Bir gəncin elektroşoka görə müəmmalı ölümü

Bir gəncin elektroşoka görə müəmmalı ölümü
Загрузка...
15 manat borca görə gənclər arasında baş verən kütləvi davanın qaranlıq məqamları hələ də üzə çıxmır. Davada olanlardan biri başından aldığı ağır xəsarətdən sonra xəstəxanada dünyasını dəyişib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1991-ci il təvəllüdlü Pənahov Səməd Pənah oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Səməd Pənahov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Əgər onun bu əməli məhkəmə istintaqı zamanı sübuta yetirilərsə, Səməd Pənahovu 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
İttihama görə, Səməd Pənahov tanışları Elman, İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə mərhum Röyal Xankişiyevlə görüşə gedib. Görüşün məqsədi Röyalın İlqara borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub. İlqar Röyaldan pulunu tələb edib və ala bilməyəndə dostlarını da çağıraraq Röyalla görüşə gedib. Məlum olub ki, İlqar Abdullayev Röyala 40 manata elektroşok satıb. Röyal 25 manatını ödəyib və qalan məbləği yaxın zamanda verə biləcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən tərəflər arasında söz-söhbət yaranıb. İlqar borcunu ödəyə bilməyən Röyala "sən tavandasan” deyə irad bildirib və dostlarını çağıraraq onunla görüşə gedib.
Məlumata görə, tərəflər arasında əlbəyaxa dava olan zaman Səməd Röyalı idman fəndi ilə yerə yıxıb. Bu zaman Röyalın başı asfalta çırpılıb və o, ağır xəsarət alıb. Bir neçə saat sonra isə dünyasını dəyişib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında şahid qismində Cabbar Babayev ifadə verib. Dəfələrlə çağırıldığı məhkəməyə gəlmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Cabbar Babayev ifadəsində bildirib ki, mərhum Röyal İlqara 15 manat pul borclu olub: "Mən Röyalla Avtovağzaldan bacısını gətirməyə getmişdik. Qayıdanda Röyal dedi ki, İlqarla görüşüb, pul verməlidir. Birlikdə getdik. Mən maşından düşmüşdüm. Onlar maşının arxasında söhbət etdilər. Sonra maşına qayıtdım, siqaret götürdüm. Elə nə oldusa, həmin vaxt oldu. 10 saniyədə bu hadisə baş verdi. Amma mən görmədim. Sonra Röyal maşına mindi və biz çıxıb getdik. Həmin vaxt nə söhbət oldusa, axırda barışdılar".
Suallara cavab verən Cabbar Babayev mərhum Royalda bıçaq olduğunu görmədiyini deyib. Həmçinin elektroşoka görə yaranmış borc məsələsindən də xəbərsiz olduğunu qeyd edib. Təqsirləndirilən Səməd Pənahov isə deyib ki, mərhum Röyal bıçağı maşına qoyub. Cabbar Babayev isə bunu gördüyünü deyib. Cabbar Babayevə sual verilib ki, həmin görüşdən sonra Röyalın səhhətində problem yaranıb-yaratmadığını müşahidə edibmi? Babayev bildirib ki, Röyalın vəziyyəti yaxşı olub və onu evə aparmasını istəyib: "Mən də aparıb onu evlərinə düşürdüm".
Səməd Pənahovun vəkili şahidin istintaqdakı ifadəsinin elan edilməsini istəyib. Məlum olub ki, Cabbar Bayramov istintaqa ifadəsində Röyalı qan içində gördüyünü, dava edən tərəfləri sakitləşdirdiyini deyibmiş. C.Bayramov bunu xatırlamadığını deyib.
S.Pənahovun vəkili məhkəməyə vəsatət verib. Bildirib ki, davanın baş verdiyi şahid ifadələri ilə təsdiqlənir. Həmin davada bir neçə nəfərin iştirak etdiyini deyən vəkil bildirib ki, istintaq işi qərəzli araşdırıb və digər şəxslər heç xuliqanlıq cinayəti ilə belə, məsuliyyətə cəlb edilməyib. Müdafiəçi həmçinin satışı qadağan olunan elektroşokun alış-satışını həyata keçirən şəxsin əməlinin də araşdırılmadığını deyib. Müdafiəçi işdə olan digər ziddiyyətlərin və qaranlıq məqamların araşdırılması üçün işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti müzakirə etmək üçün prosesi təxirə salıb.
Xatırladaq ki, bundan əvvəl ifadə verən şahidlər də məhkəmə və istintaqda fərqli ifadələr vermişdilər. Məhkəmədə o da məlum olub ki, bu işdə adı əsas şübhəli şəxs kimi keçən İlqar Abdullayev həbs edilibmiş. Daha sonra o, azadlığa buraxılıb və Səməd həbs edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti