Bloqqerə dəstək aksiyasına çıxanlardan yeni həbs cəzası alanlar var

Bloqqerə dəstək aksiyasına çıxanlardan yeni həbs cəzası alanlar var
Загрузка...

Yanvarın 6-da Mehman Hüseynova dəstək aksiyası zamanı saxlananların bəziləri bu gün, yanvarın 7-də məhkəmə önünə çıxarılıb.

Onlardan Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mete Türksoya 25, Qoşqar Əhmədova 20, İsmayıl İslamoğluna da 20 sutka inzibati həbs cəzası verilib.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 513.2 (yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlərin təşkili, keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.

Daha bir nəfərin- Bəxtiyar Məmmədovun 400 manat cərimə olunduğu bildirilir.

Bazar günü, yanvarın 6-da 11 gündür həbsdə aclıq etdiyi bildirilən bloqqer Mehman Hüseynovla bağlı keçirilən dəstək aksiyası polis tәrәfindәn dağıdılıb. Bu haqda AzadlıqRadiosuna aksiyanın təşkilatçıları məlumat veriblər.

Apellyasiya mәhkәmәsinin yanında keçirilәn aksiyada təxminən 50 nəfərin iştirak etdiyi deyilir. Onlar M.Hüseynovun azadlığa buraxılmasını tələb ediblər.

Әraziyә cəlb olunmuş mülkigeyimli polislər aksiyanın təşkilatçısı Mete Türksoyu və 10-a yaxın aksiya iştirakçısını saxlayaraq, avtomobillərə mindirərək ərazidən uzaqlaşdırıblar.

Saxlanılanların Yasamal rayonunun 28-ci polis bölməsinə aparıldıqları bildirilir.

Rəsmi məlumata görə, M.Hüseynovdekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.

Vəkilləri M.Hüseynovun ittihamı qurama saydığını deyirlər. Ailəsi bloqqerin etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını, son günlər onun səhhətinin ağırlaşdığını bildirirlər. Penitensiar Xidmət isə M.Hüseynovun aclıq etmədiyini, su və qida qəbul etdiyini bəyan edir.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsinin sosial şəbəkələrdə yaydığı «ifşaedici» videolarla bağlı olduğunu bildirib.

Загрузка...
Загрузка...

Xəbər lenti