"Bizə nəsə olsa, günahkar həm də Əli Həsənovdur"

Загрузка...
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbərlik etdiyi "Kaspi” liseyinin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev həbsdə aclığı davam etdirdiklərini bildiriblər. Bu barədə onlar oktyabrın 11-də məhkəmədə media nümayəndələrinə üz tutaraq deyiblər. Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 11-də onların işi üzrə prokuror Nəsir Bayramov çıxış edib, cəza istəməliydi. Lakin vəkillərdən biri gəlmədiyinə görə məhkəmə prosesini davam etdirmək mümkün olmayıb. Lakin təqsirləndirilən şəxslər prosesi izləməyə gələnlərə üz tutub, məhkəmənin ədalətsizliyinə, Əli Həsənovun təsirilə onlara qarşı qərəzli davranışa etiraz aclıq aksiyası keçirdiklərini bildiriblər. Onlar bir həftə öncə keçirilən iclasda da Sona Vəliyevanın dindirilməsi barədə vəsatətləri rədd ediləndən sonda aclığa başlayacaqlarını demişdilər.
Təqsirləndirilən Tural Məmmədov bildirib ki, tələbləri bu işə obyektiv baxılması, Sona Vəliyevanın məhkəmədə dindirilməsidir: "Hamı bilsin, əgər bizə nəsə olsa, günahkar dörd nəfərdir - Əli Həsənov, Sona Vəliyeva, Elnur Əliyev və Azər Paşayev".
E.Əliyev "Kaspi Liseyi"nin direktoru, A.Paşayev isə Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxan hakimdir. Məhkəmə prosesi oktyabrın 14-nə qədər təxirə salınıb. Penitensiar Xidmət isə T.Məmmədov və F.Möhbalıyevin aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib edib. Bakı İstintaq Təcridxanasında nəinki onların, heç bir dustağın aclıq etmədiyi bildirilib. "Kaspi” liseyinin Bakıxanov filialından 564 min manatlıq mənimsəmə ittihamıyla həbs olunmuş T.Məmmədov və F.Möhbalıyevin işi üzrə istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparıb.
Altı aydır ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır. T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini, bu məbləğin də xeyli hissəsinin qaytarıldığını deyir.
Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manat göstərib. F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir. Bu məhkəmə prosesində "Kaspi" liseyindəki vergidən yayınma halları, ikili mühasibatlıq halları üzə çıxıb. Sona Vəliyeva isə bu barədə yayılan məlumatları həyat yoldaşı "Əli Həsənovun nailiyyətlərini gözü götürməyənlərin qarayaxma kampaniyası" kimi qiymətləndirib.
Загрузка...
Загрузка...

Xəbər lenti