Biz dövlətimizi niyə qura bilmirik? - ƏRƏSTUN ORUCLUNUN KQB POLKOVNİKİ İLƏ SENSASİON SÖHBƏTİ

Biz dövlətimizi niyə qura bilmirik? - ƏRƏSTUN ORUCLUNUN KQB POLKOVNİKİ İLƏ SENSASİON SÖHBƏTİ
Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, hazırda məşhur ekspert olan Ərəstun Oruclu olduqca sensasion yazı yazıb. Criminal.az təhlükəsizlik ekspertinin KQB zabiti ilə söhbətindən hazırladığı yazını təqdim edir...
1-ci yazı: KQB polkovnikinin dedikləri.
1993-cu il, sentyabr ayının əvvəlləri idi. Rəisimdən zəng gəldi, "işin yoxdursa mənə baş çək" dedi. Anladım ki, nəsə şəxsi məsələ ilə bağlı çağırır.
- Filankəs haqqında yəqin ki, eşitmisən.
+ Belə, adına çox rast gəlmişəm, indi pensiyada olmalıdır.
- Elədir, özü də ürəyində ciddi problemləri var, bəzi dərmanları tapmağı xahiş edib (o vaxt dərmanlar çətin tapılırdı). Xahiş edirəm, bunları tap, mümkünsə özün də çatdır, bir az da söhbət elə, ürək-dirək ver. Demişəm ki, sən həkimsən, bura işə təzə gəlmisən.
+ Baş üstə, - deyib çıxdım.
Rafiq Mahmudov (Nərgiz Paşayevanın əri) Baş Apteklər İdarəsinə - öz əvvəlki rəis vəzifəsinə təzə qayıtmışdı. Bu yerdə qeyd edim ki, Mahmudovu yaxşı insan kimi tanımışam, həmin ağır dövrdə insanlara çox komək edirdi. Aptekə zəng edib dərmanları gətizdirdi və ona qədər də çay içib söhbətləşdik bir az.
Qapını açan "pasient" ağır nəfəs alırdı. Belə görünürdü ki, ürək çatımazlığının tibbi dildə desək, hardasa 2B-3A mərhələsində idi. Yəni, ümidverici bir perspektiv görünmürdü. Tipik rusdilli şəhər adamı idi və mənim ləhcəsiz ruscam həmən diqqətini çəkdi, xoşuna gəldi, ünsiyyətə imkan yaratdı. Təkidlə evə dəvət etdi.
Oturub çay içirdik, bir az xəstəliyindən danışdı, mənim haradan, kimlərdən olmağımı, harada oxuduğumu, MTN-ə necə gəldiyimi soruşdu. Bu vaxt televizorda Milli Məclisdən canlı yayım gedirdi, Heydər Əliyev yenə "asıb-kəsirdi".
- Ona münasibətin necədir?- deyə, soruşdu.
+ Pis. Yaxşı niyyətli adam deyil və heç vaxt da olmayıb. Hakimiyyətə necə qayıtdığından da bir az xəbərim var.
- Onda sən onu heç tanımırsan, çünki dediklərin ona komplimentdir. Ardınca ürəyi açılan polkovnik Heydər Əliyevin hakimiyyət pillələrində necə irəliləməsindən, onun metodlarından, klanı necə səfərbər etməsindən, bir məşhur müğənni xanımın Zevin küçəsindəki evində təşkil olunmuş və KQB-nin daimi nəzarətində olan "elit xanımlar klubundan", klanın əsas fiqurlarından və necə işləməsindən xeyli danışdı:
- Vəli Axundov (Azərbaycan KP MK-nın Heydər Əliyevdən əvvəlki birinci katibi) bakılım idi deyə demirəm, çox mədəni və millətçi adam idi, amma Heydər Əliyev Moskvanın köməyilə onu kənarlaşdırıb yerinə keçdi. Bu, Sovetin siyasəti idi: azlığın çoxluq üzərində hakimiyyəti.
+ Naxçıvan klanının?
- Onlar naxçıvanlı deyil, - deyə polkovnik gülümsədi.
+ O zaman Heydər Əliyevin Məmməd İsgəndərovla (60-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri) hakimiyyət uğrunda mübarizəsini necə başa düşək? Axı o da onlardan idi?
- Məmməd İsgəndərov haqqında hardan bilirsən?
+ Atam danışıb.
- Bu, partiya ilə KQB-nin daxili mübarizəsi idi. Məmməd İsgəndərov klandan deyildi, həm də partiyanın adamı idi. KQB qalib gəldi o mübarizədə.
Bu yerdə ara verdiyindən daha danışmayacağını düşünüb, ona qarşılıqlı səmimiyyət göstərdim. Heydər Əliyevin hakimiyyətə necə qayıtmağından, ona dəstək verən akademiklər Ramiz Rzayevin (sonralar RF-dakı səfir), Fərəməz Maqsudovun, qardaşı Cəlal Əliyevin, Arif Rəhimzadənin və digərlərinin Rəfail Allahverdiyevin (sonralar Bakı şəhər İH başçısı) evində keçirilən gizli görüşlərdən, orada gedən müzakirələrdən danışdım.
- Cəlaldan başqa onarın hamısı "peşkadır", əsas fiqurlar kölgədə qalanlardır- deyib, polkovnik soruşdu:
- sən Aydın Babayevin kim olduğunu bilirsən?
+ Xeyr.
- Aydın Babayev də onlardandır, Nazirlər Sovetində işləyirdi və klanın qara kassasına nəzarət edirdi. Bütün çirkli pulları o, toplayırdı.
