Bərdə məhkəməsinin iclas katibi həbs olunub

Bərdə məhkəməsinin iclas katibi həbs olunub
Elcan Alışov vətəndaşları aldatmaqda təqsirləndirilir Bərdə rayon məhkəməsinin iclas katibi vəzifəsində işləmiş Elcan Alışov saxlanılıb. Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.
Bildirilir ki, Elcan Alışov qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş materiallar üzrə aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bildirilir ki, Elcan Alışovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən bir qrup rayon sakininin məhkəmə baxışı zamanı azadlığa buraxılacağı ilə bağlı yalan vədlər verərək, təqsirləndirilən şəxslərin qohumlarından 24 min manat məbləğində pul vəsaiti alıb. Məhkəmənin hökmü ilə sözügedən təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin edildikdən sonra isə onların cəzalarının bir hissəsini çəkərək şərti olaraq vaxtından əvvəl azadlığa buraxılacağı barədə vəd verməklə vətəndaşlardan əlavə olaraq 10 min manat məbləğində pul alıb.
Müəyyənləşib ki, bununla da, ümumilikdə 34 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaradıb. Elcan Əmir oğlu Alışov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti