Biz dövlətimizi niyə qura bilmirik? - Azərbaycana klanlaşma, total korrupsiya, tayfabazlıq necə gəldi?

Biz dövlətimizi niyə qura bilmirik? - Azərbaycana klanlaşma, total korrupsiya, tayfabazlıq necə gəldi?
2-ci yazı: "Qızıl dövrün" sonu və klan hakimiyyəti necə yaradılırdı? (I hissə)
Stalinizmin ardınca gələn Sovet rejiminin Xruşov mülayimləşməsi dövrü Azərbaycana da təsirsiz ötüşməmişdi. Mircəfər Bağırovdan sonra Azərbaycan KP MK-nin birinci katibi olmuş İmam Mustafayevin başçılığı altında respublikanın yüksək partiya rəhbərliyi Azərbaycanda sürətli mülliləşmə siyasəti yürüdürdü.
Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin başına milli kadrlar gətirilirdi ki, bu da respublikada milli dilin, ədəbiyyatın, mədəniyyət və incəsənətin inkişafına, ən əsası isə milli elitanın yaradılmasına xidmət edirdi. İş o yerə çatmışdı ki, respublika Ali Soveti tərəfindən Azərbaycan SSR ərazisində fəaliyyət göstərən rus məktəblərində Azərbaycan dilinin tədrisini məcburi edən müvafiq qanun da qəbul edilmişdi. 
Həmin 15 ili Azərbaycanın sovet tarixinin "Qızıl dövrü" adlandırmaq olar. Bu dövrdə baş verənlər şübhəsiz ki, Moskvanın da nəzərindən yayınmırdı. Respublikaların kommunist partiyasında 2-ci katib vəzifəsi vardı ki, onu da adətən, rus millətindən olan Moskva emissarları tuturdu.
Azərbaycanda da belə idi və 1959-cu ildə bu vəzifəyə təyin olunan şəxs də təsadüfi seçilməmişdi. Vladimir Semiçastnıy bundan əvvəl Sov.İKP Mərkəzi Komitəsində ittifaq respublikalarının partiya orqanları ilə iş şöbəsinin müdiri olmuşdu. Bu təyinat Moskvanın Azərbaycandakı sürətli milliləşmədən narahat olduğuna işarə idi. Onun təyinatının məqsədi digər bir dəyişiklikdən aydın görünürdü: Semiçastnıy Bakıya göndəriləndən iki ay əvvəl İmam Mustafayev Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən kənarlaşdırılmışdı. Amma arxada qalan 5 ildə görülən işlər öz bəhrəsini yetərincə vermişdi: hətta Moskva da Azərbaycanda yaranmış siyasi reallıqla hesablaşmağa məcbur idi.
Reallıq isə bundan ibarət idi ki, Azərbaycanın partiya və dövlət orqanlarına milli kadrlar rəhbərlik edirdilər və elə buna görə də sovet lideri Nikita Xruşov Vəli Axundovun Azərbaycanın yeni partiya rəhbəri təyinatına mane ola bilməmişdi. Amma vəziyyətə nəzarət etmək üçün də yuxarıda qeyd etdiyim Semiçastnıy 2-ci katib göndərilmişdi.
Yeri gəlmişkən, o dövrdə Azərbaycanda baş verənlərin miqyasını və əhəmiyyətini tam anlamaq üçün Bakıya göndərilən emissar Semiçastnının təkcə əvvəlki yox, sonrakı təyinatı da maraqlı olmalıdır: cəmi iki ildən sonra (1961) o, nə az, nə çox SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) sədri təyin olunacaqdı. Kremldə gedən daxili çəkişmələr mərkəzin respublikalardakı siyasi vəziyyətə nəzarətini durmadan zəiflədirdi və bundan istifadə edən Azərbaycanın yeni partiya rəhbərliyi İmam Mustafayev dönəmində başlanan milliləşmə siyasətini davam etdirirdi. Bu siyasətin ardıcıl olaraq həyata keçirilməsində partiyanın şöbə müdiri, 1967-ci ildə müəmmalı şəkildə dünyasını dəyişən Şıxəli Qurbanovun da müstəsna xidmətləri olmuşdu. Paytaxt əhalisi arasında azərbaycanlıların milli çoxluğa çevrilməsi də həmin dövrə təsadüf edirdi.
Paralel olaraq, Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişafı da öz pik nöqtəsinə məhz həmin dövrdə çatmışdı. Amma Kremldə gedən saray çəkişmələrindən qalib çıxan "mühafizəkarların" hakimiyyətə gəlişi hər şeyi dəyişəcəkdi. Xüsusilə də Leonid Brejnevin hakimiyyətə gəlişindən bir müddət sonra baş verən dəyişikliklər. Belə ki, 1967-ci ilin mayında Yuriy Andropovun SSRİ DTK-nın rəhbəri olmasının həmən ardınca iyun ayında Azərbaycanda da gələcək dəyişikliklərin ilk qaranquşları görünməyə başladı.
Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) sədri təyin olundu. Cəmi 2 ildən sonra isə o, respublikanın kommunist rəhbəri olacaqdı və bununla da Sovet Azərbaycanının "Qızıl dövrü" klanlaşma, total korrupsiya, rüşvətxorluq, tayfabazlıq, saxtakarlıq və cəmiyyətdə mənəvi aşınma ilə əvəzlənəcəkdi...
Ardı var.

Xəbər lenti