Bloger və aktyorun həbsi haqda hökm qüvvədə qaldı

Bloger və aktyorun həbsi haqda hökm qüvvədə qaldı
Elçin Həsənzadə və İbrahim Türksoyun həbsilə əlaqədar Avropa Məhkəməsinə şikayət veriləcək
Ali Məhkəmədə həbsdə olan bloger Elçin Həsənzadə və Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamovun (Türksoy) işinə baxılıb. Hakim Nazim Mövsümovun sədrliyilə keçirilən məhkəmə prosesində bloger və aktyorun hər birinin 8 ay azadlıqdan məhrum edilməsi haqda hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Bu hökm martın 2-də Şəki Apelyasiya Məhkəməsində çıxarılıb və Elçin Həsənzadə ilə İbrahim Türksoy həmin gün məhkəmə zalında həbs olunub. Onlar Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib.
Bloger və aktyor Mingəçevir Şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cinayət məsuliyyətinə cəlb olunub. Şəhriyar Mustafayev iddia edir ki, Elçin Həsənzadə və İbrahim Türksoyun sosial şəbəkələrdə onun haqqında yazdıqları böhtandır. Mingəçevir Şəhər Məhkəməsi bu iddia əsasında aktyor və blogerin hər birinin 1 il islah işlərinə məhkum edilməsi haqda hökm çıxarılmışdı. Həm təqsirləndirilən şəxslər, həm də Şəhriyar Mustafayev hökmdən apelyasiya şikayəti vermişdi.
Elçin Həsənzadə və İbrahim Salamov bəraət, Mənzil İstismar İdarəsinin rəisi isə onların cəzasının ağırlaşdırılmasını istəyirdi. Şəki Apelyasiya Məhkəməsi Şəhriyar Mustafayevin şikayətini təmin edərək, hökmü dəyişib və cəzanı ağırlaşdırıb. Elçin Həsənzadə iddia edir ki, Mingəçevirdə baş verən qanunsuzluqları, məmur özbaşınalığı və korrupsiya hallarını ictimailəşdirdiyinə görə icra başçısı İlham İsmayılovun sifarişilə cəzalandırılıb. Onun sözlərinə görə, iddianı qaldıran hüquqi baxımdan Şəhriyar Mustafayev olsa da, işin arxasında dayanan icra başçısıdır.
Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, Ali Məhkəmənin qərarı ifadə azadlığına ziddir. Avropa Məhkəməsinə şikayət veriləcəyini deyən vəkilin sözlərinə görə, istər Azərbaycan Konstitusiyası, istərsə də ölkənin qoşulduğu Avropa Konvensiyasının 10-cu maddəsi ifadə azadlığına təminat verir.
Vəkil əmindir ki, Avropa Məhkəməsi gələcəkdə bu işdə 10-cu maddənin pozuntusunu tanıyacaq və belə qərara görə Azərbaycanı növbəti dəfə cərimələyəcək. Elçin Həsənzadə ötən il Məhəmməd Əmin Rəsulzadənin şəklini Mingəçevirdəki abidələrdən birinin üstünə yapışdırıb. Sonradan həmin şəkli cırıb yerə atıblar.
İddia olunur ki, bunu Şəhriyar Mustafayev eləmişdi. Aktyorun sözlərinə görə, Şəhriyar Mustafayevin həmin əməlini ictimailəşdirdiyi üçün onu da cəzalandırırlar.

Xəbər lenti