''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''

''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, MTN-də onun tabeliyində işləmiş İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə aprelin 19-na təyin edilən məhkəmə prosesi təxirə salınıb.
Zərərçəkənlərə məhkəmə tərkibində olan hakim Aslan Kəlbəliyevin xəstələnməsi səbəbindən proses qeyri-müəyyən vaxta qədər təxirə salındığı bildirilib. Bu səbəblə ötən ay da, məhkəmə prosesi təxirə salınmışdı. Zərərçəkənlər hər dəfə prosesin təxirə salınmasını iş üzrə müəmmalı proseslərin getməsi ilə əlaqələndirirlər. Əfsəl Həsənəliyev iş üzrə prosesin dəfələrlə təxirə salınmasına etiraz edir:
"Mənim 72 yaşım var. Mövlam Şıxəlyev əlimizdən aldıqları pullarla həyat yoldaşı Aybəniz Şıxəliyevaya, oğlu Elgünə, qızı Samirənin adına çoxsaylı mülklər alıb. Faktiki olaraq ailə üzvləri də bizə qarşı cinayətlərdə iştirak ediblər. Məni MTN girov götürdü. 5 aydan artıq başıma müsibətlər açdılar. Evimi "Unibank”a girov qoyub pulunu götürdülər. Bu gün də evim girovluqdadır. İndi də hər dəfə məhkəməni uzadırlar. Hakimin xəstələnməsi bəhanədir. Məqsədləri sırf Mövlam Şıxəliyevin ailə üzvlərini – həyat yoldaşını, oğlunu cinayət məsuliyyətindən yayındırmaqdır. Eyni zamanda məhkəməni saqqıza ona görə döndəriblər ki, Mövlam Şıxəliyevin məhkəməsi geniş ictimaiyyətin diqqətindən kənar saxlasınlar. Biz zərərçəkənlər məhkəmənin uzadılmasına etiraz edirik. Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik və edirik. Çünki əlimizdən alınan varidatın leqallaşmasında iştirak ediblər. Aybəniz Şıxəliyevanın yaşadığı mülkün qarşısına gedib orada etiraz aksiyası keçirəcəyik”. Digər zərərçəkənlər də Əfsəl Həsənəliyevin fikirlərinə şərik olduqlarını deyiblər.
Zərərçəkən Sərdar İsmayılov deyib ki, qanunsuz həbsindən sonra həyatı alt-üst olub: "Biz Gürcüstandan İrana mal aparmışıq. Əlimizdə də gömrük bəyannaməsi. Malımızı ələ keçirmək üçün bizə qarşı cinayət etdilər, özümüzü də uydurma ittihamla həbsə aldılar. Dedilər ki, pul verməsəz, həbsdə çürüyəcəksiz. Pulumuzu aldılar, özümüzü məhkəməyə göndərib qanunsuz olaraq məhkum elədilər. Malımızı da aparıb satıblar. Əgər mal qanunsuz idisə, niyə Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevə məktub yazırdı ki, mal beynəlxalq yükdaşıma qanunlarına uyğun sənədləşdirilib və Azərbyacan ərazisindən tranzitlə İrana aparılır? Mal qanunsuz idisə, niyə dövlət nəfinə deyil, Mövlam Şıxəliyevin şərikləri Çingiz Ağayev və Yaşar Cabbarovun vasitəsi ilə Azərbaycanda satılıb? İndi də artistlik edirlər, deyirlər ki, bəs siz rüşvət vermisiz, ona görə də pulunuz geri qayıtmayacaq. Cinayətə məruz qalan da biz, pulu-malı zorla əlindən alınan da biz, bunlar da əməli saleh adamlardır guya. Mənim malım əlimdən alınıb satılmasaydı, qanunsuz həbs olunmasaydım, bu gün də biznes fəaliyyətimi davam etdirirdim. Bizə qarşı dövlətin gücündən istifadə edib quldurluq ediblər. Buna görə də dövlət qarşısında cavab verməlidirlər”.
