları: 
• Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: "Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
• Elmar Hüseynovu MTN-in gözü qarşısında güllələyiblər? - HACI MƏMMƏDOVLA FƏRHAD ƏLİYEVİN ÜZLƏŞMƏSİ
• General Nəsirovdan MTN-də Ramil Usubova qarşı ifadə almaq istəyiblər: "Ya ifadə ver canını qurtar, ya da..."
• Usubovun MTN-də verdiyi ifadə: "Rövşən Əliyev "Qarabulaq"da Lyudmila ilə mübahisə etmiş, hansısa şəxsi görərkən gizlənmiş..."
Загрузка...
Загрузка...

Xəbər lenti