Polkovnik qurulmuş korrupsiya sistemindən, Moskvanın buna necə göz yumduğundan, Az. KQB-nin daxilindəki Moskvadan birbaşa və məxfi idarə olunan xüsusi əməliyyat qrupundan, həmin qrupun Heydər Əliyevə və onun klanına necə nəzarət etdiyindən danışdı. Dedi ki, o zaman toplanan çirkli pulların bir hissəsi elə Bakıdaca qızıla çevrilərək Türkiyəyə - PKK-ya göndərilirdi. Polkovnik həmçinin "legendası" (şəxsin məxfi qalması üçün uydurulan tərcümeyi-halı) millətçi olan partiya funksionerindən, onun bir müddət Tehrandakı Sovet səfirliyində rezident işləməsindən, Məsud Bərzaninin, Cəlal Təlabaninin, Abdulla Öcalanın və digərlərinin adamları vasitəsilə əlaqələri koordinasiya eləməsindən danışdı.
Həmsöhbətim onun "legendasında" əslən gürcüstanlı olmasının da formal olduğunu, ailəsinin əslən Zəncandan (Cənubi Azərbaycan) olduğunu və vaxtilə KQB tərəfindən İran kəşfiyyatına necə yeridildiyini da bildirdi. Söhbət əsnasında təxminən 6 il əvvəl, Piterdə tələbə olarkən bir suriyalıdan eşitdiyim məlumatı polkovnikdən dəqiqləşdirmək istədim:
- Heydər Əliyevin Suriya kommunistləri ilə hansısa əlaqələri olub?
+ Az KQB sədri olanadək onlarla işləyirdi. Suriya kommunistləri əsasən kürdlərdən, ermənilərdən və bir az da yəhudilərdən ibarət idi. KQB onların hər birilə müxtəlif kanallarla işləyirdi ki, onlardan biri də Bakı kanalı idi. Suriyalı kürd kommunistlərlə kəşfiyyat işi Bakıdan aparılırdı.
- Amma Heydər Əliyev daim əks-kəşfiyyatda olub.
+ Elədir, kəşfiyyat həmişə nəzarətdə olduğundan bu işi əks-kəşfiyyat görürdü. Hafiz Əsəd bu əlaqələri bilirdi, ona görə də Suriya Kommunist Partiyasına ərəblərin kütləvi axınını təşkil edib onu öz nəzarətinə götürdü. Pokovnik başqa şeylərdən də danışdı. Eşitdiklərimdən şokda idim, amma sonda dediyi bir kəlmə məni sanki dərin yuxudan ayıltdı:
- Bax belə, cavan oğlan. Gördüyün kimi, hakimiyyət fırlanıb yenidən sahibinə qayıtdı...
+ Kim qaytardı onu?
- KQB. Hələ Moskvada da hakimiyyəti geri alacaqlar. Uzağı 5-6 ilə Yeltsini-meltsini rədd edib, hər şeyi öz əllərinə alacaqlar. Bizim ölkələr də heç vaxt əsl müstəqil olmayacaq, Moskvadan idarə olunacaqlar. Bilirsən, amma Elçibəy hakimiyyəti nahaq verdi ona.
+ Bilirəm, verməyə də bilərdi. Amma bu haqda danışmaq artıq gecdir.
- İndi Azərbaycanı bunların əlindən almaq çox çətin olacaq. Buna illər bəs etməyəcək, on illərlə gərgin, metodik, sistemli və dərindən işləmək lazım olacaq.
+ Sizcə bunun üçün resurslarımız, imkanlarımız var?
- Resusrslar həmişə var, amma klan da bunu yaxşı bilir, ona görə də xalqına bağlı olan bütün savadlı, qabiliyyətli kadrlara imkan verməyəcək, onları yerindəcə sıradan çıxaracaq. Öz uşaqlarını irəli çəkib, hakimiyyəti mərhələ-mərhələ onlara ötürəcəklər.
Polkovniki başa düşürdüm. Belə insan sadəlövh ola bilməzdi və özü də səhhət durumunu, çox yaşamayacağını yaxşı anlayırdı. Görünür, elə bu səbəbdən də bildiklərini bölüşməyə ehtiyac duyurdu. Sağollaşıb çıxanda dedi ki, özünü qoru, sən hələ gəncsən, görəcəyin çox işlər var. Qoy dediklərim də sənin üçün bir məlumat baqajı olsun.
Polkovnikin dediklərini dezinformasiya və hətta uydurma kimi də qəbul etmək olardı. Amma... sonrakı hadisələr olmasaydı. Aydın Babayevin hər iki oğlu vəzifələrə gətirildi: Heydər Babayev nazir, Yaşar Babayev isə Bakı neftbazasının müdiri təyin olundu. Babayevlər oliqarx ailə oldular. Moskvada hakimiyyət onun dediyi vaxt KQB-nin əlinə keçdi, Heydər Əliyev onun sadaladıqlarının az qala hamısını vəzifələrə gətirdi, Azərbaycan ordusunda döyümüş insanların hamısı sıradan çıxarıldı, PKK-nın Azərbaycandakı fəaliyyəti geniş vüsət aldı, ölkəsinə və xalqına bağlı adamlar metodik şəkildə əzilməyə başladı.
Polkovnikə amerikalıların öz səfirlərilə açıq telefon kanalı ilə danışaraq iyun hadisələri zamanı Elçibəy hakimiyyətinə necə dəstək vermək istədiyini deyəndə isə gülüb cavab verdi ki, amerikalılar axmaq deyillər, əmin olsaydılar ki, qəti addımlar atılacaq birbaşa çıxıb deyərdilər. Demək, buna tam əmin olmayıblar... 

Xəbər lenti