İş üzrə məhkəmə prosesi ötən ilin oktyabrında başlayıb. Bu günə qədər prosesdə 8 zərərçəkən ifadə verib. Demək olar ki, bütün zərərçəkənlərin ifadələri zamanı iş üzrə yeni hallar üzə çıxıb. Həmin faktlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən qiymət verilməyib, gizlədilib. İttiham verilməyib və heç bir hüquqi qiymət verilməyib. İş üzrə 36 zərərçəkən var. Onlardan 4 nəfərinin yolu MTN-dən düşəndən sonra 3-ü ürək xəstəliyi tapıb, 1 nəfər isə intihar edib. Hazırda həmin şəxsləri məhkəmədə yaxınları olan nümayəndələri təmsil edir.
Maraqlıdır ki, iş üzrə zərərçəkənlərin əksəriyyəti barəsində bu gün də qondarma ittihamlarla olsa da, saxta məhkəmə hökmləri qüvvədədir. Dindirilmiş 8 nəfərdən 5-nin hüquqi statusu bəlli deyil. Bilinmir ki, bu şəxlər zərərçəkəndir yoxsa ki, təqsirləndirilən şəxslərdir. Çünki bu şəxslərin barəsində Mövlam Şıxəliyevlə bərabər mühakimə olunan Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov tərəfindən tərtib olunan qondarma ittiham aktlarına əsasən məhkəmələrin saxta hökmləri qüvvədədir. Bir tərəfdən həmin qondarma ittiham aktlarını tərtib etdiklərinə görə Mövlam Şıxəliyev və digərilərinə bu gün ittiham irəli sürülüb, eyni zamanda həmin qondarma ittiham üzrə çıxarılan hökmlər ləgv olunmadan qüvvədən düşməyib. Yəni, iş üzrə parodoksal vəziyyət yaranıb. Məsələn, iş üzrə Əfsəl Həsənəliyevi girov götürüb, 5 ay MTN zindanında tam qanunsuz həbsdə saxlayıblar. Mövlam Şıxəliyev və digərilərinin barəsindəki ittiham aktından oxuyuruq:
- Mövlam Şixəliyev qeyd edilən vəzifədə xidmət edərkən MTN-nin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Məmmədov Yasin Seyfulla oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərini aşmaqla Əfsəl Həsənəliyev barəsində həbs qəti-imkan tədbirinin seçilməsinə nail olub. İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2013-cü ilin sentyabr ayından etibarən Əfsəl Həsənəliyevi dəfələrlə saxlanıldığı Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin İstintaq təcridxanasından şəxsən öz xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Yasin Məmmədovun vasitəsilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin edib.
Ona həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Əfsəl Həsənəliyevdən birbaşa yolla əvvəlcə 100 min manat, sonuncu ilə razılaşa bilmədikdə həmin dövrün rəsmi məzənnəsi ilə 39 min 225 manat təşkil edən 50 min ABŞ dolları istəyərək qeyd edilən qərarı 7.000 manat qabaqcadan və 28 min manat həbsdən buraxıldıqdan sonra verilmək şərti ilə cəmi 35 min manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmış, Əfsəl Həsənəliyevin həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 12 fevral 2014-cü il tarixli 59/KEŞ saylı rəyinin alınmasına nail olub. 19 fevral 2014-cü il tarixdə Əfsəl Həsənəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair dəstənin üzvü Yasin Məmmədov tərəfindən qərar qəbul edilməsini təmin etdikdən sonra, qabaqcadan razılaşdırıldığı kimi 5 aprel 2014-cü il tarixdə dəstənin üzvü Yasin Məmmədovun xidməti kabinetində sonuncunun vasitəsilə Əfsəl Həsənəliyevdən birbaşa yolla qalan 28 min manat nağd pulu, ümumilikdə külli miqdar təşkil edən 35 min manat nağd pulu vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Yasin Məmmədov və qeyriləri ilə aralarında bölməklə, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla MTN-nin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Əfsəl Həsənəliyevin hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur”.
