Bu adamları qorumaq vətəni qorumaq kimidir

Bu adamları qorumaq vətəni qorumaq kimidir
Загрузка...
Bu dünyanın ən çətin işi insan olmaqdır, insan ola bilməkdir. Hər şey o nöqtədən başlayır, bütün adlar, bütün vəzifələr, bütün öhdəliklər və.s. Mən də Adəm övladına bu bucaqdan yanaşıram. O bucaqdan tanıyır, o bucaqdan sevirəm. Heç şübhəsiz ki, bütün münasibətlərin hesabı çəkilir bizdən, bir az bu dünyada, bir az da o biri dünyada...
Məhz bu nöqtədən deməliyəm ki, son bir neçə günün mövzusu olan Mübariz Mənsimovu şəxsən tanımıram, bu səbəbdən də onun şəxsiyyəti haqqında ətraflı bir söz deyə bilmərəm. Lakin, dövlətə baba deyən biri kimi, tələb eliyirəm ki, Azərbaycan dövləti Mənsimovun hüquqlarının qorunması, onun məsuliyyətdən xilas olması üçün gərəkən addımı atmalıdır.
Əvvəla, ona görə ki o bu torpağın oğludur, ikincisi onun iş adamı kimliyi bizim dövlətimizə də, millətimizə də lazımdır. Ona görə yox ki, o az-çox xeyriyyəçilik eliyir, gəmilərinə Azərbaycanla bağlı adlar verir və.s. Ona görə ki, Mənsimov, adını hamının duyduğu, müasirimiz olan azərbaycanlı milyonçulardan fərqli olaraq bu vətənə mənəvi bağlılığını isbat etmiş şəxslərdəndir. Azərbaycanla bağlı, azərbaycanlılarla bağlı məsələlərdə əksər vaxt həssaslıq göstərir. Hətta, bu olmasa belə azərbaycanlı olduğu gendən bilinən adamlardandır Mübariz Mənsimov...
İş adamı kimi, Azərbaycan və Rusiya dövlətləri ilə əlaqələr qurması, şirkətinin dövlət yüklərini daşıması onu hansısa arzuolunmaz öhdəliklər qarşısında qoya bilər. İş mühitində olan istənilən bir şəxs qəbul edər ki, post-sovet məkanında iş adamı olmağın və ya bu quruluşlarla iş görməyin müəyyən xüsusiyyətləri var ki, istəməsən də o tələblərlə hesablaşmalısan. Amma, əsas odur ki, sənin içində faydalılıq arzusu olsun.
Mənsimovu faydalı olmaq arzulu, ona çalışan insanlardan sayıram. Kaşki, Azərbaycanın belə iş adamları çox olardı. Düşmənlərimizi bizdən fərqləndirən xüsusiyyətlərdən biri də belə adamları qorumaq hissi, hətta qorumaq hirsidir. Və, tarix boyu da bunun müsbət nəticələrini görməkdədirlər. Biz həvəslə erməni lobbisinin, erməni milyonerlərinin Ermənistan dövlətinə və erməni cəmiyyətinə verdiyi töhfələrdən danışırıq, lakin, içimizdən birinin yüksəlməsi üçün, uğurlu olması üçün heç nə eləmirik. Bu azmış kimi, uğurlu adamların qarşısına süni maneələr çıxarırıq. Niyə? Bizim böyük şirkətləri olan iş adamlarımız yox dərəcəsindədir, olanları qorumalıyıq. İnanın ki bu adamları qorumaq vətəni, dövləti qorumaq kimidir. İnsanına qiymət verməyən cəmiyyət məhvə məhkumdur!
 
Vasif Qurbanzadə
Qaraba Hərəkatının başqanı 

Xəbər lenti