Bundan sonra iş üzrə Əfsəl Həsənəliyevin barəsində qondarma ittiham aktı Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə məhkəmə sədri Kəramət Əliyev baxıb. Əfsəl Həsənəliyevdən 50 min manat pul alandan sonra hakim onun barəsində saxta hökm çıxarıb. Həmin hökm bu gün də dəyişdirilmədən qüvvədədir. Belə cıxır ki, Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üzrə bu günkü məhkəmədə Əfsəl Həsənəliyev zərərçəkəndir. Mövlam Şıxəliyev və digərilərinin tərtib etdikləri qondarma ittiham aktı əsasında hakim Kəramət Əliyevin çıxardığı saxta hökmə görə isə o, təqsirləndirilən şəxs-məhkumdur. Çünki barəsində qüvvədə olan saxta hökm bu gün də var.
Zərərcəkmiş Əhməd Mirzəyev də eyni statusa malikdir, qondarma ittihamla həbsə alınıb, 350 min manat pul alandan sonra məhkəmə tibbi ekspertiza rəyi əsasında həbsdən azad olunub, sonradan isə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Əfqan Hacıyev baxıb. Əhməd Mirzəyevdən 100 min dollar pul alandan sonra hakim onun barəsində saxta hökm çıxarıb və həmin hökm bu gün də dəyişdirilmədən qüvvədədir. İş üzrə 36 zərərçəkəmişlərin yarıdan çoxu eyni statusdadırlar – bu işdə həm zərərçəkəndirlər, digər tərəfdən isə saxta hökmlə məhkum olunmuş şəxslərdir. Buna görə də Mövlam Şıxəliyev və digəriləri bu hüquqi ziddiyyətə arxayınlıqlarını açıq şəkildə biruzə verməyə başlayıblar. Bu məqama istinad edib bəraət almağa çalışırlar.
Sonuncu prosesdə zərərçəkən İbrahim Zeynalov ifadə verərkən təqsirləndirilən Yasin Məmmədov ona "sənin danışmaga haqqın yoxdur, barəndə qanuni qüvvəyə minmiş hökm var” deməklə özünün ifşa edilməsinin qarşısını almağa çalışıb.
Başqa sözlə, İbrahim Zeynalovun hazırki məhkəmədə danışmağa qəti haqqı olmadığını acıq şəkildə diqqətə çatdırmaq istəyib. Bu günə qədər dindirilən Əhməd Mirzəyev, Sərdar İsmayılov, Bahəddin Sultanov, İbrahim Zeynalov da Əfsəl Həsənəliyev kimi həm zərərçəkən, həm də məhkum olunmuş şəxslərdirlər. Hər biri məhkəmədə ifadə verərkən bildiriblər ki, onların qondarma ittihamla həbsə alınmaları sırf mal-mülklərinin əllərindən alınması üçün həyata keçirılib. Həmin qondarma ittihamlara görə sonradan qanuni don geyindirilməsi üçün barələrində olan cinayət işləri məhkəməyə göndərilib.
Məhkəmələrdə isə hakimlər pul alıb saxta hökmlər çıxarıblar. Belə saxta hökmlər üzrə bir qaydada olaraq şərti cəza təyin edilib. Əlbəttə ki, həmin şərti cəzalara görə günahsız insanlardan real pullar alınıb. Mövlam Şıxəliyev və digərilərinin bu gün və gələcəkdə özlərini müdafiyə edilməsi ücün istinad etdikləri məhz həmin saxta hökmlərdir. Bu, hüquqi ziddiyyət ortada ikən Mövlam Şıxəliyevi və digərilərinin barəsində gələcəkdə çıxarılacaq ittihamedici hökmü şübhə altına alır. Belə çıxır ki, Mövlam Şıxəliyev və digərilərinə ittiham irəli sürülməsinin özü qanunsuz və əsassızdır. Çünki Mövlam Şıxəliyev və digərilərinin tərtib etdikləri qondarma ittiham aktları üzrə çıxarılan hökmlər axta və qondarma olmasına baxmayaraq qüvvədədir.
Belədə sual yaranır: Mövlam Şıxəliyev və digəriləri bu şəxsləri doğru olaraq cinayət məsuliyyətinə cəlb edibsə, bu gün onlar niyə zərərçəkəndirlər? Mövlam Şıxəliyev və digəriləri niyə təqsirləndirilən şəxsdirlər?

Xəbər lenti